Interposta.Info

"Azərbaycan hərbi təlimlər üçün qəsdən aprel ayını seçib" -

Gündəm
 21-04-2017, 14:45     1 023

Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu aprel ayının 16-dan etibarən 30 min hərbi qulluqçunun iştirakı ilə geniş miqyaslı hərbi təlimlərə başlayıb.

Təlimlər hər zaman olduğu kimi, cəbhə xəttində düşmənin ciddi narahatlığına səbəb olub.

Musavat.com erməni mətbuatına istinadən Ermənistan politoloqlarının bununla bağlı rəy və fikirlərini oxuculara çatdırır.
“Azərbaycanın hərbi təlimləri aprel hadisələrinin ildönümü, habelə Ermənistanın yeni “İsgəndər” raketləri və “Smerç” reaktiv yaylım atəş sisteminə malik olması ilə əlaqədardır”, - Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan belə düşünür.
O, Azərbaycan tərəfinin hərbi təlimlər üçün həmişə siyasi konyuktura və Qarabağ problemi ətrafında gedən danışıqları nəzərə alaraq vaxt seçdiyini söyləyib. Minasyanın sözlərinə görə, Azərbaycanın ümumi strategiyası Ermənistana təzyiq göstərib onu birtərəfli güzəştlərə məcbur etməkdir.

Erməni politoloq Azərbaycanın hələ ki, erməni tərəfini narahat edə biləcək yeni silah nümayiş etdirmədiyni qeyd edib.

Eyni zamanda erməni ekspert cəbhədə silahlanma və hərbi balansın nisbi cəhətdən bərabərləşdiyini iddia edib:

“Bu gün etibarilə erməni tərəfi operativ-taktiki raket komplekslərində, hava hücumundan müdafiə sistemlərində (bütün bu sistemlər əslində Rusiya ordusuna məxsusdur-red.), Azərbaycan isə aviasiya və pilotsuz təyyarələrdə üstündür”.

“Modus vivendi” mərkəzinin rəhbəri, politoloq Ara Papyan isə öz növbəsində Azərbaycanın hərbi təlimlərini həm aprel savaşları ilə, həm də qondarma “erməni genosidi”nin ildönümü ilə əlaqələnirib.

O, Azərbaycan tərəfinin geniş miqyaslı təlimlərdən münaqişə zonasında gərginliyi artırmaq, habelə erməni cəmiyyətində qorxu yaratmaq və psixoloji təsir göstərmək məqsədilə istifadə etdiyini söyləyib:

“Azərbaycan “sürünən müharibə” apararaq Ermənistanın resurslarını tükətməyə nail olmaq istəyir”.

Papyan Azərbaycan ordusunun silahları barədə erməni tərəfinin kifayət qədər məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, təlimlərdə əsas narahatedici gəlişmə Azərbaycan ordusunun hücum silahlarından, yəni ağır zirehli texnika və reaktiv qurğulardan istifadə etməsidir.
“Azərbaycan prezidenti dəfələrlə Qarabağ münaqişəsinin silah yolu ilə həll ediləcəyini bəyan edib. Bu gün Azərbaycan ordusunu həmin məqsədlə hazırlayırlar”, - Papyan əlavə edib.

“Azərbaycan ordusunun təlim üçün bu vaxtı seçməsi Ermənistanda keçən ilki hadisələrin təkrarlanacağı düşüncəsini təlqin etmək məqsədini daşıyır”, - Ermənistanın “Yeni müdafiə sifarişi. Strategiyalar” jurnalının şef redaktoru Leonid Nersisyan qeyd edib.

Nersisyan panika üçün əsas olmadığını söyləyərək Azərbaycan silahlı qüvvələrinin bu cür təlimlər keçirməsinin məntiqli olduğunu bildirib.
Buna rəğmən Nersisyan da hərbi təlimlərin planlaşdırılmasında bir sıra əlamətdar hadisələrin baş vermə vaxtlarının nəzərə alına biləcəyini, yəni əslində bunun altında siyasi məqsəd olduğunu dilə gətirib.

Ermənistanın razm.info hərbi xəbərlər portalının koordinatoru Karen Vrtanesyan istənilən hərbi təlimin, xüsusilə də genişmiqyaslı təlimlərin düşmənə psixoloji təsir göstərmək məqsədi daşıdığını söyləyib.

Vrtanesyan Azərbaycanın hərbi təlimlər üçün keçən ilki müharibənin baş verdiyi ayı qəsdən seçdiyini qeyd edib.

Ermənistan müdafiə nazirliyi isə həmişəki kimi Azərbaycanın öz ərazisində hərbi təlimlər keçirməsini beynəlxalq instansiyalara şikayət edib.

Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Azərbaycanın bu təlimlərlə “Qarşılıqlı inam və təhlükəsizlik” haqqında Vyana sənədinin müddəalarını pozduğunu iddia edib. Onun fikrincə, Azərbaycan hərbi təlimlərin miqyası barədə ATƏt üzləvrinə məlumat verməliymiş.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26