Interposta.Info

Ərdoğanın Baş müşaviri

Gündəm
 31-03-2017, 19:52     1 650

Azərbaycanın Ankaradakı Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat üzrə Baş müşaviri, keçmiş nazir Yalçın Topçu ilə görüşüb.
interposta.info
xəbər verir ki, “Ölkə.Az”-ın məlumatına görə, görüş zamanı N.Nəsibova Türkiyədə tibbi ixtisaslar üzrə təhsil alan 31 Azərbaycan vətəndaşının diplomlarının əldə edilməsində yaranan çətinliyin aradan qaldırılmasına göstərdiyi köməkliyə görə Yalçın Topçuya təşəkkür edib.

Eyni zamanda azərbaycanlı müşavir Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun təşəkkür məktubunu Ərdoğanın Baş müşavirinə çatdırıb.

Görüş zamanı Y.Topçu bildirib ki, Azərbaycan və Türkiyə xalqı əkiz qardaşlardır:

“Ulu öndər Heydər Əliyevin söylədiyi “bir millət, iki dövlət” məşhur deyimi bütün türklərə şamil edilir. Biz isə Azərbaycanla əkiz qardaşıq. Əgər qardaşlardan birinin əlinə tikan batsa, dərhal qəlbində hiss olunur. Bizim əkiz qardaşlığımız sona qədər davam edəcək. Bir neçə il öncə Azərbaycanın çox hörmətli Prezidenti İlham Əliyev beynəlxalq tədbirdə Ermənistan rəhbərinə çox layiqli cavab vermişdi. Demişdi ki, Türkiyə burasa olmasa da, mən buradayam və mənimlə danışın. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə daim bir yerdədir. Azərbaycanın hər bir məsələsində Türkiyə dövləti və xalqı var. Bu birlik sona qədər əbədi olaraq davam edəcək. Türkiyə və Azərbaycan hər zaman əl-ələ verib dünyada birgə addımlayacaq. Bu birliyin inkişafına verdiyi böyük töhfəyə görə cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı və birliyi!”.

Ərdoğanın Baş müşaviri türk birliyi ilə bağlı uşaqlıq arzularını da dilə gətirib:

“Uşaqlıq illərindən bəri türk millətlərinin bir araya gəlməsini istəmişəm. Təqribən 15-16 yaşım var idi, Zeynəb Xanlarovanın ifa etdiyi “Çırpınırdı Qara dəniz” mahnısını sevə-sevə dinləyib, Azərbaycanla bağlı yaxşı xəyallar qururdum. Mən hələ o zamanlardan bəri Azərbaycanın müstəqil dövlət olmasını arzu edirdim. Şükürlər olsun ki, xəyallarım gerçək oldu və Azərbaycan müstəqillik qazandı”.

Ermənistanın işğalçılıq siyasətinə də toxunan Y.Topçu Dağlıq Qarabağda işğala və zülmə tezliklə son qoyulmasını arzu etdiyini bildirib:

“Qarabağın tezliklə işğaldan azad olunmasını ürəkdən istəyirəm. İstəyirəm ki, Xocalıda soyqırımı və qətliam törədən müasir dövrün qatilləri beynəlxalq məhkəmə önünə çıxarılıb cəzalandırılsın, erməni terrorçuları tərəfindən 13 yaşında diri-diri dərisi soyulan və şəhid olan qarabağlı uşaqların intiqamı alınsın! Əminəm ki, bu günki güclü və müstəqil Azərbaycan dövləti işğal altında olan torpaqları da azad edəcək”.

Öz növbəsində çıxış edən Nəcibə Nəsibova dəyərli çıxışlarına görə Yalçın Topçuya təşəkkürünü bildirib:

“Cənab Yalçın Topçu, sizin bu qədər gözəl və səmimi fikirləriniz qarşısında bizim söz tapmağımız mümkün deyil. Siz Azərbaycana və xalqımıza çox böyük sevgi, xeyirxahlıq etmisiniz. Bu gün Türkiyədə Yalçın Topçu kimi qardaşımızın olmasından çox məmnunuq.

Türkiyədə təhsil alan tələbələrimizə göstərdiyiniz böyük diqqət və qayğıya görə çox təşəkkür edirəm. Sizin bu yaxşılığınızı Azərbaycan xalqı heç zaman unutmayacaq. Mən Türkiyədə təhsil alan 15 azərbaycanlı tələbənin və xalqımızın adından sizə böyük təşəkkür edirəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26