Nobel Sülh favoritlərinin adı açıqlandı - Siyahıda kimlər var?
Oktyabrın 11-də Nobel Sülh Mükafatının elan edilməsi ərəfəsində ekspertlər Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınları Agentliyi (UNRWA), Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Baş katibi Antonio Quterreş də daxil olmaqla bir neçə əsas favoritlərin adını çəkiblər.
Bu barədə "İnterPosta" "Reuters”ə istinadən xəbər verir.
Qəzza və Ukraynada müharibələrlə yadda qalan 2024-cü ildə komitə diqqətini silahlı münaqişələrdən zərər çəkmiş mülki şəxslərə kömək edən humanitar təşkilatlara yönəldə bilər.
Bukmeker kontorları həmçinin mümkün namizədlər kimi rusiyalı dissident Aleksey Navalnı və Ukrayna prezidenti Volodimir Zelenskinin adını çəkirdilər. Lakin qaydalara görə, fevral ayında koloniyada dünyasını dəyişən Navalnıya ölümündən sonra mükafat verilə bilməz və Ukraynada davam edən müharibə səbəbindən Zelenskinin şansları zəifdir.
Qlobal münaqişələr və humanitar böhranlar fonunda komitə diqqətini fələstinli qaçqınların dəstəklənməsində əsas rol oynayan UNRWA-ya yönəldə bilər. Bununla belə, təşkilatın bəzi işçilərinin 2023-cü ildə İsrailə qarşı hücumlarda iştirak etdiyinə dair iddialar nəzərə alındıqda, mükafatın təşkilata verilməsi mübahisəli ola bilər.
Bəzi ekspertlər hesab edir ki, Nobel Sülh Mükafatı beynəlxalq dünya nizamını möhkəmləndirmək səylərinə görə BMT-nin baş katibi Antonio Quterreşə verilə bilər. Mükafatın bu il verilməməsi də mümkündür. Tarixdə belə hal artıq 19 dəfə baş verib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26