Interposta.Info

“Rebuild Karabakh”ın hədəfi xarici şirkətlərin Qarabağın inkişafında iştirakını təmin etməkdir
 

Dünya
 17-10-2023, 14:21     19 867

Xəzər İnşaat Həftəsi çərçivəsində oktyabrın 19-21-də keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir və onun məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də bərpa proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.

“Report” xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Şöbəsinin müdiri Pərvin Bağırova Xəzər İnşaat Həftəsinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Rebuild Karabakh” sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə dəvət edir:

“Sərginin elə əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir”.
Xatırladaq ki, sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən, həm təşkil olunduğu ilk ildə, həm də 2022-ci ildə sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir və 2023-cü ildə də hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürüləcək”. “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil ediləcək.

Ötən il Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisində Qarabağ Dirçəliş Fonduna 20 min manat ianə edilib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26