Bundan sonra məmurlar qırğızca danışmağa məcbur olacaq - Prezident qanun imzaladı
Qırğızıstan prezidenti Sadır Japarov bütün dövlət qulluqçularının qırğız dilini bilməli olduğu qanunu imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası bildirib.
Söhbət deputatlardan, hərbi qulluqçulardan, hakimlərdən, prokurorlardan, vəkillərdən, notariuslardan, müəllim və alimlərdən, eləcə də Milli Bankın, təhsil ocaqlarının, səhiyyə müəssisələrinin əməkdaşlarından gedir.
Sənədə əsasən, qırğız dilinin dövlət dili kimi aşağıdakı sahələrdə istifadəsi məcburidir:
- dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, bütün mülkiyyət formalı müəssisə, idarə və təşkilatların fəaliyyətində;
- seçkilərin və referendumların hazırlanması və keçirilməsi prosesində;
- məhkəmə icraatında, Silahlı Qüvvələrdə, hüquq-mühafizə orqanlarında;
- beynəlxalq müqavilələrin bağlanması zamanı;
- normativ hüquqi aktların işlənib hazırlanmasında, işgüzarlıq və sənəd dövriyyəsində;
- coğrafi adlarda və toponimika obyektlərinin adlarında, adlarda;
- mal və xidmətlər haqqında məlumatda;
- notariat kontorlarının fəaliyyətində, sənədləşmə işlərində;
- təhsil, elm, mədəniyyət, kütləvi informasiya vasitələri, kitab nəşri, reklam, nəqliyyat sahələrində.
Bundan başqa, teleradio şirkətləri, o cümlədən özəl şirkətlər verilişlərin 60%-ni dövlət dilində hazırlamalı, saytların qırğız versiyalarında isə digər dillərdə olan versiyalardan az olmayan məlumatlar olmalıdır.
Qanun, həmçinin, birgə, xarici təşkilatların adlarının dövlət dilinə transliterasiya ilə tərtib edilməsini nəzərdə tutur.
Qırğız dilini bilməyən respublika sakinlərinin dövlət qulluğunda işləməsi məhdudlaşdırıla bilər.
Digər dillərə gəlincə, sənəddə qeyd olunur ki, Qırğızıstan öz ərazisində yaşayan bütün etnik qrupların nümayəndələri tərəfindən öz dillərində sərbəst istifadə prinsipinə riayət edir və onların inkişafı üçün şərait yaradılmasına təminat verir. Respublikada rus dili Konstitusiyada təsbit olunmuş rəsmi dil statusuna malikdir.
Qeyd edək ki, yazda Qırğızıstan parlamentinin deputatları milli əlifbanın kiril əlifbasından latın əlifbasına keçirilməsini təklif ediblər. Qanunvericilər qeyd ediblər ki, "kiril əlifbasında qırğız kökənli sözlər səhv yazılır”.
Təşəbbüsü Prezident yanında Dövlət Dili üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev dəstəkləyib. Bundan sonra Japarov latın əlifbasına keçmək barədə danışmağın tez olduğunu bildirərək, ona "ciddi irad” bildirib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26