Interposta.Info

Gürcüstan müxalifəti Moskvadan ilk uçuşa etiraz edəcək
 

Dünya
 16-05-2023, 18:46     198

Gürcüstan müxalifəti Moskvadan ilk uçuşa etiraz edəcək
Rusiya ilə hava əlaqəsinin bərpa olunduğu gün Gürcüstanda etiraz aksiyası keçiriləcək.

Qaynarinfo "Exo Kavkaza”ya istinadən xəbər verir ki, bu barədə "Droa” müxalifət hərəkatının lideri Elene Xoştariya bildirib.

O bildirib ki, hakim "Gürcü arzusu” partiyasının hərəkətləri gürcü xalqının milli maraqlarına xəyanətdir.

"Bütün sivil dünya deyir ki, "Azimut" aviaşirkətinin uçuşları qadağandır və Gürcüstan hökuməti bu aviaşirkətə "xoş gəlmisiniz, uçun" deyir. Bu təyyarə bizdə rahat yerə enə bilməyəcək. İlk uçuş zamanı bir yerdə dayanıb, gürcü cəmiyyətinin harada olduğunu göstərməliyik”, deyə o bildirib.

Xoştariya həmfikirlərini mayın 19-da Tiflis vaxtı ilə saat 12:00-da Birinci Respublika adına paytaxt meydanına toplaşmağa çağırıb, bundan sonra onlar kolon şəklində Tiflis Beynəlxalq Hava Limanına yollanacaqlar.

"Sərnişinlərə qarşı heç bir narazılığımız yoxdur, kimin və hara uçması bizim işimiz deyil, lakin biz Rusiyaya və bütün dünyaya göstərəcəyik ki, bu təyyarə alqışlarla qarşılanmır”, deyə Xoştariya bildirib.

Gürcüstan mətbuatının məlumatına görə, bu gün, mayın 16-da Tiflisdə Rusiya ilə hava əlaqəsinə qarşı iki etiraz aksiyası keçiriləcək. "Avropa Gürcüstanı” Partiyası "İvanişvili rejiminə Moskvaya birtərəfli bilet” şüarı ilə hökumət administrasiyası yaxınlığında toplaşır. Parlament binası yaxınlığında isə - "Biz Rusiya gəmisi ilə Aİ-yə daxil ola bilməyəcəyik” şüarı altında aksiya elan edilib.

İlkin məlumata görə, Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatı mayın 19-da bərpa olunacaq. Moskva-Tiflis-Moskva marşrutu üzrə ilk uçuşu "Azimut” Hava Yolları həyata keçirəcək. Mayın 20-dən Gürcüstanın Gürcüstan Hava Yolları tərəfindən Tiflis-Moskva-Tiflis marşrutu üzrə uçuşlar bərpa olunacaq.

Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib, eyni zamanda Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağaları da aradan qaldırıb.

Son iki gündə Gürcüstan iki aviaşirkətə Rusiyaya birbaşa uçuşlar həyata keçirməyə icazə verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26