Interposta.Info

Hələ də baş nazir olsaydım, Zelenski ilə görüşməzdim deyən Berluskoniyə cavab  

Dünya
 13-02-2023, 17:16     279

Hələ də baş nazir olsaydım, Zelenski ilə görüşməzdim deyən Berluskoniyə cavab
İtaliyanın Baş naziri Corciya Meloni keçmiş Baş nazir Silvio Berluskoninin Ukrayna prezidenti Volodimir Zelenski haqqında tənqidi açıqlamalarından sonra hökumətinin Ukraynaya "güclü” dəstəyini bir daha təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ansa məlumat yayıb.

Meloninin ofisi bazar günü bildirib ki, İtaliya hökuməti Ukraynanı "möhkəm və inamla” dəstəkləyir.

Aİ-nin Brüsseldə keçirilən sammiti çərçivəsində Meloni ilə Zelenskinin görüşünü şərh edən Berluskoni deyib ki, əgər o, hələ də baş nazir olsaydı, Zelenski ilə görüşməzdi.

86 yaşlı siyasətçi Lombardiyada keçirilən regional seçkilərdə səs verərkən əlavə edib ki, Zelenski Donbasda Ukraynanın şərqindəki iki bölgəyə "hücumu” dayandırsaydı, Rusiyanın Ukraynaya hücumu ümumiyyətlə baş verməzdi.

"Ona görə də mən bu centlmenin davranışını çox, çox mənfi qiymətləndirirəm", - Berluskoni davam edib.

1994-2011-ci illərdə üç dəfə İtaliyanın baş naziri olmuş və hazırda Meloni hökumətinin koalisiyasında təmsil olunan "İrəli, İtaliya” partiyasının lideri Berluskoni illərdir Rusiya prezidenti Vladimir Putini yaxşı dost adlandırır.

Xatırladaq ki, Silvio Berluskoni hesab edir ki, ABŞ Ukraynaya silah yardımını dayandırıb, əvəzində yalnız bərpa işində kömək təklif etsə, onunla danışıqlar apara bilər.

Bu, "İrəli, İtaliya!” liderinin Rusiyanın Ukraynaya təcavüzünə həsr etdiyi ilk qalmaqallı açıqlama deyil.

Parlament seçkiləri ərəfəsində "Rai” telekanalının efirində çıxış edən Berluskoni "Putini Ukraynaya qarşı müharibəyə Rusiya xalqı, partiyası, nazirləri sövq edib” deyib və işğalın məqsədinin guya Kiyevdə "ləyaqətli insanlar" hökuməti yaratmaq olduğunu bildirib.

Daha sonra İtaliya mediası Berluskoninin partiya yoldaşları ilə görüşünün audio yazısını dərc edib, burada o, Ukraynanı və onun prezidenti Volodimir Zelenskini müharibədə birbaşa ittiham edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26