Interposta.Info

İran rejiminin məkrli “hicab islahatı”: Qanunu pozanlara qarşı sərt cəzalar olacaq
 

Dünya
 10-01-2023, 17:15     315

İranda 22 yaşlı Məhsa Əminin ölümünə etiraz olaraq aksiyaların davam etməsi rəsmi Tehranın hicab məsələsinə yenidən baxmasına səbəb oldu.

"İnterPosta" xatırladır ki, hətta İranın ali rəhbəri Ayətullah-üzma Seyid Əli Xameneyi səviyyəsində bu məsələyə münasibət bildirildi. Xameneyi ilk dəfə olaraq bu mövzuda yumşaq mövqe sərgilədi. O, hicab taxmayan qadınların da müsəlman hesab ediləcəyini vurğuladı.

Bundan əvvəl isə məcburi hicab qanunun, eyni zamanda teokratik rejimin şəriətə istinad edərək tətbiq etdiyi əxlaq kodeksinin icrasına nəzarət edən əxlaq polisinin ləğvi barədə açıqlamalar verilmişdi.

Bütün bunlar rejimin etirazlar qarşısında geri çəkilərək müəyyən islahatlara gedəcəyi barədə rəy formalaşdırmışdı. Lakin teokratik rejimin mahiyyətinə bələd olan bəzi iranlı fəallar istər əxlaq polisinin ləğvi barədə açıqlamanı, istərsə də Xameneyinin hicab mövzusundakı fikirlərini hakimiyyətin manevri kimi qiymətləndirirdi. Hazırda ölkədə baş verənlər iranlı fəalların haqsız olmadığını göstərir.

Xameneyinin açıqlamasından az sonra daha iki gəncin edam olunması, ardınca üç nəfər barəsində ölüm hökmünün çıxarılması, Bəsic qüvvələrinin bu və ya digər şəkildə əxlaq polisi rolunda çıxış etməsi teokratik rejimin geri çəkilmək niyyətində olmadığı qənaətini yaradır.
Ətraflı
Hicab məsələsində gözlənilən yumşalmanın da aldadıcı olduğu üzə çıxıb.

İranın baş prokurorunun müavini Əbdül Səməd Xorammadi məcburi hicab qanunun pozulmasını cinayət adlandırıb. Baş prokurorun müavini buna qarşı qətiyyətli mübarizə aparılacağını söyləyib. Xorammadi bildirib ki, hicab qanunu pozanlar təkcə cərimələnməli deyil, sürgün edilməli, işlərindən kənarlaşdırılmalı, dövlət orqanlarından uzaqlaşdırılmalı, ölkədən çıxışları qadağan edilməli, onlara pulsuz dövlət xidmətlərinin göstərilməsindən imtina olunmalı, siyasi və ya ictimai təşkilatlara, qruplara üzvlükləri qadağan edilməli və s. bu kimi əlavə cəzalarla islah olunmalıdırlar.

Baş prokurorun müavini artıq bununla bağlı polisə tapşırıq verildiyini bəyan edib. Bu fakt əxlaq polisinin əslində ləğv edilmədiyini göstərir.
İranlı fəallar hesab edir ki, hakimiyyətin yenindən radikallaşması edamlarla əlaqəlidir. Teokratik rejim bununla qorxu xofunu bərpa etdiyini düşünür.

Fəalların fikrincə, yenidən məcburi hicab qanunun icrasına başlanılsa, aksiyalar daha da alovlanacaq. Çünki İran xalqı artıq rejimin tətbiq etdiyi qadağalardan cana doyub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26