Interposta.Info

Cənubi koreyalılar bir il cavanlaşacaqlar

Dünya
 9-12-2022, 09:44     166

Koreya Respublikasının Milli Assambleyası insan yaşının hesablanmasının ölkə üzrə ənənəvi sistemlərindən imtina edərək bütün hüquqi və inzibati sahələrdə beynəlxalq səviyyədə tanınmış sistemə keçmək üçün düzəlişlər paketini qəbul edib.

İndiyədək ölkədə üç yaşın hesablanması sistemindən istifadə olunub.

Koreya ənənəsinə görə, yeni doğulan uşaqlar artıq bir yaşlı hesab olunur. Eyni zamanda qəməri təqviminə görə, hər yeni ilin birinci günü insanın yaşına bir il daha əlavə edilir. Yəni, əgər uşaq 2022-ci il dekabrın 8-də doğulubsa, onun artıq bir yaşı var, yeni qəməri ilinin ilk günündə isə iki yaşı tamam olacaq.

İstifadə olunan ikinci ənənə, doğuş zamanı uşağın sıfır yaşında olduğunu, lakin hər il yanvarın 1-dən yaşına bir il əlavə edilməsini nəzərdə tutur. Bu sistem adətən siqaret çəkməyə və spirtli içki içməyə icazə verilən yaş həddinə çatmağa gəldikdə istifadə olunur.

Nəhayət, beynəlxalq sistem ölkədə doğulanda uşağın sıfır yaşının olmasını və hər il onun doğum günündə yaşına bir yaş əlavə edilməsini tələb edir.

Koreyalılardan sənədlər üçün müraciət edərkən tez-tez yaşlarını göstərmək üçün hansı sistemdən istifadə etdiklərini dəqiqləşdirmələri xahiş olunur. Mövcud vəziyyəti tənqid edənlər qeyd ediblər ki, eyni anda üç sistemin tətbiqi ilə əlaqədar vətəndaşlara müxtəlif xidmətlərin göstərilməsində çaşqınlıq yarana bilər və səhvlərin düzəldilməsi əlavə xərclərə səbəb olur.

Qəbul edilmiş yeni qanunda nəzərdə tutulur ki, 2023-cü ilin iyun ayından ölkədə rəsmi sənəd dövriyyəsində yalnız beynəlxalq sistemdən istifadə olunacaq./İnterfaks/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26