Interposta.Info

Rusiya çəkildi: Ukrayna Ordusu Xerson şəhərinə daxil oldu (FOTO)

Dünya / Manşet
 11-11-2022, 16:38     253

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, bütün qoşunları Xersonu tərk edərək heç bir itki vermədən Dnepr çayının sol sahilinə keçiblər.

Qaynarinfo "Pravda"ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın təbliğat nəşri "RİA Novosti"nin məlumatında deyilir.

"Dnepr çayının sol sahilinə köçürülmə zamanı sağ sahildə bir dənə də olsun hərbi texnika və silah qalmadı, bütün Rusiya hərbi qulluqçuları oradan çıxdı, Rusiya qruplarının texnika və materialları, şəxsi heyət, silah sarıdan itkisi olmadı”.

Xəbər verilir ki, rus işğalçılarının geri çəkilməsi noyabrın 11-i səhər saat 5-də başa çatıb.

Artıq Ukrayna Silahlı Qüvvələri Şumensk rayonu istiqamətindən Xerson şəhərinə daxil olub. Bu barədə "Unian" məlumat yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri həmçinin Xerson vilayətinin Belozerka, Çaykino və Klapaya yaşayış məntəqələrini də işğaldan azad edib.

Qeyd edək ki, Rusiya sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində "referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə, "referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi "referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı "Donetsk Xalq Respublikası”nın, "Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar. Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26