Interposta.Info

Rusiya Xersonda referendumu qəfildən təxirə saldı: "Tələsmirik”
 

Dünya
 5-09-2022, 17:17     227

Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukraynanın Xerson vilayəti Rusiya Federasiyasına birləşmək üçün referendum keçirməyə hazırdır, lakin hələlik təhlükəsizlik vəziyyəti ilə əlaqədar fasilə verir.

"İnterPosta" xəbər verir ki, bu barədə "Rossiya-1” telekanalına işğal olunmuş regionun "hərbi-mülki administrasiyası rəhbərinin müavini” adlandırılan Kirill Stremousov məlumat verib.

"Biz səsverməyə hazırlaşırdıq, yaxın vaxtlarda referendum keçirmək istəyirdik, lakin indi baş verən bütün hadisələrə görə hesab edirəm ki, hələlik fasilə verəcəyik. Bu, başa düşüləndir, çünki biz tələsmirik və əsas vəzifəni yerinə yetiririk - əhalini qidalandırmaq, əhalini qorumaq”, - TASS onun sözlərini sitat gətirib.

Stremousov həmçinin bildirib ki, Ukrayna Baş nazirinin müavini İrina Vereşukun təhdidləri referenduma mane olmayacaq. Bundan əvvəl Ukrayna rəsmisi işğal olunmuş ərazilərin sakinlərini referendumda iştiraka görə əmlakları müsadirə olunmaqla 12 ilədək həbs cəzası gözləyə biləcəyini açıqlamışdı.


"Fürsətdən istifadə edərək İrina Vereşuka çatdırmaq istərdim. İrina Vereşuk, sizin Xerson vilayəti ilə heç bir əlaqəniz yoxdur. Bu, azad edilmiş ərazidir və orada etdiyiniz hər şey, o cümlədən təhdidlər sadəcə mənasız bir qışqırıqdır ", - deyə Stremousov cavab verib.

Xatırladaq ki, avqustun sonundan Ukrayna Xerson yaxınlığında əks hücuma keçib. Ölkənin prezidenti Zelenski bazar günü axşam xalqa növbəti müraciətində Ukrayna silahlı qüvvələri tərəfindən cənubda və şərqdə bir neçə yaşayış məntəqəsinin və hakim yüksəkliklərin azad edildiyini bildirib.

Ukraynanın uğurlu əks-hücumunu Müharibə Tədqiqatı İnstitutu (ISW) da təsdiq edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26