Interposta.Info

ABŞ Ukraynanı müdafiə etmək üçün hərbi gəmilər göndərir (ŞƏRH)

Dünya
 9-04-2021, 11:35     505

"ABŞ Ukraynaya dəstək məqsədilə Qara dənizə hərbi gəmilər göndərməyi nəzərdən keçirir”.

"İnterPosta"xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli bildirib. Onun sözlərinə görə, 2014-cü ildən bəri ABŞ tez-tez Qara dənizə - Ukrayna və Gürcüstan limanlarına hərbi gəmi göndərir:

"İndi xəbərdən (CNN) belə anlaşılır ki, söhbət 1 ədəd gəmidən yox, gəmi qruplaşmasından gedir.

Montrö Konvensiyasına uyğun olaraq sahilyanı olmayan ölkələrin hərbi gəmiləri (müəyyən tonnajdan yuxarı olmamaq şərti ilə) Türkiyəni məlumatlandırmaq və onun icazəsini almaqla boğazlardan keçib, maksimum 21 gün dənizdə qala bilər. Lakin tutaq ki, eyni anda 10 gəminin daxil olub, 21 gün sonra sonra çıxması və dərhal onların başqa bir gəmi qrupu ilə əvəzlənməsi, bu yolla Montrö məhdudiyyətlərinin aşılması mümkündür.

Ümumiyyətlə, Türkiyənin burada geniş manevr imkanları və səlahiyyətləri var. Məsələn, ABŞ ağır tonnajlı gəmisini kağızda başqa bir gəmi kimi qeyd edib, Türkiyənin icazəsi ilə o gəmini dənizə daxil edə bilər. Lakin bu addım Türkiyə-Rusiya münasibətlərində ciddi problem yaratma riski daşıdığı üçün Ankaranın belə bir plana razılıq verməsi ehtimalı yüksək deyil. Məsələn, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu zamanı ABŞ-ın humanitar yardım (bəlkə də başqa yardım) daşıyan 2 böyük xəstəxana gəmisi ("USN Comfort" və "USN Mercy") boğazlardan keçib, Gürcüstana getmək istəsə də, Türkiyə hökuməti buna icazə verməmişdi.

ABŞ-ın qərarı Rusiyanın Ukrayna sərhədlərinə böyük sayda hərbi qüvvə cəmləşdirərək Kiyevi güc tətbiq etməklə hədələməsi ilə əlaqədardır. Bu gün Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, Ukrayna üzrə danışıqlarda ölkəsini təmsil edən Dmitri Kozakın verdiyi aqressiv bəyanat da bu qərara təsir etmiş ola bilər. Kozak bildirib ki, Donbasda Rusiya vətəndaşları yaşayır və Ukrayna onlara qarşı güc tətbiq etsə, bu, onun üçün sonun başlanğıcı olacaq.
Rusiya işğalçı siyasətinə legitimlik qazandırmaq üçün bu modeli çoxdan hazırlayıb və Gürcüstanda tətbiq edib: əvvəlcə separatçı ərazilərin sakinlərinə pasport paylayır, sonra mərkəzi hökumətin öz ərazi bütövlüyünü təmin etmək cəhdini "Rusiya vətəndaşlarına hücum" kimi qiymətləndirərək hərbi müdaxilə edir.

Bu gün Pentaqondan CNN-ə bildirilib ki, kəşfiyyat təyyarələri vasitəsilə Rusiya qoşunlarının hərəkətini müntəzəm izləyirlər və hələlik onların hücum hazırlığında olması müşahidə edilmir. "Əgər vəziyyət dəyişsə, reaksiya verməyə hazırıq”, - deyə Pentaqon nümayəndəsi söyləyib. Bu gün ABŞ-ın 2 ədəd B-1 strateji bombardmançısı Qara dəniz yaxınlığında, Egey üzərində uçuş keçirib”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26