Interposta.Info

9 dil bilən MKİ "agenti" uzun illər qadınları "toruna" salaraq necə müflis edib?

Dünya
 17-08-2020, 11:37     998

Peşəkar fırıldaqçı

Britaniyalı Meri Terner Tomson internetdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "agenti" ilə tanış olur və onunla evlənir. Yalnız 6 il sonra dəhşətli sirrin üstü açılır. Məlum olur ki, sevgidolu, qayğıkeş Uilyam əslində fırıldaqçı, çoxarvadlı və pedofil imiş...

HƏR ŞEY NEСƏ BAŞLADI?

"MediaPost" xəbər verir ki, 35 yaşlı Meri 2000-ci ilin noyabrında tanışlıq saytlarının birində Uilyam Allen Cordan adlı amerikalı ilə ünsiyyətə başlayır. Həmin vaxt Meri 9 aylıq körpəsini böyüdən tənha ana idi və yeni münasibətin həyəcanını yaşayırdı.
Ünsiyyətcil Uilyam qısa zamanda Merinin qəlbini ələ ala, söhbətləri ilə başını döndürə bilir. O, Meriyə əslən ABŞ-dan olduğunu, 8 ildir Britaniyada yaşadığını və vaxtının çox hissəsini Edinburqda keçirdiyini deyir. Həmçinin informasiya texnologiyaları sahəsində şəxsi şirkətinin olduğunu bildirir.

34 yaşlı amerikalı Meriyə komplimentlər yağdırır, onunla ruh əkizi olduqlarını, həyata baxışları və fikirlərinin tamamilə üst-üstə düşdüyünü deyirdi.

"Dərhal dedi ki, mənimlə yalnız ciddi münasibət qurmaq istəyir. Həmçinin təəssüflə bildirdi ki, keçirdiyi bir xəstəliyə görə uşaq sahibi ola bilməyəcək və bioloji ailəsinin olmayacağı fikri ilə barışıb", - deyə Meri xatırlayır.

İLK YALAN

Yeni sevgilisi Meriylə çox nəzakətli davranır, onun bütün seçimlərinə hörmət etdiyini deyirdi: "Gündə iki-üç dəfə elektron poçt vasitəsi ilə məktublaşırdıq. Söhbət etdikcə bir-birimizə daha çox bağlanırdıq. Mən hər ehtimala qarşı təmkinli olmağa çalışırdım ki, sonradan məyusluq yaşamayım. Hər şey o qədər təbii və gerçək görünürdü ki...".

İki həftə sonra cütlük ünsiyyəti telefonda davam etdirməyə qərar verir. Lakin Uilyam qəfildən yoxa çıxır. Meri dəfələrlə onunla əlaqə yaratmağa çalışsa da, heç bir cavab ala bilmir. İki gün sonra elektron poçt vasitəsilə Meriylə əlaqə saxlayan Uilyam yoxa çıxmağını İspaniyada iş səfərində olması ilə izah edir.

“Bu hərəkət məni özümdən çıxarmışdı. Ona belə davranışın yolverilməz olduğunu, ayrılmaq istədiyimi dedim. Dedi ki, hər dəqiqə məni düşünüb, mənsiz hər şey mənasız olub, sadəcə, dəhşətli dərəcədə məşğul olduğu üçün belə alınıb. Sonda əsəbim soyudu və razılaşdıq ki, axşam özü mənə zəng edəcək. O qədər qəzəbli idim ki, zəng edib-etməyəcəyi də əhəmiyyətli deyildi".

İLK GÖRÜŞ

Merinin dediyinə görə, telefon danışığı baş tutur və Uilyamla ünsiyyətlərini davam etdirirlər: "Telefonda bir daha ağlayaraq dedi ki, heç vaxt bioloji ata ola bilməyəcək, lakin ailə qurarsa, bu, onu çox xoşbəxt edəcək. Dedi ki, ata olmayacağını öyrənəndən sonra özünü bütünlüklə işinə həsr edib. Yalnız bir dəfə uzun sürən münasibəti olub, amma o da qarşı tərəfin uşaq istəməsindən sonra başa çatıb".

Dekabrın 1-də sevgililərin ilk görüşü olur. Bir neçə gün sonra Meri Uilyamı evinə nahara dəvət edir. Bundan sora tez-tez görüşməyə başlayır və getdikcə bir-birlərinə bağlanırlar: "Uilyam cəsarətli idi və əsl centlmen kimi davranırdı. İstedadı ilə ürəyimi fəth etmişdi. Doqquz dildə sərbəst danışır, informasiya texnologiyalarından yaxşı baş çıxarır, bir çox musiqi alətində ifa edirdi".

Sevgililər yalnız bir səbəbdən mübahisə edirdilər. Uilyam çox vaxt görüşə gecikir, bəzən bir neçə gün, bəzənsə həftələrlə yoxa çıxırdı. Lakin hər dəfə də Meri üçün inandırıcı bir əsas tapır, bir daha belə etməyəcəyinə söz verirdi. Yoxa çıxmalarını da əsasən iş səfərləri ilə izah edirdi.

Meri deyir ki, dekabrın sonlarında növbəti belə mübahisədən sonra Uilyam həm üzrxahlıq edir, həm də ona evlənmək təklifi edir: "Cəmi bir ay idi görüşürdük. Onu sevdiyimi bilirdim. Amma anlayırdım ki, insanı tanımaq üçün bir ay kifayət etmir. Düşünmək üçün vaxt istədim. Razı oldu, sadəcə, məndən nişan üzüyünü çıxartmamağımı istədi”.

Uilyam daim uzun ezamiyyətlərə yollanır, hətta ailəvi bayramlarda da evdə olmurdu. Onun işə bu qədər alüdə olması Merini hədsiz narahat etsə də, zamanla buna alışmışdı. Hər qayıdışında Merini kompliment yağışına tutur, xəyallarındakı qadının bütün keyfiyyətlərinin onda cəmləşdiyini deyirdi. Meriyə onu da demişdi ki, daim iş səfərlərində olduğu üçün şəxsi evi yoxdur. Bu vaxta qədər ya otellərdə qalıb, ya da qısa müddətə mənzil kirayələyib.

GİZLİNLƏR ORTAYA ÇIXIR

"Qəlbimin dərinliyində bu işdə qəribəlik olduğunu hiss edirdim. Uilyam telefon nömrəsini ayda bir neçə dəfə dəyişirdi. İçimdəki şübhələr böyüyürdü.Onun şirkəti haqda bilgitoplamaq üçün məlumat bazasına daxil oldum. Məlum oldu ki, Uilyam orada müdir yox, köməkçi işləyir. Şirkətin direktoru isə Culia Brinqherst adlı xanımdır".

Meri Culianın ünvanını tapır və onunla görüşə gedir. Xanımın evinə çatıb həyətdə Uilyamın avtomobilini və yerə səpələnmiş uşaq oyuncaqları görəndə heyrətdən donur. Evə qayıdaraq Uilyama zəng edir, onunla ciddi söhbət etmək istədiyini bildirir. Bir neçə saatdan sonra peyda olan Uilyam təmkinini pozmadan hər şeyin göründüyü kimi olmadığını deyir. Və mobil telefonunu götürüb başqa otaqda kiminləsə danışmağa başlayır.

Sonra Merinin yanına gələrək sakit tonda deyir ki, o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işləyir: "Dedi ki, onun şöbəsi İsrail və Fələstinlə bağlı məsələlərə nəzarət edir. Guya bir neçə il müxtəlif ölkələrdə, o cümlədən Yaponiya və Braziliyada işləyib, informasiya texnologiyaları ilə bağlı məsələlərə cavabdeh olub. Bir neçə saat mənə Mərkəzi Kəşfiyyat İdarəsindəki işlərindən danışdı. Rəhbəri olduğu şirkətin sistemlərə girmək və həssas məlumatları ələ keçirmək üçün sadəcə bir örtük olduğunu söylədi. Danışarkən zərrə qədər həyəcan keçirmirdi. Həmişə olduğu kimi, mənə sevgidolu baxırdı. Həqiqətən də bu vəzifəyə uyğun bir insan idi. Onun yalan danışacağına inana bilməzdim. Elə adama qətiyyən bənzəmirdi".

Söhbətin sonunda Uilyam Meridən heç kimə etibar etməməyi və diqqətli olmağı istəyir. Bu söhbətdən sonra münasibətləri bir az da yaxşılaşır. Artıq Meri Uilyamın tez-tez itməsini və ya gecikməsini böyük problem saymırdı. Əksinə, ona cinayətkarlarla mübarizə aparan və dünyadakı nizamı qoruyan bir supermen kimi baxırdı.

BAŞ TUTMAYAN İZDİVAС

2001-ci ilin may ayında Meri Uilyamın Mançesterdə böyük bir şirkətin İT departamentinin direktoru təyin olunduğunu öyrənir: "Bu səbəbdən çox vaxt bir-birimizdən uzaq qalırdıq. Həftəsonları görüşür və həftənin ən azı bir gününü birlikdə keçirirdik. Mənə söz vermişdi ki, çox tezliklə hər şey dəyişəcək. Gələcək üçün planlar qururdum. Artıq onun arvadı olmağa razılıq vermişdim".

Сütlük iyul ayına toy təyin edir. Lakin toydan bir ay əvvəl Meri hamilə olduğunu öyrənərək şoka düşür: "Çox qorxurdum ki, məni xəyanətdə günahlandıracaq. Axı uşaq sahibi ola bilməyəcəyinə əmin idi. Hər şeyi danışdım, əvvəl heyrətləndi, sonra sevindi. Məni sehrbaz və cadugər adlandırdı. Bir möcüzə baş verdiyini dedi".

Meri toy hazırlıqlarına başlayır. Gəlinlik sifariş edir, toy üçün məkan seçir və qonaqlara dəvətnamələr göndərir. Bu qaçaqaçda Uilyam yenə yoxa çıxır. İki həftə sonra Meriyə belə bir mesaj gəlir: "Nişanlın sağdır, fürsət yaranan kimi səninlə əlaqə saxlayacaq...".
Meri toyu ləğv etməli olur. Hamilə gəlin baş verənlərdən məyus olsa da, hamının yanında sevgilisini canfəşanlıqla müdafiə edir.

"QƏHRƏMAN"IN QAYIDIŞI

Uilyam 2001-ci ilin iyulundan 2002-ci ilin mayına qədər gözə dəymir. Meriyə İsrail kəşfiyyatı ilə işlədiyini, kamikadzelərin müəyyənləşdirilməsinə və zərərsizləşdirilməsinə kömək etdiyini deyir. Bu müddətdə Meriyə yalnız bir dəfə baş çəkir - 2001-ci ilin dekabrında. Həmin vaxt da onu inandırır ki, sınmış avadanlıqları dəyişdirmək üçün gəlib və ertəsi gün mütləq xidmətə qayıtmalıdır.

Meri Uilyamdan heç bir maddi dəstək almır, öz pulu ilə yaşamalı olurdu. Sevgilisi ona MKİ agentlərinin mütəmadi olaraq izlənildiyini və bu səbəbdən hesablarına girmək imkanlarının olmadığını demişdi: "Şükür ki, mən hələ də işləyirdim. Lakin analıq məzuniyyətinə necə çıxacağımı düşünürdüm. Sadəcə ümid edirdim ki, həmin vaxta qədər Uilyam evə qayıdacaq".

2002-ci ilin fevralında Merinin ikinci qızı Eylid dünyaya gəlir. Uilyam qızını yalnız 3 ay sonra görür. Qayıdanda Meriyə danışır ki, İsraillə Fələstin arasındakı hərbi münaqişə ilə bağlı qaynar nöqtələrə gedib: "Depressiyadan əziyyət çəkdiyini dedi və Mərkəzi Kəşfiyyat İdarəsinin hədəflərinə çatmamasından şikayətləndi. Dedi ki, ona yeni vəzifə təklif olunub - gizli məlumat toplamaq üsulları daxil olmaqla, bütün bildiklərini kiçik agentlərə ötürmək. Kəşfiyyatla birdəfəlik vidalaşmasını istəyəndə bu işdən ayrıla bilməyəcəyini bildirdi. Üstəlik dedi ki, yeni işdə ona xidməti avtomobil və kredit kartları verilməyəcək. Düzünü desəm, bu məni çox narahat etmirdi. Sadəcə nişanlımın və uşağımın atasının evə qayıtmasını istəyirdim".

26 oktyabr 2002-ci ildə cütlük nəhayət, evlənir. Çox keçmədən Uilyam bildirir ki, Mərkəzi Kəşfiyyat İdarəsi onu yeni bir tapşırıq üçün çağırır. Guya onlara Britaniyada işləyəcək təcrübəli sürücü lazımdır. Və bu sürücü lazım gələrsə, cangüdən kimi də fəaliyyət göstərə bilməlidir. Uilyam isə bu tələblərə uyğundur...

MALİYYƏ MAXİNASİYALARI

Elə həmin ilin sonunda Uilyam anasının xəstəxanaya düşdüyünü bildirir. Meriyə atasının borc içində olduğunu, müalicə xərcləri üçün 5 min funt sterlinqə ehtiyac duyduğunu deyir. Heç nədən şübhələnməyən Meri bu məbləğdə kredit götürür. Həmçinin əri üçün avtomobil kirayələyir. Uilyam Merini inandırır ki, bu avtomobil MKİ-nin daxili təhlükəsizlik siyasətinə görə lazımdır.

Uilyam idarədən 250 min funt sterlinq təzminat alacağını bəyan edir və tezliklə həyat yoldaşına bank hesabındakı pulu göstərir - 350 min funt sterlinq.

Cütlük ev almağa qərar verir. 2003-cü ilin əvvəlində Meri Edinburqda geniş bir mülk tapır. Sahibi evi 450 minə satdığını deyəndə Uilyam tərəddüdsüz təklifi qəbul edir. Lakin müqavilə bağlamaq və ödəniş etmək günü gələndə Uilyam yenidən yoxa çıxır.

Meriyə zəng edib pulun ABŞ-dan gəldiyini və köçürmə əməliyyatının gecikdiyini bildirir. Çarəsiz qalan Meri müqaviləni pozduğuna görə 17 min funt sterlinq cərimə ödəməli olur.

Uilyam iddia edir ki, Mərkəzi Kəşfiyyat İdarəsi ödənişi qəsdən gecikdirib. “Düşündüm ki, bütün bunlar onun idarədən getməsinin qarşısını almaq üçün edilir. Xüyrb vəzifəsini yerinə yetirmək və vətənə xidmət etmək əvəzinə, mənim və uşaqlarımın yanında olmağı üstün tutmuşdu", - deyə Meri özünə təsəlli verir.

Lakin bir tərəfdən də şübhlər onu rahat buraxmır: "Gecə-gündüz işləsə də, maaş almırdı. Məni qane edəcək aydın bir izahat verə bilmirdi. Borcum artdıqca, maddi vəziyyətimizin tezliklə dəyişəcəyini deyirdi".

2004-cü ilin iyul ayında Meri yenidən hamilə qalır. O, ikinci uşağın Uilyamı evə bağlayacağını düşünsə də, bu dəfə də xəyalları boşa çıxır: "Hamilə olarkən mənə dedi ki, bir nəfərə pul göndərməliyik. Əks halda, həmin adam uşaqlarımızı oğurlayacaq və öldürəcək. Dörd il idi ki, onun oyunlarında iştirak edirdim, hər şeyə qeyd-şərtsiz inanırdım. O dövrdə sahib olduğum hər şeyi, o cümlədən evimi və avtomobilimi satdım. Pulları ona verirdim. Şübhəli davranışlarına baxmayaraq, o, həmişə qayğıkeş bir ər və nümunəvi bir ata idi".

BÖYÜK İFŞA

Həqiqətlər 2005-ci ilin noyabrında - Uilyam həbs olunanda üzə çıxır. Uilyam hər şeyə inanan Meri üçün yenə bir hekayə uydurur. Həbsinin dostunun kredit kartı ilə bağlı yaranmış anlaşılmazlığa görə olduğunu deyir: "Dedi ki, narahat olmayım, MKİ-nin agenti olaraq onu həbsxanadan asanlıqla çıxara biləcək kod sözünü bilir".

Milad bayramından bir müddət əvvəl Uilyam yenidən yoxa çıxır və həyat yoldaşı ilə yalnız yanvar ayında əlaqə qurur: "Dedi ki, polisdən zəng edib məni çoxarvadlılığa görə saxladıqlarını deyəcəklər, amma sən inanmazsan. Guya MKİ-nin Britaniya ilə bağlı bir tapşırığını yerinə yetirərkən Сulia adlı bir qadın onun arvadı roluna girməli olub. Əslində, isə o qadını tanımır".
Uilyam bir dəfə də pedofiliyada ittiham olunur. Lakin o bununla da bağlı yalan uydurur. Meriyə deyir ki, bu ittiham MKİ tərəfindən uydurulub, onu həbsxanaya oradakı həqiqi cinayətkarı sorğu-sual edə bilməsi üçün göndərirlər. Lakin sonralar Meri öyrənir ki, əri həqiqətən də azyaşlı bir qıza təcavüz edib və 4 il həbsdə qalıb.

Uilyamın ağlasığmaz hekayələrinə rəğmən, Meri ona inanırdı. Ta ki 2006-cı ilin aprel ayında Uilyamın "saxta arvadı" Сulia onun gözünü açana qədər: "Şok oldum. Heç vaxt belə şey yaşamamışdım. Bütün duyğular saxta, bütün bildiklərim uydurma imiş. Amma o qadının həqiqətləri söylədiyini bilirdim".

Сulia Meriyə Uilyamla 16 ildir evli olduğunu və bu nikahdan 5 uşaqlarının dünyaya gəldiyini bildirib.

6 QADIN, 13 UŞAQ...

Sonralar üzə çıxır ki, Uilyamın 6 qadından ən az 13 uşağı var. Meriyə iş səfərlərinə getdiyini deyəndə isə yeni qadınlarla tanış olurmuş.
Meri və Culianın şikayətləri ilə Uilyam 2006-cı ildə çoxarvadlılıq, fırıldaqçılıq və qanunsuz odlu silah saxlama maddələri üzrə təqsirli bilinərək 5 il həbs cəzasına məhkum edilir. 2,5 il Britaniya həbsxanasında qalandan sonra ABŞ-a deportasiya olunur.

Azadlığa çıxan kimi Uilyam özünə yeni qurban tapır - Mişel Luis. Mişeli Böyük Britaniya Müdafiə Nazirliyinin casusu olduğuna inanandıran Uilyam bu dəfə çox uzağa gedə bilmir. Mişel onun dələduz və keçmiş məhkum olduğunu öyrənir. Yeni dəlillərlə polisə müraciət edən Mişel Uilyamın 3 il həbs cəzası almasına nail olur.

Meri isə hələ də başa düşmür ki, təhsilli və özünü təmin edən bir qadın olaraq Uilyamın yalanlarına, casuslar haqqında hekayələrinə necə inanıb və belə fırıldaqçıya son qəpiyini necə verib. Meri Uilyamın çox sayda qadına zərər verdiyinə əmindir: "Lakin bu və ya digər səbəbdən onlar öz hekayələrini danışmaq istəmirlər. Bizim hamımızı bir şey birləşdirir - qayğıkeş tənha ana. Hamımızın böyük bir ürəyi var və başqalarının naminə özümüzü qurban verməyə hazırıq. O, bizi təsadüfən seçməmişdi...".
Tərсümə "MediaPost"a məxsusdur

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26