Interposta.Info

Vatikanda növbəti skandal: Keçmiş Roma papası yüksək vəzifəli kardinalın iyrənc cinayətlərini gizlədib

Dünya
 31-10-2019, 08:47     10 381

Keçmiş Roma papası XVI Benediktin 8 illik hakimiyyəti dövründə katolik kilsə mənsublarının bir sıra cinayəltərinin üstü örtülüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetində məlumat yayılıb. Qəzetin informasiyasına əsasən, pontifik və onun şəxsi katibi Georq Gensvayn bəzi ruhanilərin seksual xarakterli pozğunluqları barədə xəbərləri olduğu halda faktları gizlədiblər.

Məqalədə bununla bağlı adı çəkilən şəxslərə irəli sürülən ittihamların konfidensial xarakterli elektron məktub və sənədlər əsasında doğru çıxdığı qeyd olunur. Qalmaqalın mərkəzində isə XVI Benediktin hökmranlıq dövründə Vatikanda dövlət katibliyinə bölmələrdən birinə rəhbərlik edən alman əsilli bir prelat (katolik dünyasında yüksək vəzifəli din xadimi-kardinal və ya arxiyepiskop da ola bilər) dayanır.

“Bild”in iddiasına görə, həmin adam Vatikanda digər keşişlərə seksual xarakterli sataşmalar və təcavüz hərəkətləri həyata keçirib.

Məqalənin müəllifi Nikolaus Harbuş bununla bağlı Papanın şəxsi katibinə dəfələrlə yazı göndərilməsinə rəğmən konkret tədbir görülmədiyni yazıb. Ümumiyyətlə, papalıq kilsə xadimlərinin cinayətləri barədə ictimaiyyətə informasiya sızıntısı məsələsində həvəsli görünməyib. Lakin məsələ artıq prokurorluğun masasının üzərindədir və burada ortaya çıxan dəhşətli və iyrənc faktlar diqqəti cəlb edir. Belə ki, həmin prelatın Vatikanda homoseksual xarakterli hərəkətlər nümayiş etdirdiyi yazılan izahatlarda ətraflı təsvir olunub.

Burada XVI Benediktin katibi Georq Gensvaynın 7 il boyunca həmin hadisələr barədə məlumat aldığı da bildirilir.

Məsələn, 2012-ci ilin dekabrında zərərçəkən keşişlərdən birinin ona yazdığı məktubda prelatın açıq homoseksual olduğu və başqalarına sataşdığı deyilir. Eyni məzmunlu məktub 2013-cü ilin yanvarında bir daha Georq Gensvayna çatdırılır. Lakin yenə də Papa katibindən heç bir reaksiya gəlmir.

Zərərçəkən keşişin vəkili Aleksandr Stefens “Bİld”in sorğusuna cavab olaraq burada təkcə seksual xarakterli cinayətlərdən söhbət getmədiyin vurğulayıb. Vəkil Stefens həmçinin səlahiyyətlərdən sui-istifadə edərək sistematik olaraq ədalətə mane olma, aşağı vəzifəli şəxslərin qorxudulması kimi hüquqi faktların yer aldığını söyləyib.

Qəzet Vatikan kimi bir yerdə belə bir cinayətin uzun müddət açılmamasının səbəbini araşdırıb. Məlum olub ki, 2005-ci ildə həmin prelat alman əsilli kardinal Yozef Ratsingerin (XVI Benediktin) Roma papası seçilməsinə kömək göstəribmiş. O dövrdə keçirilən seçkilərdə Yozef Ratsinger argentinalı kardinal Xorxe Verqolyoya, yəni hazırkı papa I Fransiskə qalib gəlməyi bacarıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26