Interposta.Info

Çində xüsusi amnistiya elan olundu

Dünya
 30-06-2019, 08:38     10 299

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ÇXR-in yaranmasının 70-ci ildönümü ilə əlaqədar xüsusi amnistiya aktı imzalayıb.

Amnistiya aktı doqquz kateqoriya üzrə məhkumlara şamil olunacaq. Buraya yapon istilasına qarşı müqavimət hərəkatında və azadlıq mübarizəsində iştirak etmiş şəxslər, ÇXR-in yaranmasından sonrakı dövrlərdə ölkənin ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin təmin olunmasında iştirak edənlər, ölkə həyatının müxtəlif sahələrində iri layihələrin icrasında iştirak edərək, xüsusi mükafatlara və fəxri adlara layiq görülənlər, hərbi xidmət dövründə yüksək mükafatlara layiq görülənlər, xüsusi hallarda müdafiə məqsədi ilə törətdiyi cinayət əməllərinə görə 3 ildən az həbs cəzasına məhkum edilənlər, yaşı 75-dən yuxarı olan xəstələr, cinayət törədərkən yaşı 18-dən aşağı olan və 3 ildən az həbs cəzası alanlar, boşanmış, himayəsində azyaşlı, xəstə uşaq olan, 3 ildən az həbs cəzası verilmiş qadın məhkumlar və digər xüsusi kateqoriyaya aid məhkumlar aiddir.

Bildirilir ki, göstərilən kateqoriyalara aid olan, lakin oğurluq, rüşvət, hərbi xidmət qaydalarını pozma, qəsdən adam öldürmə, zorlama, soyğunçuluq, adam oğurluğu, yanğın və partlayış törətmə, mütəşəkkil cinayət əməlləri, quldurluq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olma, dövlət təhlükəsizliyinə ziyan vurma və bəzi digər hallar üzrə cinayət məsuliyyətinə cəlb olunanlara, əfv olunduqdan sonra yenidən cinayət törədənlərə amnistiya tətbiq olunmayacaq./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26