Interposta.Info

Üsəma bin Ladenin öldürülməsindən 8 il sonra əl-Qaidə nə vəziyyətdədir?

Dünya
 10-05-2019, 11:32     10 293

Əl-Qaidə qurucusu Üsəma bin Ladenin Pakistanın Abbotabad şəhərində ABŞ qüvvələri tərəfindən öldürülməsinin üstündən səkkiz il keçir.
Ladenin rəhbərlik etdiyi əl-Qaidə qrupunun bir zamanlar minlərlə silahlısı var idi və o, dünyanın ən təhlükəli cihadçı təşkilatı sayılırdı.

Eyni zamanda bu qrupun önəmli maliyyə qaynaqlarına sahib olduğu güman edilirdi.

Lakin Üsəma bin Ladenin öldürülməsi və özünü İslam Dövləti adlandıran (İD-İŞİD) qruplaşmanın ortaya çıxmasıyla, əl-Qaidənin gücü və nüfuzu nəzərə çarpan dərəcədə azaldı.

Görəsən, təşkilat nə dərəcədə nüfuzludur və qlobal təhlükəsizliyə necə bir təhlükə təşkil edir?

Son illərdə xəbər başlıqlarında İŞİD-in adı çəkilib, əl-Qaidə isə səssizcə özünü yenidən bərpa edib və bölgədəki qruplarla ittifaqları gücləndirmək strategiyasını həyata keçirib.

ABŞ Milli Kəşfiyyatının son hesabatında deyilir ki, yüksək rütbəli əl-Qaidə liderləri "şəbəkə komandalığının qlobal strukturunu gücləndirir, Qərb və ABŞ hədəflərinə qarşı hücumların təşviqini" davam etdirir.

Bu yaxınlarda BMT-nin yaydığı bir hesabatda isə qeyd olunub ki, "əl-Qaidənin ambisiyaları və dözümlüyü artıb və təşkilat öz qlobal təsirini artırmaq niyyətindədir".

İngiltərə kəşfiyyatının başçısı Alex Young da əl-Qaidənin özünü bərpa etməsi barədə xəbərdarlıq etmişdi.

Şəbəkə
Qrupun liderlərinə qarşı ABŞ qüvvələrinin dron hücumları, onların öldürülməsi və İŞİD-in ortaya çıxması əl-Qaidəni yeni taktikanın istifadəsinə məcbur edib.

Əl-Qaidə Afrika, Yaxın Şərq və Cənubi Asiyada şöbələrini yaratdı.

Əl-Qaidə ilə əlaqəli olan əş-Şəbab qrupu Somalidə partlayışlarla müşayiət olunan hücumlar həyata keçirir
Həmin şöbələr yerli icmalar daxilində əl-Qaidəyə sadiqlik andı verən silahlı qruplar tərəfindən yaradılıb.

İŞİD-dən fərqli olaraq əl-Qaidə yerli icmaları özündən uzaqlaşdırmamağa və onlara qarşı diqqətli olmağa çalışır.

Əl-Qaidənin yeni strategiyası o cümlədən, yerli icmalarla ittifaq qurmaq və onların inkişafına dair layihələrdə iştirak etməkdən ibarətdir.

Əl-Qaidənin 2013-cü ildə yayımladığı "Cihad üçün Ümumi Qaydalar" qrupun daxilində əhəmiyyətli islahatlara start verib.

Bu təlimatda silahlılara "kütlələrin üsyanına" gətirib çıxara bilən davranışdan çəkinmək məsləhət görülüb.

Oxford Universitetindən doktor Elisabeth Kendall qeyd edir ki, "əl-Qaidə korrupsiya və marginallaşma kimi yerli problemlərlə mübarizəyə qoşulub, onları özünün cihad gündəminə salıb və bu cür fəaliyyətdə ustalaşıb".

"Onlar özlərini xilaskar kimi qələmə verirlər və İŞİD üzvlərindən fərqli olaraq "yaxşı cihadçılar" olduqlarını göstərmək istəyirlər", - Elisabeth Kendall deyir.

Əl-Qaidə ardıcıl olaraq şöbələri vasitəsilə hücumlarını artırır.

Qərb mənbələrinə əsasən, 2018-ci ildə əl-Qidə dünya boyu ümumilikdə 316 hücum həyata keçirib.

Əl-Qaidənin şöbələri

İslam Məğribində əl-Qaidə, 2006-cı ildə Əlcəzairdə fəaliyyət göstərən bu cihadçı qrup əl-Qaidəyə qoşulandan sonra yaradılıb. Əlcəzair qüvvələrinin əməliyyatından sonra Sahel və Qərbi Afrika bölgəsinə köçüb.
Ərəb yarımadasında əl-Qaidə 2009-cu ildə Yəmən və Səudiyyə Ərəbistandakı iki yerli cihadçı şöbənin birləşməsi nəticəsində yaranıb.
Hindistan yarımadasında əl-Qaidə 2014-cü ildə qurulub və Əfqanıstan, Pakistan, Hindistan, Myanma və Banqladeşdə fəaliyyət göstərir.
İslam və Müsəlman Nusra Cəmiyyəti Mali və Qərbi Afrikada fəaliyyət göstərən bir neçə silahlı qrupun birləşməsi nəticəsində yaranan və əl-Qaidə ilə bağlı olan qrup.
Əş-Şəbab, Somali ve Cənubi Afrikada fəallıq göstərir və 2012-ci ildə əl-Qaidəyə sadiqliyini bildirib.
Həyat Təhrir əş-Şam, Suriyada bəzi silahlı qrupların birləşməi nəticəsində qurulub və BMT-yə görə, əl-Qaidə ilə bağlıdır. Bu qrup hazırda Suriyanın cənubunda İdlib bölgəsinə nəzarət edir.
Misirdə əl-Qaidə, Sinay yarımadasında fəaliyyət göstərən qrupların birləşməsi nəticəsində yaranıb.
Gələcək liderləri kimlər olacaq?

Əl-Qaidənin hazırki lideri Əyman əz-Zəvahiri, 2015-ci ildəki çıxışlarının birində təqdim etdiyi gənci "yuvadan çıxan bir aslanı" təsvir edib.

Həmin "aslan" bir çoxlarının gələcək əl-Qaidə lideri saydığı Həmzə bin Ladendir - Osama bin Ladenin oğullarından biri.

ABŞ Həmzə bin Ladeni rəsmən "qlobal terrorçu" kimi tanıyıb və onun yeri barədə məlumat verənlərə 1 milyon dollaradək mükafat vəd edib.

ABŞ XİN-in "axtarılır" başlıqlı elanı
ABŞ XİN-in "axtarılır" başlıqlı elanında göstərilmiş Həmzə bin Ladenin harada olduğu bilinmir
30 yaşında olan Həmzə Bin Laden, əl-Qaidəni dəstəkləyən vebsaytlarda bu təşkilatın gələcək lideri kimi göstərilib.

Həmzə Bin Laden son illərdə atasının intiqamının alınması üçün tərəfdarlarını ABŞ və Qərb hədəflərinə hücum etməyə çağıran müraciətlər yayıb.

Londondakı Chatham House təhlil mərkəzinin Yaxın Şərq və Şimali Afrika bölümünün rəhbəri Lina Khatib hesab edir ki, "IŞİD xilafətinin sonu əl-Qaidə şəbəkələrini daha ölçülüb-biçilmiş strategiya yürütməyə sövq edib".

"Əl-Qaidənin hazırda strateji bir liderə daha çox ehtiyacı var. Bu isə Həmzə bin Ladenə əl-Qaydə lideri kimi atasını əvəzləməkdə dəstək qazanmağa kömək edir", - Lina Khatib qeyd edib (BBC).

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26