Interposta.Info

Bağdadinin varisi türkmən Qardaş oldu

Dünya
 29-10-2019, 09:06     10 355

İŞİD lideri Usma bin Ladenin taleyini yaşadı
ABŞ hökuməti İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin öldürüldüyünü elan edib. Bu, İŞİD liderinin sayca 6-cı ölüm xəbəridir. Lakin belə görünür ki, bu dəfə xəbərlər daha ciddidir. Ancaq son illərin “təcrübəsi” hələ tələsməməyi məsləhət görür. Bu səbəbdən də Rusiya və bir sıra ölkələr bu xəbərə şübhə ilə yanaşır.

Əbubəkr əl-Bağdadinin öldürülməsi əməliyyatı 8 il əvvəl 2011-ci ildə Pakistanda «Əl-Qaidə» lideri Usama bin Ladenin öldürülməsi əməliyyatına bənzəyib. ABŞ ordusuna məxsus hərbi vertolyotlar və iki dron şənbə günü saat gecə 11 radələrində Suriyanın şimalında Türkiyə sərhədinə yaxın Barişa kəndində bir binaya hücum edib. Əvvəlcə vertolyotlar yerdən atəşə tutulub və saat yarımlıq atışmadan sonra geri çəkilib və bundan sonra ikinci hücum baş verib. Bu dəfə vertolyotlar desant atıb, təxminən 2 saat yarımlıq atışmadan sonra hərbi qüvvələr ərazini tərk edib. Əməliyyata ABŞ hərbi donanması da dəstək verib. Ehtimal olunur ki, ABŞ xüsusi təyinatlıları ilə atışma zamanı Bağdadi özünü partladıb. Daha sonra hadisə yerinə gedən media nümayəndələri atışma yerindən bir neçə cəsədlə qarşılaşıb. Bağdadinin cəsədinin aparıldığı güman olunur.

Məlumatlara əsasən, Bağdadini onun köməkçilərindən biri ələ verib. Əl-Bağdadinin dəqiq yerinin məlum edilməsi ABŞ, Türkiyə və İraq kəşfiyyatçılarının birgə əməliyyatı zamanı üzə çıxıb. Onlar bir neçə terrorçunu saxlayaraq, Suriyada əl-Bağdadinin yerini müəyyən ediblər.

Daha sonra məlum olub ki, İŞİD rəhbəri İdlibin rayonlarından birində ailəsi ilə birlikdə gizlənir. İdlibdəki bazarlardan birində İraq xüsusi xidmət orqanları İsmayıl əl-Etavini izləyib. Əl-Etavi dronlar və peyk vasitəsilə izlənib və Türkiyə kəşfiyyatçıları tərəfindən tutularaq İraq tərəfinə verilib. Bundan sonra o, İŞİD rəhbərinin yerini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə ABŞ tərəfinin İŞİD rəhbərinin öldürülməsi ilə bağlı sübutunun olmadığını açıqlayıb. Lakin amerikalılar əmindir ki, əməliyyat zamanı öldürülən İŞİD liderinin özüdür. Artıq Bağdadinin cəsədinin qalıqlarının dənizə atılacağı barədə məlumatlar yayılıb.

İŞİD liderinin məhvi əməliyyatı 8 il əvvəl «Əl-Qaidə» liderinin öldürülməsi əməliyyatına bənzədilib. ABŞ prezidenti Donald Trampın oktyabrın 27-də Ağ Evdə verdiyi açıqlamaya əsasən, Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb. Daha sonra yayılna fotolardan görünür ki, 8 il əvvəl Pakistanın Abbotabat şəhərində olduğu kimi, bu dəfə də əməliyyatı ABŞ prezidenti və digər dövlət və ordu rəhbərləri canlı yayında izləyib.

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atılacaq. Daha əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn da bildirib ki, “Əl-Qaidə” terror təşkilatının lideri Usamə bin Ladenin meyitinin qalıqları kimi İŞİD liderinin də meyitinin qalıqları dənizə atıla bilər.

Artıq İŞİD liderinin varisi də məlumdur. Mediada yayılan məlumatlara əsasən terror təşkilatının yeni lideri türkmən əsilli Abdullah Qardaş olacaq. xatırladaq ki, sentyabrın əvvəlində Qərb mediası İŞİD liderinin varisi kimi Qardaşın adını çəkmişdi.

Türkmən əsilli Abdullah Qardaş 1976-cı ildə İraqın Mosul vilayətində bağlı türkmən şəhəri olan Telaferdə dünyaya gəlib. Əsl adı Əmir Məhəmməd Səid əl-Mövladır. Qardaş Mosul Universitetində ilahiyyat təhsili alıb. Din dərsləri deyib. Bu səbəbdən də “ustaz”, yəni ərəbcə müəllim kimi ləqəbi alıb. Daha sonra İraqda qurulan “Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2000-ci illərin əvvəllərində İŞİD-in gələcək lideri ilə həbsxanada tanış olub. Onun atasının Mosul məscidlərindən birinin imamı olduğu bildirilir.

“Əl Qaidə” terror təşkilatında fəaliyyət göstərmiş Qardaş sonralar İŞİD lideri Bağdadinin müavini Əbu Əlaa əl-Əfrinin adamı olub. İŞİD 2014-cü ildə İraqın Mosul şəhərini ələ keçirəndə Bağdadini təbrik edən ilk şəxs məhz Qardaş olub. 2016-cı ildə əl-Əfri həlak olduqdan sonra Abdulla Qardaş İŞİD liderinin “sağ əli”nə çevrilib.

İraq kəşfiyyatının rəsmiləri Qardaşı amansız terrorçu kimi xarakterizə edirlər. Eyni zamanda o da iddia olunur ki, bəzi İŞİD liderləri Qardaşı qorxaq, döyüş meydanından qaçan adam adlandırır. Ancaq ərəb mətbuatı Qardaşı küçə müharibələrinin əsas komandirlərindən biri adlandırır.

ABŞ hökuməti Abdullah Qardaşın ələ keçirilməsi üçün lazımi informasiyanı verəcək şəxsə 5 milyon dollar mükafat təyin edib. Abdullah Qardaş terrorçu fəaliyyətləri, eləcə də İraqda yezidi kürdlərə qarşı qətliamlara haqq qazandırmaq, İraq və Suriya bir sıra terror aktlarına rəhbərlik etməkdə ittiham edir.

Qeyd edək ki, «Əl-Qaidə» lideri Usamə bin Laden 8 il əvvəl məhz ABŞ-da prezident seçkilərinə bir il qalmış xüsusi əməliyyatla öldürülüb. Maraqlıdır ki, həmin vaxt hazırkı prezident Tramp o zamankı dövlət başçısı Obamanı bu əməliyyatdan siyasi xal qazanmaqda ittiham edib. İndi isə məhz seçkilərə bir il qalmış eyni formada İŞİD lideri öldürüldü. Bu isə mediada bu əməliyyatın seçkilərə hesablanması ilə iddialara yol açıb.

Lakin istənilən halda bu cür terror təşkilatı liderlərinin öldürülməsi onların fəaliyyətinə və ən əsası nüfuzuna ciddi zərbə vurur. Doğrudur, bin Ladendən sonra «Əl-Qaidə» yoxa çıxmasa da, xeyli dərəcədə zəiflədi. Hətta həmin il ərəb coğrafiyasında başlayan terror müharibələri zamanı belə «Əl-Qaidə» əvvəlki aparıcı rolunu qoruyub saxlamaya bilmədi. Baxmayaraq ki, Suriyada çox ciddi təşkilata malik idi. Bu mənada əl-Bağdadinin ölümü heç şübhəsiz ki, İŞİD-i də zəiflədə, hətta parçalanmasına gətirə bilər. Lakin qruplaşmanın tamamilə yox olması mənasına gəlmir. İŞİD mövcudluğunu zəif də olsa qoruyub saxlayacaq./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26