Interposta.Info

İŞİD yenidən dirilir

Dünya
 5-07-2018, 10:10     10 432

Terror təşkilatının fəallaşması kimə və nə üçün lazımdır?
İŞİD lideri Əbubəkr əl-Bağdadinin oğlu Suriyada öldürülüb. Bu barədə ilk xəbəri "Röyters" agentliyi yayıb. Məlumatda bildirilir ki, İŞİD liderinin oğlu Hudeyfa əl-Bədri Suriyanın Hums şəhəri yaxınlığında bir elektrik stansiyasında öldürülüb.

Artıq məlumatı İŞİD özü də təsdiqləyib. Qruplaşmanın media şəbəkəsi əl-Bədrinin “Humsda nusayrilər (Bəşər Əsədin ailəsinin mənsub olduğu ələvi cərəyanı - K.R.) və ruslara qarşı əməliyyatda öldürüldüyünü” təsdiqləyib. İŞİD-ə məxsus “Amaq” saytı isə əlində silah olan gəncin şəklini yayıb.

Ancaq İŞİD mənbələrinin Bağdadinin oğlunun ölümünü operativ şəkildə təsdiqləməsi birmənalı qarşılanmır. Üstəlik, Bağdadinin oğlunun həqiqətən öldüyünü təsdiq edəcək hər hansı sübut ortada yoxdur. Ancaq bunun əvəzinə hər kəsə Bağdadinin sağ olduğu xatırladıb. Çünki son illərdə Bağdadinin bir neçə dəfə “öldü” xəbəri yayılıb. Ancaq bu məlumatların heç biri təsdiqini tapmayıb. Ən son olaraq ötən ilin sentyabrında Bağdadiyə aid olduğu bildirilən səs yazısı-çağırış yayılıb. 2014-cü ildə Mosulun alınmasından sonra İŞİD “İslam dövləti” xilafət, Bağdadi isə Mosul mərkəzi məscidində özünü xəlifə elan edib. Ancaq Mosul ötən ilin noyabrında İŞİD-dən geri alınıb. Hazırda İraq ərazisində yalnız Ənbar əyalətində İŞİD-in nəzarət etdiyi bölgələr qalıb. Bağdadinin özünün isə Ənbarda gizləndiyi ehtimal olunur. ABŞ hökuməti Bağdadinin başına 25 milyon dollar mükafat təyin edib.

Ancaq bu xəbərlərin indi, məhz İŞİD-in fəallaşması dövründə yayılması xeyli dərəcədə diqqət çəkir. Məsələ ondadır ki, Ənbar əyalətində qaldığı güman edilən İŞİD bir qədər əvvəl Kərkükdə peyda olub və “Həşdi Şabi” ilə döyüşüb. Hazırda da İraq qüvvələri İŞİD-ə qarşı Kərkükdə əməliyyatları davam etdirir. Britaniya mətbuatı da İŞİD-in yenidən toparlanıb hücumlara başlamağa hazırlaşdığını yazıb. Raqqa bir neçə terror hadisəsi baş verib, Kərkükdə toqquşmalar olub. Həm Suriyada, həm də İraqda yenidən fəallaşan terror təşkilatı yeni ərazilər ələ keçirməyə çalışır. Məsələ ondadır ki. hazırda İraq və Suriya ərazisində bunun üçün müəyyən imkanlar yaranıb. Xüsusən də Suriya ərazisində.

Məsələ ondadır ki, hazırda Suriya ərazisində hökumət qüvvələri bütün imkanlarını müxalif silahlı qruplarla mübarizə üçün səfərbər edib. Xüsusən də cənubda Dəra və Quneytra vilayətlərində hökumət qüvvələri silahlı müxaliflərlə savaşır. Bu isə istər-istəməz ölkənin digər regionlarına olan diqqəti və gücü azaldır. Bu səbəbdən də son həftələrdə Deyr əz-Zorda İŞİD-in fəallaşması müşahidə olunur. Son Bağdadinin oğlunun “öldü” xəbərinin yayıldığı Humsda da İŞİD-in mövcudluğunu göstərən xəbərin yayılması onu göstərir ki, İŞİD indi bir sıra regionlarda fəaldır. Məsələnin digər tərəfi də odur ki, İŞİD təkcə Suriya ordusu ilə deyil, həm də müxaliflərlə savaşır. Başqa sözlə, müxaliflərin zəiflədiyi yerlərdə bir qayda olaraq İŞİD peyda olur.

Həm də indi diqqətini daha çox silahlı müxalifətə çevirən Suriya hakimiyyəti İŞİD-ə o qədər də zaman ayırmır. Burada bir başqa nüans da müxaliflər və İŞİD arasındakı seçimdir. Məsələ ondadır ki, Suriya hökuməti üçün daha təhlükəli olan qüvvə qəddar, dünyanın terrorçu kimi tanıdığı İŞİD deyil, islamçı və hərbi müxalifətdir. Çünki müxaliflərə aşkar şəkildə bir sıra ölkələr dəstək verir və onları Bəşər Əsəd hakimiyyətinin alternativi olaraq görürlər. Dolayısı ilə sabah hətta Suriyanın gələcək taleyi ilə bağlı danışıqlarda müxaliflər Əsədlə bir masada oturub Suriyanın gələcəyi ilə bağlı qərar verəcəklər. Ancaq İŞİD-ə bu şansı kimsə tanımayacaq. Əksinə, 2014-cü ildə olduğu kimi, daha da gücləndiyi təqdirdə İŞİD-ə qarşı növbəti güclü kampaniya başlaya bilər. Bu səbəbdən də indi Əsəd islamçı müxaliflərinə daha çox “diqqət” ayırmağa məhkumdur, nəinki İŞİD-ə.

Ekspertlərə görə, hazırda İraq və Suriya ərazisində İŞİD-in 8-10 min nəfər arası silahlı döyüşçüsü var. İŞİD-i xüsusən də Suriyanın şərqində fəallaşdıran amil bu bölgədə dəyişən situasiyadır. Son olaraq ABŞ prezidenti Suriyanın şərqində amerikalı güclərin fəallığını azaltması haqda təlimat verməsi və bölgədəki əsas güc olan kürdlərin Suriya hökumət qüvvələri və Türkiyə ilə döyüşməsidir. Məhz bu səbəbdən də son həftələrdə İŞİD Suriyanın şərqində fəallaşıb. Artıq Deyr əz-Zorda bri neçə hücumlar həyata keçirən İŞİD-in yaxın zamanlarda daha da fəallaşması ehtimal olunur.

İŞİD-in bölgədə daha da fəallaşması Suriyanın şərqi ilə bağlı Dəməşq və kürdlər, həmçinin Rusiya və ABŞ arasında razılaşma əldə olunmamasıdır. Digər tərəfdən, Türkiyə də son aylarda fəallaşıb və Menbicə doğru irəliləyir. Yəni proseslər regionda siyasi anlaşma ehtimalının azaldığını göstərir. Siyasi anlaşma olmadıqda isə ən optimal yol yeni xaos və terror mühitinin yaranmasıdır. Görünən odur ki, növbəti mərhələdə Suriyanın əsasən də şimal və şərq rayonlarında İŞİD-in ifasında yeni xaos və terror dalğası başlayacaq./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26