Interposta.Info

Kreml: Ermənistanda baş verənlər bu ölkənin daxili işidir

Dünya
 23-04-2018, 16:37     10 410

Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.

"Bu, istisnasız olaraq Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Rusiyanın Ermənistanda baş verən etirazların regiondakı vəziyyətə təhlükə kimi görüb-görməməsi ilə bağlı suala cavabında bildirib.

Bununla yanaşı D. Peskov Rusiyanın bu ölkədə baş verənləri diqqətlə izlədiyini qeyd edib: "Ermənistan bizim yaxın müttəfiqimizdir, Avrasiya İqtisadi Birliyinin iştirakçısıdır. Ona görə də, əlbəttə ki, bizim üçün bu ölkə hədsiz vacibdir. Biz orada baş verənləri diqqətlə müşahidə edirik".

Kremlin sözçüsü İrəvanın Moskvaya məsləhətləşmələr və ya kömək üçün müraciət edib-etməməsi ilə bağlı sualı da cavablandırıb: "Kremlin xətti ilə sizə heç nə deyə bilmərəm. Bildiyiniz kimi, prezidentin bir müddət əvvəl ermənistanlı həmkarı ilə əlaqəsi olub. O, həmkarını seçilməsi münasibəti ilə təbrik edib. Ən yüksək səviyyədə belə təmaslar mümkündür. Lakin hansısa məsləhətləşmələrin olub-olmaması barədə sizə dəqiq deyə bilmərəm".

Moskvanın Ermənistandakı vəziyyətə hansı vəziyyətdə müdaxilə edə biləcəyi ilə bağlı suala isə Rusiya prezidentinin mətbuat katibi belə cavab verib: "Nə üçün Moskva müdaxilə etməlidir ki?".(APA)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26