Interposta.Info

Putin nüvə müharibəsinə hazırlaşır? - İngiltərə mediasının iddiası

Dünya
 14-12-2017, 11:05     10 357

"The Daily Mail" ABŞ xəbər portallarından birinə istinadən yazır ki, Rusiya özünün nüvə cəbbəxanasını 2026-ci ilədək 8 min nüvə başlığına çatdırmaq niyyətindədir.

Məqalədə adları çəkilməyən Pentagon rəsmilərinə istinadən deyilir ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin nüvə arsenalını aqressiv şəkildə artırmaqla yanaşı, həm də yeraltı bunkerlərin tikintisini genişləndirməyi planlaşdırır.


ABŞ və Rusiya arasında hazırkı "Yeni START" müqaviləsi nüvə döyüş başlıqlarının sayının 1550-dən çox olmasını qadağan edir.

Lakin Pentagon rəsmilərinə istinad edən alternativ xəbər portalı Free Beacon yazır ki, Rusiya nüvə münaqişəsi zamanı istifadə etmək üçün yeraltı komanda və nəzarət qurğularını möhkəmləndirir.

Qəzet yazır ki, nüvə döyüş başlıqlarının 8 minə çatdırılması 2010-cu il tarixli Yeni Starateji Silahların İxtisarı Müqaviləsinin (2010 New Strategic Arms Reduction Treaty) ciddi şəkildə pozulması demək olardı.

Qısa adı ilə Yeni START müqaviləsi kimi tanınan bu sənəd ABŞ və Rusiya arasında imzalanıb.

Bu müqavilənin bağlanmasından məqsəd qarşılıqlı etimadın yaradılması və nüvə müharibəsi riskinin azaldılması idi. Müqavilə habelə hər bir tərəfin strateji nüvə başlıqlarının sayı üçün 1550 limitini qoyur. Amma burası da var ki, nüvə döyüş başlıqlarının ixtisarı reallıqda nüvə təhlükəsini aradan qaldırmır.

Məsələn, Rusiya tələb edir ki, hər bir bombardmançı təyyarə daşıdığı bombaların sayından asılı olmayaraq 1 döyüş başlığı kimi hesablansın. Buna görə də tərəflərə qoyulmuş döyüş başlığı limiti reallıqda 2000 ədəddir.

Hazırkı təxminlərə görə, ABŞ-ın döyüşə hazır 1740 nüvə başlığı var. Rusiyada da elə bu qədər başlığın olduğu düşünülür. Bundan başqa hər iki tərəfin anbarlarında saxlanan və ya köhnəldiyinə görə demontaja verilməli nüvə başlıqları var.

Yeni START müqaviləsi döyüş başlıqlarına limit qoysa da, başlıqların hədəfə çatdırılması metodları barədə heç nə demir. Yəni yer üstündə və ya sualtı qayıqlarda bazalanmış ballistik raketlərdən, hidrogen bombalarından və ya qitələrarası raketlərdən söz açılmır.

Buna görə də hər iki tərəf silahların dağıdıcılıq və öldürücülük qabiliyyətini artırır. Məsələn, daha böyük raketlərin daşınması üçün daha böyük maşınlar istehsal olunur. Başqa sözlərlə başlıq sayı artmasa da, silahların gücü artmış olur.

Rusiyanın quruda yerləşən raket cəbbəxanasına RS-28 Sarmat adlı bir super qitələtarası ballistik raket də daxildir. Həm də Satan 2 kimi tanınan bu raketdə azı 10 nüvə başlığı üçün yuvalar var. Bu başlıqlar lazım gəldikdə tamamilə fərqli hədəfləri vura bilir.
Rusiyanın dövlət mediası bildirib ki, bu raket Texas və ya Fransa boyda ərazini dağıtmağa qadirdir. ABŞ ekspertləri bunun şişirtmə olduğunu bildirirlər, lakin bu qənaətdədirlər ki, söhbət bütün hallarda çox güclü silahdan gedir.

Üstəlik, Rusiyanın yeni qitələrarası raketlərində əlavə başlıqlar üçün yer qoyulub. Əgər Yeni START müqaviləsinin vaxtı bitsə və ya tərəflərdən biri müqavilədən imtina etsə, onda bu əlavə başlıqlar da raketlərə yerləşdiriləcək.

Birləşmiş Ştatların qitələrarası ballistik raketlərində yalnız bir nüvə başlığı var, lakin onlara da daha çox başlıq yerləşdirilə bilər (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26