Səudiyyə Ərəbistanında taxt mübarizəsi-
Şahzadə Məhəmməd tac yolunda qarşında maneə olacaq şəxsləri “təmizləyir”
Səudiyyə Ərəbistanı şahzadə və məmurların həbsləri ilə çalxalanır. Bazar günü kral ailəsinin 11 üzvü o cümlədən aralarında 4 nazir də olmaqla 40-a yaxın məmur və iş adamı olunub.
Həbsləri Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi həyata keçirib. Komitə yeni, sözügedən həbslərdən bir neçə saat əvvəl yaradılıb. Komitəyə vəliəhd şahzadə, eyni zamanda müdafiə naziri və islahatlarla bağlı dövlət komissiyasının rəhbəri Məhəmməd ibn Salman rəhbərlik edir. Səudiyyə mediası yeni yaranan Komitənin korrupsiya istintaqı aparmaq və həbslər həyata keçirmək səlahiyyətinin olduğunu yazıb.
Qeyd edək ki, saxlanılan şəxslər krallığın və dünyanın ən varlı insanları sırasındadır. Onların ümumi varidatı 100 milyard dolları keçir.
Maraqlıdır ki, gələn məlumatlara görə, hazırda həbs olunan ailə üzvləri həbsxanada deyil, ər-Riyadda yerləşən “Ritz Carlton” otelində silahlı mühafizəçilərin nəzarəti altında saxlanılır.
Qeyd edək ki, həbs olunan şəxslərlə bağlı əsas ittiham korrupsiyadır. Onlar konkret olaraq 2009-cu ildə Ciddədə baş verən sel və 2012-ci ildə Mers virusunun yayılması zamanı korrupsiya hallarında yol verməkdə ittiham olunurlar. Bununla bağlı artıq cinayət işi başladılıb. Səudiyyə Ərəbistanı baş prokuroru Şeyx Səud əl-Mucib bildirib ki, bu hadisə korrupsiyaya qarşı mübarizənin “başlanğıcıdır”, həbslər davam edəcək.
Baş prokuror deyib ki, hazırda həbslərin birinci mərhələsi başa çatıb. Eyni zamanda əlavə edib ki, hazırda istintaq davam edir və dəlillər toplanır. O, məhkəmə zamanı bütün faktların ictimaiyyətə açıqlanacağını qeyd edib.
ABŞ prezidenti Donald Tramp krallıqda həyata keçirilən həbsləri dəstəkləyib. Tramp bildirib ki, o Kral Salman və vəliəhd şahzadəyə inanır:
“Nə etdiklərini yaxşı bilirlər. Sərt münasibət görənlərin bəziləri illərdir ölkələrini sağır” – deyə bildirib.
Ancaq müşahidəçilər baş verənlərin sadəcə korrupsiyaya qarşı mübarizə hadisəsi olmadığını deyir. Çünki həbslərin coğrafiyası xeyli genişdir və kral ailəsindən olan hərbçilər də həbs olunub. Məsələn, bazar günü həbs olunanlar arasında Milli Qvardiya naziri, şahzadə Mitəb ibn Abdullah və hərbi dəniz donanmasının komandanı, admiral Abdullah ibn Sultan ibn Muhəmməd əl-Sultan da var. Bu şəxslərin həbs səbəbləri açıqlanmır. Ancaq hər iki şəxs tutduqları vəzifəyə görə ciddi nüfuz sahibləridir. Xüsusən də Mitəb ibn Abdullah bundan öncəki kralın oğludur və ölkənin əsas hərbi gücü olan Milli Qvardiyaya rəhbərlik edir, dövlət içində ciddi dayaqları var. Bir zamanlar adı taxt-taca iddialılar arasında idi.
Üstəlik həbslərlə birlikdə ölkədə müəmmalı şahzadə ölümləri də artıb. Bazar günü Vertolyot qəzası baş verib və 9 nəfərin həlak olub. Həlak olan şəxslərdən biri Əsir əyalətinin qubernator müavini Mənsur bin Muqrin olub.
Sabiq Kral Fəhdin 44 yaşlı oğlu şahzadə Əbdüləziz bin Fəhdin isə onu həbs eləməyə gələn təhlükəsizlik qüvvələri ilə mühafizəçilər arasında çıxan qarşıdurma zamanı öldüyü bildirilir. Şahzadənin ölüm səbəbinin ürək tutması olduğu bildirilsə də, şahzadənin polislərə silahlı müqavimət göstərdiyi zaman qətlə yetirildiyi iddia edilir.
Bu iddialar Səudiyyə Ərəbistanında baş verənlərin korrupsiya ilə mübarizə olmadığı, daha dərin siyasi gərginlik olduğunu göstərir. Əsas versiya bundan ibarətdir ki, atasından sonra və ya atasından hakimiyyəti alıb kral olmağa hazırlaşan vəliəhd şahzadə Məhəmməd ibn Salman mümkün rəqiblərini, ya da ona maneə ola biləcək rəqiblərini aradan götürür. Çünki kral ailəsi həddən artıq böyükdür. Ölkənin qurucu kralı və hazırkı kralın atası, Krallığın yarandığı 1932-ci ildən 1953-cü ilə qədər ölkəni idarə etmiş Əbdüləziz əs-Səudun 36 oğlu və 40-dan artıq qızı olub (22 həyat yoldaşı olduğu bildirilir – K.R.) və bu övladlarından çoxlu sayda nəvə və nəticələri olub. Bəzi məlumatlara görə ali Səud. Yəni Səud ailəsi üzvləri 5 min nəfərdən çoxdur. Şahzadələrin əksəriyyəti dövlət vəzifələrində, orduda və özəl sektorda mühüm postları tutur.
Bundan başqa hüquqi cəhətdən şahzadələrin hər biri kral olmağa iddia edə bilər. bu səbəbdən də ailə daxilində daha güclü və daha çox dəstəyi olan şahzadələr adətən kral olur. Görünən odur ki, buna qədər prosedura əsasən kral olma ehtimalı az olan hazırkı vəliəhd daha yaşlı və təcrübəli əmisi oğullarını kənarlaşdırıb atasından sonra tacı almaq fikrindədir. Heç şübhəsiz ki, onun bu addımı bu günə qədər krallıq qaydalarına uyğun deyil və bu səbəbdən də vəliəhd Məhəmmədin ailə daxilində ciddi rəqibləri var.
Şahzadə isə həm indiyə qədər olan qaydaları dəyişmək, həm də rəqiblərini aradan götürmək istəyir. Bunun üçün ən münasib yol isə korrupsiyaya qarşı mübarizədir. Yeri gəlmişkən, ötən həftə şahzadə Məhəmməd ibn Salmanın ölkənin “mülayim islama keçəcəyi” barədə çıxış edib.
Ölkənin şimalında, İordaniya və Misir sərhədləri yaxınlığında Dubay tipində yeni 26 min kvadrat kilometr ərazidən ibarət layihənin dəyəri 500 milyarddır. NEOM adlanan layihəsini elan edən vəliəhd bildirdi ki, yaxın zamanlarda ölkəsi radikal islamdan imtina edəcək. Bu isə həm də o demək idi ki, daxildə bir çox nüfuzlu şəxs radikallıq tərəfdarı ittihamı ilə zərərsizləşdiriləcək.
Yeri gəlmişkən, son məlumata görə, həbs olunanların 50 milyard dəyərində sərvəti müsadirə olunub. Bu şəxslərin NEOM layihəsinə dəstək vermədiyi qeyd olunurdu. İndi isə yəqin ki, şahzadə bu vəsaitləri rahat şəkildə öz layihəsinə yönəldə biləcək. Qeyd edək ki, həbs olunan şəxslərin ümumi sərvəti 100 milyard dolları ötür. Saxlanılan şahzadələrdən ən zəngini Vəlid bin Talalın sərvəti 17 milyard dollar, Məhəmməd əl-Amudinin sərvəti 11 milyard dollar, “Bin Ladin” qrupunun rəhbəri Bəkr bin Ladinin sərvəti 5 milyard dollar, “Rajhi” bankının sahibi Süleyman əl-Rajhinin sərvəti 7 milyard dollar, ART media qrupunun rəhbəri Saleh Kamilin sərvəti isə 8 milyard dollar hesab olunur. Bundan başqa MBC media qrupun rəhbəri Vəlid əl-İbrahim, keçmiş planlama və iqtisadiyyat naziri Abdullah bin Məhəmməd Fəqih və digər varlı və nüfuzlu şəxslərdir.
Beləliklə vəliəhd Məhəmməd ibn Salmanın önü sürətlə açılır. Artıq onun meqa layihəsinin başlaması və eləcə də taca yolu xeyli dərəcədə açılmış kimi görünür. O da bəllidir ki, həbslər qarşıdakı dövrdə də davam edəcək. Ancaq bütün bunlara baxmayaraq vəliəhd Məhəmmədin kral olmağa nə qədər yaxın olduğu, daxili “müxalifətin” reaksiyasının necə olacağını zaman göstərəcək. Saray intriqaları hər zaman risklidir./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26