Interposta.Info

Suriyada böyük müharibə bitdimi...

Dünya
 14-09-2017, 12:38     10 308

Bəşər Əsəd hakimiyyəti üçün böyük təhlükə geridə qaldı, Rusiya və müttəfiqləri Suriya hakimiyyətini qoruya bildilər

Avqust ayında Rusiya Müdafiə Nazirliyi Suriyada böyük müharibənin başa çatdığını elan etdi. Baxmayaraq ki, döyüşlər bir neçə cəbhədə hələ də davam edir, yəqin ki, qarşıdakı illərdə lokal da olsa toqquşmalar davam edəcək.

Rusiya hərbi nazirliyinin açıqlaması əslində belə oxunmalıdır: Suriyada Əsədin silahlı üsyançılar vasitəsilə devrilməsi təhlükəsi artıq sovuşub. Həqiqətən də münaqişənin başlandığı ilk illərə baxdıqda artıq B.Əsədin istefaya getməsi və ya ölkədən qaçması kimi məlumatlar kimsənin ağlına gəlmir. Artıq Əsədin ən qatı düşmənləri olan ABŞ, Fransa, Britaniya, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və sair kimi ölkələr Əsədin qalması şərti ilə barışdıqlarını etiraf ediblər. Bu mənada müharibənin, necə deyərlər, ilk, Əsəd üçün riskli etapı artıq başa çatıb. Qeyd edək ki, 2011-ci ilin martında cənubda Dəra şəhərində divara hökumət əleyhinə şüar yazılması ilə başlayan və tezliklə vətəndaş müharibəsinə çevrilən olaylar sürətlə cərəyan edib. 2013-cü ilin yazında artıq dünyanın müxtəlif ölkələrindən gələn cihadçı qruplar Suriyada hökumətə qarşı vuruşurdular. Hətta azərbaycanlılar da Suriyadan müraciət edərək həmvətənlərini Suriyaya dəvət edirdi. O zaman analitiklər Dəməşqin, sadəcə, mərkəzini, Tartus və Laqiziyyə şəhərlərini bütövlükdə, bir də ölkənin fərqli nöqtələrində adda-budda şəhər və qəsəbələr daxil olmaqla, ümumilikdə 18 faizinə nəzarət edən Bəşər Əsədin bu gün-sabah qaçacağını, ölkəni Laziqiyyə limanındakı Rusiya hərbi gəmilərindən idarə etməsi haqda xəbərlər yayırdı.

Suriya hökumətinin ilk qalibiyyət seriyası Livanla sərhəddə yerləşən Quseyr şəhərinin 2013-cü ildə Hizbullahın birbaşa iştirakı ilə ələ keçirilməsi ilə başladı. Bundan sonra hər şey dəyişdi, məlum oldu ki, İran, Rusiya kimi ölkələr Əsədin qorunub saxlanılması üçün maddi-texniki, silah və canlı qüvvə yardımı edir.

2014-cü ildə isə Əsəd Suriyanın şimalından - Türkiyə sərhədlərindən ordunu geri çəkərək bölgədə "ən-Nusra" ("əl-Qaidə"nin yerli qolu), İŞİD və kürdlər arasında torpaq savaşına faiktiki olaraq səbəb oldu. Tezliklə Suriyanın şimalında müxalif radikal qruplar arasında qanlı savaş başladı və Suriyada dünyəvi müxalifət adına olan qruplar tədricən radikal dinçi silahlıların arasında əridi və dünyaya İŞİD bəlası təhlükəsi doğru. 2014-cü ildə ABŞ 64 ölkədən ibarət İŞİD əleyhinə koalisiya yaratdı. 2015-ci ildə isə Rusiya Suriyada birbaşa hərbi əməliyyatlarda iştirak etməyə başladı, tezliklə Rusiya qırıcı-bombardmançıları ilə yanaşı vertolyotları, hava hücumundan müdafiə sistemləri və hətta quru qüvvələri, eləcə də hərbi polisi Suriyada peyda oldu.

Hazırda Suriyada ölkənin faktiki olaraq 50 faizdən artıq quru əraziləri, o cümlədən Dəməşq, Hələb, Hums, Hama, Deyr əz-Zor, Palmira və digər şəhərlər hökumətin nəzarətindədir. O cümlədən əhalinin böyük hissəsi hökumətin nəzarət etdiyi ərazilərdə yaşayır. Hazırda gərgin döyüşlər ölkənin şərqində - Deyr əz-Zor vilayətində İŞİD qüvvələrinə qarşı aparılır. Suriyanın şimal-qərbində tamamilə üsyançıların əlində olan vilayət İdlibdir. İdlibin Astana anlaşmasına əsasən terrorçu hesab olunan silahlılardan təmizlənməsi üçün Rusiya və Türkiyə arasında danışıqlar davam edir. Bundan başqa, bugünlərdə Rusiya XİN rəhbəri Sergey Lavrov İordaniya paytaxtı Əmman şəhərinə səfər edərək İordaniya hökuməti ilə Suriya-İordaniya sərhədlərinin taleyi məsələsini müzakirə edib. “EremNews" saytının yazdığına görə, Lavrov Suriya ordusunun sərhədə yerləşməsi ilə bağlı İordaniya ilə anlaşma imzalayıb. Lavrov İordaniya kralı Abdullahla da görüşüb və iyulda Putinlə kral arasında baş tutan telefon danışığında terrorizmə qarşı mübarizə ilə bağlı əldə olunan razılıq rəsmiləşib. Lavrovun açıqlamasına görə, ABŞ, Rusiya və İordaniya arasında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı vəziyyətə nəzarət etmək üçün İordaniya paytaxtında 3 ölkənin nümayəndələrindən ibarət mərkəz fəaliyyət göstərəcək. Yeri gəlmişkən, İordaniya xarici işlər naziri Əyman Safedi Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Suriya böhranı siyasi yollarla həll olunmalıdır. Yeri gəlmişkən, Bugünlərdə yerli xəbər agentlikləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəklədiyi silahlı qrupların Suriyadan geriyə - İordaniyaya - çəkilməsi təlimatı verildiyini yazıblar. Bundan başqa, BBC-nin ərəb dili xidməti Misirin dəstəyi ilə əldə olunan anlaşmaya əsasən Dəməşqin Şərqi Quta bölgəsində atəşkəs əldə olunduğunu yazıb. Səudiyyə Ərəbistanının dəstəklədiyi Şərqi Qutadakı İslam Ordusu qruplaşmasının lideri Məhəmməd Alluş da xəbəri təsdiqləyib və bölgənin atəşkəs zonasına çevriləcəyini bildirib. O da məlum oldu ki, Suriya ordusuna təslim olan silahlılar daha əvvəl ABŞ ordusu tərəfindən verilmiş ”TOW" raket sistemlərini də Suriya ordusuna təhvil veriblər. Təslim olan qruplaşmaların bir qismi orduya qoşulub. Əsas hissəsi isə İordaniyaya çəkiləcək.

Beləliklə, prosesin gedişi yaxın dövrdə Suriya-İordaniya sərhədlərinin Suriya ordusunun nəzarətinə keçəcəyini göstərir. Livan-Suriya sərhədi isə keçən ay tamamilə təmizlənib. Hazırda Suriya ordusu İraq sərhədlərinə doğru İŞİD-i sıxışdırmağa çalışır. Əgər proses davam etsə, qarşıdakı aylarda İraq-Suriya sərhədləri də tamamilə ordunun nəzarətinə (kürdlərlə birlikdə) keçəcək. Türkiyə-Suriya sərhədlərinin taleyi isə yəqin ki, növbəti mərhələdə Rusiya, ABŞ və Türkiyə hökumətləri arasında razılaşmadan sonra bəlli olacaq.

Beləliklə, nəticə etibarı ilə bu gün hətta bir il əvvəlki ilə müqayisədə Suriya hakimiyyəti daha güclü mövqedədir. Ancaq bu, savaşın bitdiyini deməyə əsas vermir. Lokal toqquşmalar, gizli terrorçu qrupların müqaviməti hələ uzun müddət yəqin ki, davam edəcək. Ancaq böyük müharibə, beynəlxalq siyasi səhnədə Rusiya və Çinin, döyüş sahəsində isə Rusiya və İranın dəstəyi ilə Əsədin xeyrinə başa çatmaqdadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26