Interposta.Info

Yəhudilər Donald Trampa qarşı qəzəblidirlər

Dünya
 18-08-2017, 17:54     10 411

Donald Trampın prezidentlyi dövründə ABŞ-da gündəm az qala hər həftə dəyişir.

Virciniya ştatının Şarlotsvill şəhərində ağ irqçilər tərəfindən törədilən iğtişaşlar hazırda siyasi müzakirələrin mərkəzində duran mövzudur. Xatırladaq ki, Konfederasiya generalı Robert Linin heykəlinin sökülməsinə etiraz edən irqçilər şəhərdə onlara etiraz edənlərə qarşı zorakılıq tətbiq etmiş, nəticədə bir qadın həlak olmuş, 19 nəfər isə yaralanmışdı.

Avqustun 13-də hadisələrə qiymət verən zaman ABŞ prezidenti günahı hər iki tərəfin üzrərinə yıxıb. Trampın bu sözləri liberal dairələrin, o cümlədən ölkədə milli və irqi ayrı-seçkiliklə mübarizə aparan hüquq müdafiə təşkilatlarının böyük narazılığına səbəb olub.

İstənilən millətçi və irqçi cərəyanı özləri üçün təhlükə hesab edən yəhudi təşkilatları da olanlara laqeyd qalmayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Trampın ultrasağlara qarşı həddən artıq yumşaq mövqeyi yəhudilərin nüfuzlu din adamlarından sayılan ravvin Haskel Lukşteynin də ciddi tənqidinə səbəb olub.
Yəhudilər Donald Trampa qarşı qəzəblidirlər

Haskel Lukşteyn

Luksteyn bununla bağlı olaraq mətbuata açıq məktub da ünvanlayıb. Məktuba ABŞ-da nüfuz sahibi olan bir sıra yəhudi təşkilatlarının rəhbərləri də imza atıblar. Həmin təşkilatlar Trampın neonasistlərlə onlara qarşı çıxanları eyni sıraya qoymasının yolverilməz olduğunu bəyan ediblər.

Siyasi müşahidəçilər Lukşteynin bəyanatının Tramp üçün ciddi siqnal olaraq qəbul edirlər. Məsələ burasındadır ki, məhz Haskel Lukşteynin sayəsində prezidentin qızı İvanka yəhudi dinini qəbul edib və icmanın sıralarına qəbul olunub.
Yəhudilər Donald Trampa qarşı qəzəblidirlər


İvanka Trampın əri, Cared Kuşnerin ailəsi isə mühafizəkar dindar yəhudilərdəndir. Kuşner hazırda prezidentin müşaviri vəzifəsində çalışır və administrasiyanın siyasətinə yön verən şəxslərdən biridir.

Bu səbəbdən prezidentin kürəkəni də yəhudi mediasının hədəfinə tuş gəlib. Bununla bağlı İsrailin nüfuzlu “Haaretz” qəzeti belə bir başlıqla məqalə dərc edib: “ABŞ yəhudiləri bilmək istəyir ki, Cared Kuşner harada itib batıb?”

Amerikalı icmalçılar həm prezidentin, həm də onun kürəkəninin susqunluğunu siyasi səbəblərlə bağlayırlar. Məsələ burasındadır ki, Trampın elektoratının özək hissəsini məhz ağ millətçi sayılan insanlar təşkil edir. Onların arasında prezidentə yaxın sayılan və “alternativ sağ”ları dəstəkləyən qüdrətli isimlər də var.

“Huffington Post”un fikrincə, əgər prezident həqiqətən öz çıxışında qeyd etdiyi kimi, irqi və milli ayrı-seçkiləklə mübarizə aparmaq istəyirsə birinci elə Ağ Evin özündən başlamalıdır.
Yəhudilər Donald Trampa qarşı qəzəblidirlər

Stiven Bennon

Qəzet onların sırasında administrasiyada hələ də söz sahibi sayılan Stiv Bennonun, prezidentin aparıcı siyasi müşaviri Stiven Millerin, habelə prezidentin köməkçisi Sebastyan Qorkun adlarını çəkir. “Huffington Post” adları çəkilən şəxsləri irqçi dünyagörüşünə malik insanlar kimi təsvir edib.

“The Washington post” qəzetinin icmalçısı Mark Fişer isə prezidentin özünün irqi və millətçi ayrılığı dərinləşdirməkdə maraqlı olmaqda günahlandırıb. Mövzu ilə bağlı qələmə aldığı məqalədə Fişer Trampın hələ daşınmaz əmlak biznesi ilə məşğul olarkən rəhbərlik etdiyi şirkətlərin əməkdaşlarını milli əlamətlərə görə sıxışdırdığını qeyd edib.

Ekspertlər D.Trampın elektoratının bir-birilə ziddiyət təşkil edən qruplardan ibarət olduğuna diqqət çəkərək, onların arasındakı parçalanmanın dərinləşməsinin prezidentə baha başa gələ biləcəyini qeyd edirlər. Əgər Tramp alternativ sağçılara qarşı ifadələrini sərtləşdirməsə, bu, bir sıra etnik siyasi dairələrin, o cümlədən yəhudi təşkilatlarının ondan üz çevirməsinə gətirib çıxaracaq.

Siyasi icmalçılar belə olan halda Donald Trampın “Rusiyadan yardım gördüyü” ittihamından daha böyük problem qarşısında qalacağını vurğulayırlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26