Interposta.Info

Ermənistanda dəhşətli yanğın- 40 min ton maşın yağı alışsa... -

Dünya
 11-08-2017, 18:18     10 623

Avqustun 10-u saat 18 radələrindən Ermənistanda başlayan yanğını hələ ki, ram etmək mümkün olmayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Vayot Dzor vilayətinin Artavan kəndində başlayan yanğının söndürülməsi üçün 92 xilasedici, 30 polis əməkdaşı, Ermənistan Müdafiə Nazirliyinin 100 hərbçisi cəlb olunub. Küləkli hava səbəbindən yanğının sürətlə genişlənməsindən sonra havaya vertolyotlar qaldırılıb. Lakin heç bir mənası olmayıb. Belə ki, avqustun 11-i, gecə saat 4 radələrinədək yanğın 220 hektarlıq ərazini cənginə alıb.

Hadisə yerində olan erməni jurnalistlərdən biri yazır ki, İrəvan-Gorus yolunun üstü qara tüstüyə qərq olub. Ermənistanın xilasetmə xidmətinin məsulu, polkovnik Muşeq Kazaryan deyib ki, yanğın xəbərini ötən gün saat 18.40-da alıblar və dərhal hadisə yerinə texnika, həmçinin canlı qüvvə cəlb ediblər. Onun sözlərinə görə, Saravanski meşəsini xilas etməyə çalışsalar da, yanğının dağlıq zonadakı ağacları əhatə etməsi tədbirlərin uğurla başa çatmasına imkan vermir. Kazaryan vəziyyətin daha fəlakətli ola biləcəyindən danışıb. Bildirib ki, yaxınlıqda çay qablaşdırılması və hidroelektrik istehsal sahəsi yerləşir. “Burada isə 40 min litr maşın yağı saxlanılır”-deyən M.Kazaryan deyib ki, yanğının həmin əraziyə keçməməsi üçün səylər davam edir. “Hazırda vertolyot gözləyirik, Exeqnadzore stadionu onlar üçün aerodrom olacaq”, - polkovnik əlavə edib.

Bölgədəki Qndevaz kəndinin sakini Anna Arutyunyan dəhşətli yanğından video çəkib paylaşıb və bildirib ki, yanğın onların yaşayış məntəqəsinə tərəf irəliləyir. Bu kənd Azərbaycanda məşhur olan Arpa çayının sağ sahilində, Cermuxun 8 km-liyində, həmçinin İrəvan-Gorus yolunun 6 km-liyindədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26