Interposta.Info

Zəngin əcnəbilərin bahalı London mülkləri evi yananlara verilə bilərmi?

Dünya
 16-06-2017, 12:20     546

"The İndependent" qəzetinin oxucu rəyləri üzrə redaktoru Kirsty Major yazır ki, Londonun Grenfell Tower göydələnində baş vermiş dəhşətli yanğında evlərini itirənlər müvəqqəti olaraq idman mərkəzində yerləşdiriliblər.

Onların döşəmə üstündə yata bilmələri üçün yorğan-döşək paylanıb, lakin elə yanan binanın bir addımlığında, Londonun 1399 mülkündə heç kim yaşamır. Pəncərələri pərdəli, qapıları qıfıllı bu evlər 664 milyon funt dəyərində "yatan investisiyadır". Bu mənzillərdən heç birini evi yanan ailələrə təklif etməyiblər…


Əksinə, yazır müəllif, bu bahalı mülklərin belə yaxınlıqda yerləşməsi o deməkdir ki, evləri yananlara təzə mənzillərini dəbdəbəli Kensington və Chelsea rayonundan kənarda, ucqarlarda verəcəklər. Beləliklə, bu adamlar evlərini iki dəfə itirmiş olacaqlar.

Məqalədə deyilir ki, London dünyada evlərinə dəyərindən çox şişirdilmiş qiymət qoyulan şəhərlərindən biridir. Bu ona görə belədir ki, burada ev alanlar onu gələcək investisiya kimi nəzərdə tuturlar. Evləri alırlar və onlar əsasən boş qalır.

Hazırkı şişirdilmiş qiymətlərə görə Kensington və Chelsea rayonunda adi bir mülk orta hesabla 4.3 milyon funt sterlinqədir.
Təbiidir ki, sosial təminat sistemi ehtiyacı olanlara bu bahalıqda mülkləri verə bilməz. Halbuki dəbdəbəli rayonda 1970-ci illərdə tikilmiş həmin yanan binada mənzillərini sosial təminat sistemindən alanlarlar yaşayırdılar.

Əksinə, Londonun mərkəzindəki bu rayonun sosial-təminat sisteminin balansında olan evlər sürətlə zənginlərə satılır, evə ehtiyacı olan imkansızlar isə şəhərin ucqalarına yerləşdirilir.

Təsadüfi deyil ki, proqnozlara görə Kensington rayonundakı evlərin 97 faizi yaxın aylarda zəngin müştərilərə satılacaq.
Məqalənin sonunda jurnalist sual edir: "Yüzlərlə evsiz sakinlə üzləşən yerli icra hakimiyyəti indi nə edəcək? Onları bu hədsiz kədərli vaxtlarında dostlarından və ailələrindən ayırıb ucqarlara göndərəcək, yoxsa həmin o boş, investisiya üçün alınmış mülkləri onlara yeni ev edəcək?.." (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26