Interposta.Info

Partlayışsız terror aktları -

Dünya
 10-04-2017, 10:01     577

Elman Nəsirov: “Beynəlxalq terrorizmə qarşı mübarizədə sivil dünya ona görə zəifdir ki...”

Dünyada son zamanlar terrorizm artıq milli sərhədlərin hüdudlarından kənara çıxıb və cəmiyyət üçün dünya miqyaslı təhdidə çevrilib. Artıq bir zamanlar Avropanın təhlükəsiz hesab edilən şəhərlərində də terror hadisələri törədilir. Eyni zamanda son zamanlar müşahidə olunur ki, terroristlər əvvəllər olduğu kimi, partlayıcı silahlara üstünlük vermirlər. Onlar daha yük avtomobillərini dinc insanların üzərinə sürüb, öz çirkin niyyətlərini bu cür həyata keçirirlər.

interposta.info xəbər verir ki, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq terrorçu qüvvələrin addımlarında müxtəlif yanaşmalar hər zaman özünü göstərib: “Bu gün beynəlxalq terrorizmin çox güclü immuniteti var. Onlar hansı ”orqanizm" daha zəifdirsə, orada geniş yayıla bilirlər. Xüsusilə də onlar şəraitə çox ciddi şəkildə adaptasiya imkanlarına malikdirlər. Bu baxımdan şəraitdən asılı olaraq, öz taktikalarında da bu və ya digər formada dəyişikliklər edirlər. Xüsusilə də müasir texnologiyanın inkişafı, terrorçuların bir-biriləri ilə əlaqə imkanlarını da artırıb. Artıq onlar müasir texnologiyadan istifadə edərək, dünyanın müxtəlif ölkələrində olan həmfikirləri ilə sürətli formada əlaqə qura bilirlər. Bundan isə məharətlə istifadə edirlər. Bu kimi reallıqlar fonunda terrorizmə qarşı dayanan anti-terror qüvvələrin də müvafiq taktikaları var və bir çox hallarda bundan istifadə edirlər. Bu isə nəticə etibarilə terrorçuları yeni metodlar axtarmağa sövq edir. Son zamanlar müşahidə edirik ki, terrorçular artıq 11 sentyabr hadisələrindən fərqli, yeni üsullardan istifadə edirlər. Xüsusilə də əhalinin sıx olduğu yerlərə avtomobillərin sürülməsi kimi metodlarla diqqəti cəlb edirlər. Beynəlxalq terrorçunun vətəni, dini, milləti yoxdur. O, istənilən yerdə zəif nöqtə axtarır və öz niyyətini mühitə uyğun formada həyata keçirir".
Partlayışsız terror aktları -


Politoloqun sözlərinə görə, əgər terrorçu istənilən üsuldan istifadə edirsə, ona qarşı dayanan qüvvələr də oxşar formada hazır vəziyyətdə olmalıdır: “Bir məsələyə diqqət edək ki, ABŞ-da 81 Atom Elektrik-Stansiyası mövcuddur və xüsusi xidmət orqanları bu stansiyaları terrorçudan müdafiə etmək üçün özləri ”terrorçu"lar hazırlayırlar. Yəni o obyektləri qoruyan insanları praktiki olaraq terror təşkilatları formasına gətirirlər. Təbii ki, onlar terrorçu deyil, ancaq əsl terrorçu nəyi bacarırsa, həmin insanların da eyni gücləri var. Məqsəd ondan ibarətdir ki, həmin stansiyasını partlatmağa gələn terrorçuya qarşı ona bərabər olan güc dayansın. Bu da yeni bir taktiki yanaşmadır. Buradan belə nəticə çıxır ki, dünyada necə ki, terrorçular yeni taktiki üsullardan istifadə edirlər, onlara qarşı da eyni formada mübarizə aparılır. Mübarizənin qayəsi odur ki, hansı tərəf digərini üstələyəcək. Sivil dünya terrorizmi üstələyəcək, yoxsa ki, əksi baş verəcək? Bu mübarizədə təəssüf ki, terrorçuların əlaqələndirilmiş, koordinasiya olunmuş fəaliyyətinin şahidi olsaq da, bundan fərqli olaraq, sivil dünyada belə bir fəaliyyət müşahidə olunmur. Misal üçün, necə beynəlxalq terrorizmə qarşı mübarizə aparılır ki, “Daşnaksütyun” kimi terrorçu təşkilat Ermənistanda keçirilən 2 aprel seçkilərində qalib gəlmiş tərəflərdən biri olur və qanunverici hakimiyyətdə yenidən təmsil olunacaq. Bu cür hallar olduqca beynəlxalq terrorizmə qalib gəlmək heç bir halda mümkün olmayacaq. Yəni əgər beynəlxalq terrorizmə qarşı hər yerdə və hər zaman prinsipli mübarizə getməsə, “yaxşı və pis terrorçu” yanaşması olmasa, əlbəttə ki, buna qalib gəlmək xeyli asanlaşmış olar. Ancaq biz, bunun şahidi deyilik. Bunu terrorçular da çox gözəl dərk edirlər. Onlar anlayırlar ki, Fransada analoji addım atanda bütün Avropa liderləri əl-ələ tutub terrorizmə qarşı etiraz edirlər. Eyni addımı İstanbulda və ya kənarda atanda isə həmin dövlət başçıları bir araya gəlmirlər. Demək ki, bu, zəif nöqtədir. Terrorçular da bundan məharətlə istifadə edirlər. Belə olan vəziyyətdə yeni-yeni taktiki üsullara da əl atılır. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq terrorizmə qarşı mübarizədə sivil dünya ona görə zəifdir ki, geosiyasi maraqlar hər şeyi üstələyir və sivil dünyanın birləşməsi baş tutmur".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26