Interposta.Info

London yenidən qana bələndi -

Dünya
 5-06-2017, 11:34     496

Ekspertə görə, terror hücumunun səbəblərindən biri “Breksit”dir...

İyunun 4-də gecə saatlarında Böyük Britaniyanın paytaxtı Londonda silsilə terror aktları törədilib. Əvvəlcə “London Bric” körpüsündə terrorçu sürücü ağ mikroavtobusu saatda 80 kilometr sürətlə piyadaların üstünə sürüb. Ardınca Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib. Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs bıçaqla insanlara hücum edib.

Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib. Son məlumatlara görə, Londonda törədilən qanlı terror aktları nəticəsində 7 nəfər ölüb, azı 30 nəfər yaralanıb. Bəzi KİV-lərdə yaralıların sayının 50-ə çatdığı bildirilir.
Avropanı şoka salan terror olayına ilk reaksiyanı ABŞ prezidenti Donald Tramp verib. O, terroru lənətləyərək britaniyalıların yanında olduğunu bildirib. “İndependent”in məlumatına görə, hadisədən dərhal sonra İngiltərədə partiyalar 8 iyunda keçirilməsi planlaşdırılan parlament seçkiləri üçün təbliğat kampaniyasını dayandırıblar. Bildirilir ki, bu dəqiqə əsas məsələ seçkilər yox, təhlükəsizlik problemidir. İstisna edilmir ki, baş verən terrorlar elə məhz keçiriləcək seçkilərə təsir məqsədi daşıyır.

Ekspert Arzu Nağıyev “Yeni Müsavat”a Londonun son zamanlar terror hədəfində olmasının səbəblərindən danışıb. Ekspert bildirib ki, səbəblərdən biri məhz “Breksit” ola bilər: “Bu o demək deyil ki, baş verənləri məhz Avropa İttifaqı təşkil edir. Sadəcə olaraq həm ”Breksit" məsələsi, həm də keçiriləcək parlament seçkilərində leyboristlər və konservator tərəfindən seçkiqabağı platformalarda təhlükəsizlik məsələsinə çox böyük önəm verilir. Bundan da dolayı yolla terror təşkilatları və marağında olan xüsusi xidmət orqanları çox ustalıqla istifadə edirlər. Yəni bu, o demək deyil ki, məsələn, Londonun istənilən yerində onlar terror törədə bilməzlər. Göründüyü kimi, bunlar məhz parlamentə yaxın əraziləri, insanların çox olduqları yerləri seçirlər. Özü də göründüyü kimi, heç də kamikadzedən istifadə etmirlər. Əsasən polisə və digər bu kimi şəxslərə hücumlar edirlər. Ona görə də hadisələrə diqqət edəndə, burada heç İŞİD-in dəsti-xətti hiss olunmur. Lakin görünür ki, burada fərqli maraqlar var. Yəni dolayı yolla bir daha onların bu proseslərdən istifadə etdiyinə bir işarədir. Eyni zamanda ortada Avropa İttifaqında bu gün qoşun dəstələrinin, həmçinin öz sərhəd dəstələrinin yaradılması məsələsi də var. Əsas məsələ bundan ibarətdir. Bu da təbii ki, kiməsə xoş gəlmir. Ola bilər, xüsusi xidmət orqanları belə terror aktlarına cəhd etməklə məhz Londonun nəyəsə təhrik etməyə çalışırlar. Lakin bu, heç də inandırıcı görünmür. Terror təşkilatlarına gəlincə isə, onlar bu kimi hadisələri öz üzərilərinə götürməklə sadəcə olaraq, öz varlıqlarını sübut etməyə çalışırlar. Son zamanlar İndoneziyada, Filippində və digər yerlərdə də baş verən hadisələri İŞİD öz üzərinə götürməklə hələ ayaqda olduğunu nümayiş etdirməyə çalışdı. Məlum məsələdir ki, onlar buna görə maliyyə vəsaiti alırlar və digər addımlar atırlar. Bu məsələdə də hesab edirəm ki, hadisəni İŞİD öz üzərinə götürə bilər. Məqsəd isə yuxarıda qeyd etdiyimiz kimidir".

Ekspert bildirib ki, bu kimi hadisələri heç də İŞİD-in son akkordu kimi qələmə vermək olmaz: “Nə qədər ki, ABŞ, Qərb məsələsi və Rusiya ilə onlar arasında gərgin münasibətlər qalır, eyni zamanda Suriya məsələsi qalır, İŞİD-in də varlığı davam edəcək. Çünki son zamanlar məhz Səudiyyə Ərəbistanı ilə ABŞ arasında çox milyardlı kontraktın bağlanması və silahların alınması məsələsi də bir daha buna işarədir ki, hələ o ərazidə ”Ərəb baharı" və Orta Şərq projesi sona yetməyib. Hesab edirəm ki, bütün bu kimi hadisələrə rəğmən, İngiltərədə “Breksit” məsələsinə yenidən baxılması inandırıcı deyil. Çünki artıq onlar bununla bağlı bəlli addımlarını atıblar. Parlament seçkilərində də nə leyboristlər, nə də konservatorlar yenidən baxmaq məsələsini ortaya qoymurlar. Demək olar ki, bu gün İngiltərənin nəzarətində olan bir çox dövlətlər var. Onların adını necə qoysalar da, həmin dövlətlər yenə də İngiltərənin nəzarətində olacaqlar".

Onu da qeyd edək ki, Londonda bu ilin mart ayında da oxşar hadisə baş vermişdi. Belə ki, martın 22 Westminster körpüsündən sürücü bir neçə nəfəri avtomobillə vurub və sonra parlament binasına yaxınlaşaraq polis əməkdaşını bıçaqlamışdı. O, digər polislər tərəfindən zərərsizləşdirilmişdi. Hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanmışdı. Həmin hadisəni də şərh edən ekspertlər əsasən “Breksit” məsələsini qabartmışdılar.

Növbəti terror aktı mayın 22-də Mançesterdə tanınmış amerikalı müğənni Ariana Qrandenin konsertində törədilmişdi. Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partlamış, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölmüşdü. İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26