Interposta.Info

Erməni baş nazirdən aprel məğlubiyyəti ilə bağlı

Dünya
 2-03-2017, 20:18     525

Erməni baş nazirdən aprel məğlubiyyəti ilə bağlı

Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı 2016-cı ilin aprel müharibəsi ilə bağlı şok açıqlama verib.

interposta.info cebhe.info-ya istinadən xəbər verir ki, baş nazirin Ermənistanın ötənilki məğlubiyyətinin səbəbləri barədə söylədiyi fikirlər ölkədə siyasi rezonans doğurub.

Karen Karapetyanın sözlərinə görə, aprel müharibəsi günlərində Ermənistan ordusunda dizel yanacağı çatışmayıb. Bu səbəbdən də hərbi texnikadan istifadə etmək mümkün olmayıb: “Dizel yanacağına kerosin qatılır və nəticədə keyfiyyətsiz yanacaq alınır. Baş verənləri xəyanətdən başqa cür adlandırmaq olmaz. Çünki belə fırıldaqların ucbatından hərbi texnika işləməyib, nəticədə çoxsaylı insan tələfatı baş verib. İndi sual yaranır, bu vaxta qədər nə üçün bu məsələ ilə bağlı cinayət işi açılmayıb? Ümumiyyətlə, buna görə kim cavabdehlik daşımalıdır? Hər halda Serj Sarkisyan hələ ali baş komandan olaraq qalır, həmin dövrdə müdafiə naziri olan Seyran Ohanyan müxalifətə keçib, fəaliyyətdə olan müdafiə naziri Viqen Sarkisyan isə şəxsi piarı ilə məşğuldur”- baş nazir belə deyib.

Karen Karapetyanın qeyd edilən açıqlaması əslində bir neçə hədəfə siyasi zərbə endirməyə istiqamətlənmiş gediş hesab oluna bilər. Son vaxtlar Serj Sarkisyanla münasibətləri gərginləşən baş nazirin prezident kürsüsünə iddialı olduğu deyilir. O, ali baş komandanı ordudakı maxinasiyaya göz yummaqda ittiham etməklə aprel müharibəsindəki məğlubiyyətə görə Sarkisyanın məsuliyyət daşıdığını sübuta yetirməyə çalışır. Yəni, K.Karapetyanın dediyi faktlar daha çox ictimai rəyə hesablanıb. Hakim Respublikası Partiyası aprel ayında keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə, Kremlin adamı sayılan baş nazir vəzifəsinə yenidən Karen Karapetyanın namizədliyni irəli sürəcəyini bəyan edib. Serj Sarkisyanın bu addımı hakim siyasi elita daxilində özünün əsas rəqibini zərərsizləşdirməyə, digər tərəfdən isə Rusiyanın siyasi dəstəyini qazanmağa xidmət edir. Ancaq baş nazirin son açıqlamaları onun Sarkisyanla münasibətlərindəki soyuqluğun aradan qalxmadığına işarədir. Əksinə, baş nazir getdikcə daha iddialı təsir bağışlayır. Bu baxımdan, Karen Karapetyanın digər hədəfi seçkilərdə əsas siyasi fiqurlardan biri sayılan sabiq müdafiə naziri Seyran Ohanyandır.

Qeyd edək ki, Seyran Ohanyan hazırda Qarabağ klanının lideri sayılan Serj sarkisyanın əsas alternativi hesab olunur. Parlament seçkilərində S.Ohanyanın liderlik etdiyi siyasi blok qalib gələrsə və ya ikinci yeri tutarsa, o zaman keçmiş müdafiə naziri 2018-ci ildə səlahiyyət müddəti başa çatacaq prezident Sarkisyandan sonra hakim Qarabağ klanının liderinə çevrilə bilər. Karen Karapetyanın isə Əsgəran rayonunda anadan olduğunu nəzərə alsaq, onun Sarkisyanı və Ohanyanı xəyanətdə ittiham etməsi Qarabağ klanının liderliyi uğrunda mübarizədə rəqiblərini “vurmaq” cəhdi kimi başa düşülə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26