Interposta.Info

Trampın məhv etdiyi miqrantların həyat hekayəsi -

Dünya
 31-01-2017, 19:47     575

 Trampın məhv etdiyi miqrantların həyat hekayəsi -

5 yaşlı iranlının qoluna qandal vurublar, tələbələr təhsilini davam etdirmək üçün Amerikaya buraxılmır

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişini qadağan edən qərar imzalayıb. Bu qərar ABŞ və dünyada geniş rezonans doğurub, Nyu-Yorkda vətəndaşlar hava limanında saxlanılan iki iraqlını müdafiə məqsədi ilə küçələrə axışıb. Daha sonra federal hakim Ann Donnelli fərmanın icrasını müvəqqəti məhdudlaşdıran qərar verib.

Qeyd edək ki, qərara əsasən Suriya, İran, İraq, Liviya, Somali, Yəmən və Sudan vətəndaşlarının ABŞ ərazisinə girişi 90 günlüyünə qadağan olunur, bundan əlavə, ABŞ-a həmin ölkələrdən olan qaçqınların qəbulu 120 günlüyünə dayandırılıb.

5 YAŞLI İRANLINI QOLU QANDALLI SAXLAYIBLAR

Sözügedən qərarın verilməsi ilə Amerikaya yolu bağlanan və qəribə tale ilə üzləşən çoxlu sayda insan var. Euronevs kanalı bununla bağlı maraqlı araşdırma hazırlayıb və həmin talelərin yiyələri ilə danışıb. O talelərə keçmədən öncə 5 yaşlı İran əsilli uşağın faciəsinə diqqət edək. ABŞ vətəndaşı olan, İran kökənli 5 yaşındakı bir uşaq aeroportda 5 saat boyunca qandallı saxlanılıb. Bu qalmaqalı müdafiə edən Trampın sözçüsü Spicer isə durumla bağlı aşağıdakıları deyib: “Yaş və cinsiyyətinə görə kiminsə ABŞ-a təhlükə olmayacağını düşünmək yanlış və yanıldıcıdır. Biz kiminsə bizim sərhədlərimizi aşaraq, bizə zərər verə biləcəyi zamanı bilmirik. Prezident bu an üzərində gözləmək istəmir. Bütün variantları nəzərə alırıq”.

ABŞ tərəfindən 7 ölkənin vətəndaşlarına qoyulan giriş yasağı ucbatından 4 gündə 58 nəfərin İstanbul Atatürk Aerportundan uça bilmədiyi üzə çıxıb. Həmin insanlardan bəzilərinin hekayəsini sizə təqdim edək.

VALİDEYNLƏRİNƏ BAŞ ÇƏKMƏK İSTƏDİ, İNDİ AMERİKAYA BURAXILMIR

İranlı magistratura tələbəsi Nazanin Zinouri 7 ildir ki, Cənubi Karolinada yaşayır. 20 yanvarda ailəsinə baş çəkmək üçün İrana gedib. Planı fevral ayının ortasına qədər Tehranda qalmaq idi. Amma Trampın yasaq qərarını qəzetlərdən oxuyunca dərhal ABŞ-a qayıtmağa qərar verib.



Ailəsi ona tələbə vizası olduğu üçün qorxmanın yersiz olduğunu desə də, Nazanin narahatlığında haqlı çıxdı. Hazırda iranlı tələbə Dubay aeroportundadır və qərarın geri çəkilməsini gözləyir.

Amin Karbasi - o da bir başqa iranlıdır. Yale Universitetində müəllim olan Amin Karbasi isə Tehrana ailəsini ziyarətə gedən həyat yoldaşının və yeni doğulan qızının ABŞ-a geri qayıda bilməyəcəyindən qorxur. Karbasi “Twitter” hesabında aşağıdakıları yazıb: “Bu, bizim üçün olduqca sıxıntılı bir durumdur. Ümid edirəm ki, dərhal həll olunar”.

İRANLI ETİRAZ EDİR: “ƏGƏR İRANDA DÜNYAYA GƏLMİSİZSƏ...”

Məhəmməd əl Ravi - ABŞ-da sığınma haqqına sahib olan Məhəmməd uzun illər Bağdadda fəaliyyət göstərən amerikalı qəzetçilərə tərcüməçilik edib, “əl-Qaidə” terror ucbatından ölkəni tərk etmək məcburiyyətində qalıb. Trumpın qadağası indi onu və ailəsini hədəf alır. Məhəmməd bəlkə də terrordan qaça bildi, amma özünün də dediyi kimi, 69 yaşındakı atasının bundan sonra ona baş çəkə bilməyəcəyi qorxunc bir şeydir.

İranlı şair və yazar Fatemeh 2009-cu ildə hökumətə qarşı etiraz aksiyalarında həbs edilərək ölkədən kənarlaşdırılıb. Bir neçə il İngiltərədə qaldıqdan sonra ABŞ-a köçüb. Pensilvaniya Universiteti İran dili bölümündə çalışan Fatemeh indi tərəddüdlər içindədir: bu ölkəyə gəlməklə doğru qərar verib, ya yox? Sosial media vasitəsilə paylaşdığı sözlər isə gerçəkdən üzücüdür: “Əgər İranda dünyaya gəlmisizsə, sizi ya terrorist olaraq qiymətləndirəcəklər, ya da sizə normal həyat yaşamağa icazə vermirlər. Sevdiklərinizi görmək sizə qadağan olunur”.

Yale Universitetində antropologiya üzrə təhsil alan tələbə Ali Abdi də aeroportda ilişib qalanlardandır. Əfqanıstanda araşdırma aparmaq üçün 22 yanvarda Nyu-Yorku tərk edən Ali Abdi Dubaydan ABŞ-a gəlməkdə ikən onu ABŞ təyyarəsinə buraxmayıblar. Bir daha ABŞ-a gəlib-gəlməyəcəyi, ona bu imkanın veriləcəyi isə bəlli deyil. Ali “Twitter” hesabından bu qadağaya belə etiraz edib: “Bu qadağa sadəcə Amerikada gedərək artan islamafobiyanı gücləndirəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26