Interposta.Info

“Tramp dosyesi“ni yazan

Dünya
 12-01-2017, 18:11     596

“Tramp dosyesi“ni yazan

"The Daily Telegraph" yazır ki, Donald Tramp barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra "həyatnın təhlükədə olmasından narahatdır"

Məqalədə deyilir ki, adının tezliklə açıqlanacağını hiss edən 52 yaşlı Kristofer Stil Surreydəki evindən qaçıb.

Cənab Stilə yaxın çevrələrdən mətbuata bildirilib ki, keçmiş casus Moskvanın intiqamından qorxur.

"The Telegraph" yazır ki, Kremlin ABŞ seçkisində Tramp-n qalib gəlməsi üçün seçkini təsirləndirdiyini iddia edən 35 səhifəlik sənədi hazırlamış cənab Stil Londonda mənzillənmiş Orbis Business Intelligence Ltd firmasının həmtəsisçilərindən biridir.

Bu sənəddə iddia edilir ki, Rusiyanın təhlükəsizlik xidmətləri Trampı şantaj etmək üçün materiala malikdirlər. İddialardan biri də budur ki, Tramp Moskva mehmanxanasında Barak və Mişel Obamanın yatdığı çarpayını "murdarlamaları" üçün fahişələrə pul ödəyib.

"The Telegraph" yazır ki, britaniyalının araşdırmalarını əvvəlcə anti-Tramp respublikaçılar, sonradan isə demokratlar maliyyələşdiriblər.

Cənab Tramp dosyedəki iddiaları "saxta" adlandırıb.

Məqalədə deyilir ki, 1990-cı illərdə Moskvada Britaniyanın Məxfi Kəşfiyyat Xidməti üçün casusluq etmiş Stil Surreydəki evini tələm-tələs tərk etməzdən əvvəl pişiyini qonşusuna tapşırıb və "bir neçə günə" qayıdacağını deyib. Onun arvadının və uşaqlarının da evdə olmadıqları xəbər verilir.

"The Telegraph" yazır ki, keçmiş casus Moskvadakı mənbələrindən Trampın Kremllə əlaqələri barədə yığdığı məlumatları jurnalistlərlə paylaşmaqla təhlükəli oyuna girib.

Məqalədə deyilir ki, bir neçə məruzədən ibarət toplam 35 səhifəlik bu dosyenin mövcudluğu ABŞ jurnalistlərinə son 6 ay ərzində sirr deyildi, lakin FTB tərəfindən Obama və Trampa təqdim olunmuş iki səhifəlik icmalın bu sənəddən çıxarış olduğu bilindikdən sonra dosye əhəmiyyət kəsb edib. Bu barədə məlumatı ilk dəfə olaraq CNN vermişdi. Bu məlumatda bildirilirdi ki, dosye keçmiş Britaniya casusu tərəfindən tərtib edilib.

"The Telegraph" yazır ki, bəzi məlumatlara görə cənab Stil 20 il müddətində MI6 üçün Moskvada casus materialları toplayıb.

2009-cu ildə MI6-dakı xidmətini başa çatdırdıqdan sonra cənab Stil özünün biznes partnyoru Kristofer Barrousla Orbis Business Intelligence Ltd firmasını qurub.

Şirkətin internet saytında deyilir ki, firma "Britaniya kəşfiyyatının keçmiş peşəkarları" tərəfindən yaradılıb.

58 yaşlı cənab Barrous Orbisin sözü gedən dosyeni tərtib edib-etməməsi barədə xəbəri nə təsdiq, nə də təkzib edib.

Cənab Tramp özünün Nyu-York-dakı Trump Tower iqamətgahında keçirilən ilk mətbuat konfransında media üzərinə hücumu ilə yadda qalıb. O CNN-i "saxtakar", Buzzfeed saytını "zir-zibil qalağı", BBC-ni isə "daha bir gözəlçə" adlandırıb.

Bununla yanaşı Donald Tramp müxbirlərin onun Moskva ilə maliyyə və başqa sövdələşmələrinə dair sualını cavabsız buraxıb (musavat.com).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26