Interposta.Info

Azərbaycan vətəndaşları hansı ölkə və şəhərlərə səfər edə bilirlər?

---
 20-02-2021, 10:03     107

Azərbaycan vətəndaşlarının Türkiyəyə hazırda etdiyi səfərlər daha çox müalicəvi və işgüzar məqsədlər daşıyır.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən sərhədlər bağlandığı üçün 2020-ci ilin mart ayından iyul ayına qədər heç bir istiqamətə səfər etmək mümkün olmayıb:

"İlk uçuşlar məhz qardaş Türkiyəyə açıldı. Bu uçuşlar xüsusi reyslər olsa da, hər zaman olduğu kimi bizim vətəndaşlar üçün ən populyar istiqamət olaraq qalır".

G.Qəhrəmanov qeyd edib ki, hazırda Bakıdan İstanbula, Ankaraya və İzmir şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir. Bu şəhərlərdən də Türkiyənin istənilən şəhərinə səfər etmək imkanı var.

O, yay aylarında Antalya və Bodrum istiqamətlərinə də birbaşa uçuşların başlayacağına ümid etdiyini söyləyib:

"Bu aydan etibarən Rusiyaya Azərbaycan vətəndaşları səfər edə bilərlər. Bunun üçün COVİD-19 testinin neqativ olması kifayətdir, əlavə icazələrin alınmasına artıq ehtiyac yoxdur. Bir ilə yaxındır ki, vətəndaşlarımızın Rusiyaya səfər etməsi yalnız xüsusi icazələr və ya yaxın qohumluq əlaqələri nəticəsində mümkün olurdu. Bu aydan etıbarən bu qadağalar aradan qaldırılıb. Bu istiqamətdə də canlanma müşahidə olunur".

G.Qəhrəmanov hazırda Belarusun Minsk şəhərinə də uçuşların olduğunu nəzərə çatdırıb.

Assosiasiya sədrinin sözlərinə görə, COVİD-19 testi neqativ çıxmış vətəndaşların Minsk şəhərinə səfər etmək imkanı var:

"Lakin qeyd etmək istəyirəm ki, COVİD-19 pandemiyası səbəbindən bir çox istiqamətlərə uçuşlar hələ də bağlı olaraq qalır və bu vəziyyət bir müddət davam edəcək. Bu da turizm sektorunun tam işə başlamasında çətinliklər yaradır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26