Interposta.Info

Partiyasını bağlayan siyasətçilər nə iş görür?
 

Siyasət
 27-07-2023, 09:27     227

Azərbaycanda partiya bolluğu idi. Adı olub, özü olmayan xeyli partiya vardı ki, bir neçə ay öncə qüvvəyə minən yeni "Siyasi partiyalar haqqında” Qanunun tələbinə uyğun olaraq, fəaliyyətlərini davam etdirə bilmədilər.

Qeydiyyat üçün 5000 nəfər üzv tələbindən və digər tələblərdən sonra 31 partiya özünü buraxdı.

Düzdür, həmin partiyaların əksəri formal idi, ancaq bir çoxu vardı ki, rəhbərlərinin yeganə işi formal da olsa siyasi fəaliyyətlə, partiya sədrliyi ilə məşğul olmaq idi.

Bağlanan 31 partiyanın liderlərinin gələcək planları nədir? Onlar qeydə alınmış hansısa siyasi partiyada fəaliyyətlərini davam etdirəcəklərmi?

Bu ilin mart ayında hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul edən Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu Abutalıb Səmədov "Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Azərbaycanda böyük partiyaların yaranmasına ehtiyac var. Keçmiş partiya sədri partiyaların birləşmək marağında olmadığına diqqət çəkdi: "Xalqın ciddi dəstəyi olmadığına görə partiya fəaliyyətini davam etdirmək və görüntü yaratmaq məqsədəuyğun deyil. Partiya fəaliyyətini dayandırdıqdan sonra Alyans Strateji Araşdırmalar Mərkəzini yaratdıq. Bundan sonra siyasi ekspert kimi fəaliyyət göstərəcəyəm, siyasi fəaliyyətlə məşğul olmayacağam. Gələcəkdə Azərbaycandakı vəziyyətdən asılı olaraq planlar dəyişə bilər. Aktiv siyasi fəaliyyətə meylli insanlar qüvvələri birləşdirib ciddi siyasi partiyalar yaratmağa ehtiyac olduğunu dərk etsələr, bu prosesdə iştirak edə bilərik”.

Qeyd edək ki, Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 1994-cü ildə qeydiyyata alınıb. Partiyanın sədri Abutalıb Səmədov Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaradılmasında fəal şəkildə iştirak edib və AMİP-in Sumqayıt şəhər təşkilatının sədri olub. O, 1993-cü ilin mayında yaranmış fikir ayrılıqlarına görə AMİP-i tərk edib və ANAP-ı yaradıb.

Fəaliyyətinə xitam verilən partiyalardan biri də Aydınlar Partiyasıdır. Aprel ayında keçirilən qurultayda mövcud geosiyasi və siyasi-hüquqi reallıqlar nəzərə alınmaqla partiyanın fəaliyyətinə xitam verilməsi məqsədəuyğun sayılıb. "Siyasi partiyalar haqqında” Qanuna və partiyanın nizamnaməsinə uyğun olaraq Aydınlar Partiyasının ləğv olunması və partiyanın dövlət reyestrindən çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edilməsi qərara alınıb.

Aydınlar Partiyası 2008-ci ilin dekabrında təsis olunub və 2009-cu ilin noyabrında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Partiyanın sədri sabiq millət vəkili, Azərbaycan Respublikasının Prezidentliyinə namizəd olmuş Qulamhüseyn Əlibəyli bildirib ki, heç bir partiyanın üzvü olmağı düşünmür: "Yeni partiya yaratmaq barədə də düşünmürəm. Əgər belə ehtimal olsa idi, əvvəlki partiyanın fəaliyyətini dayandırmasına razı olmazdım. Hazırda fəaliyyətimi siyasi fəal kimi davam etdirirəm”.

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov isə bundan sonra siyasi fəaliyyətlə məşğul olmayacağını bildirib: "Azərbaycan Həmrəylik Komitəsi” İctimai Birliyini təsis etmişik. Gələcəkdə siyasi fəaliyyətlə məşğul olmaq fikrim var. Böyük partiyaların yaradılması fikrinə müsbət yanaşıram".

Milli Həmrəylik Partiyası və ya qısaca MHP 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılmışdı. 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən partiya ötən ay özünü buraxdı. 2013-cü ildən partiyanın sədri Əlisahib Hüseynov idi.

Ötən ilin avqustunda qeydiyyata alınan Yeni Yol Partiyası isə aprel ayında özünü buraxdığını elan etdi. Partiyanın sədri Ramil Hüseynov gələcək fəaliyyəti ilə bağlı bunları deyib: "Mən öz siyasi fəaliyyətimi dayandırmamışam, sadəcə bir formatdan digər formata keçid alıb siyasi xəttimizi, ideologiyamızı davam etdirəcəyik. Hazırda ”Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin sədriyəm. Həm ölkədəki siyasi reallıqları, həm də regiondakı reallıqları nəzərə alaraq siyasi istəklərimizi daha çevik həyata keçirmək üçün kollegial olaraq bu qərarı vermişik. Partiya olaraq silahdaşlarımla yeni təşkilatda öz prinsiplərimiz uğrunda mübarizə aparacağıq. Bizim məqsədimiz dövlətimizə və millətimizə xidmət olub, bundan sonra da o məqsədlər uğrunda öz təşkilatımız çərçivəsində xidmətlərimizi davam etdirəcəyik. Heç bir partiyada təmsil olunmaq niyyətində deyiləm. Təmsil olunduğum təşkilat partiyalardan heç bir kriteriyalara görə geri deyil, hətta deyərdim daha irəlidir. Siyasi partiyalar çox təəssüflər olsun ki, özünü doğrulda bilmədi, halbuki siyasi partiya ölkənin siyasi dayaqlarının möhkəmlənməsində xüsusi rolu olan bir təşkilatdır, amma biz siyasi partiyaları o müqəddəs rolda görmədik, gələcəkdə siyasi düşüncələrdə və təfəkkürdə siyasi partiyalarla bağlı həm cəmiyyətdə, həm də siyasi partiyaların özündə müsbət dəyişiklik olsa, onda yenidən biz qərarımıza baxa bilərik. Bugünkü reallıqları qiymətləndirəndə yeni formatda və adda fəaliyyətimizi davam etdirmək məqbuldur".


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26