Interposta.Info

Siyasi meyitin dirilmə cəhdi: Vardan Oskanyan yenidən sərsəm bəyanatları ilə gündəmə gəldi - FOTO

Siyasət / Manşet
 10-07-2023, 08:22     206

Ermənistanın təlatümlü və acınacaqlı siyasi mühitində canlanma baş verib. Keçmiş XİN başçısı Vardan Oskanyan gurultulu bəyanatlarla siyasi meydana yenidən qayıtmaq istəyini açıq-aşkar bəyan edib. ABŞ-də yaşayan siyasi meyit Oskanyanın dirilmə cəhdi bu ölkənin Ermənistandakı səfiri Kristina Kuinin “Vaşinqton hesab edir ki, Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan daxilində təmin oluna bilər” bəyanatından sonra baş tutub. Açıqlamalarına “Bugünkü şəraitdə Dağlıq Qarabağın Azərbaycanın tərkibində asanlıqla mövcud ola biləcəyini söyləmək, məncə, anlaşılmazlıqdır. Baxın, belə bir sualın müzakirəsini belə istisna etmək lazımdır” fikirləri ilə başlayan Oskanyan sonradan “qızışaraq” baş nazir Paşinyanı səriştəsizlikdə ittiham etməyə, hakimiyyətə qayıtmaq arzusunda olduğunu dilə gətirməyə başlayıb. Nəinki Oskanyanın, Ermənistandakı digər siyasi meyitlərin də 2020-ci il müharibəsindəki ağır məğlubiyyətdən sonra ara-sıra açıqlama verərək siyasətə qayıtmaq arzusunda olduqları, problemi həll edə biləcəkləri barədə vədləri zaman-zaman erməni KİV-lərində yer alır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.



Vardan Oskanyan hakimiyyətə təklif edib ki, “Dağlıq Qarabağ üzrə danışıqlar aparan şəxslər qrupu formalaşdırsın və ona lazımi səlahiyyətlər verilsin”, nəticədə danışıqlardakı mövcud vəziyyət 2-3 ay ərzində kəskin şəkildə dəyişəcək. Özü də bu qrupa rəhbərlik etməyə hazır olduğunu bildirib. Dolayısı ilə, Oskanyan yenidən siyasi arenaya qayıtmaq, XİN rəhbəri olmaq arzusundadır. O əlavə edib ki, Paşinyana Qarabağ mövzusunda danışmağa icazə verməmək lazımdır. Çünki, onun danışmağa davam etməsi yeni müharibə ilə nəticələnə bilər. Bununla da Oskanyan erməni cəmiyyətini yeni müharibə ilə qorxudub.

Erməni cəmiyyətinin müharibə qorxusunu bilən keçmiş diplomat bu “sarı sim”ə toxunmaqda davam edib: “Deyirlər ki, müharibə qaçılmaz idi. Yox, məhz Paşinyan öz səhvləri ilə müharibəyə səbəb oldu”. Bu fikri ilə də Oskanyan müharibədə sırf Paşinyanın günahkar olduğunu, əgər o olmasaydı guya status-kvonun davam edəcəyini qabartmağa çalışıb. Peşəsi diplomat olsa da, görünür diplomatiyadan naşı olan Oskanyan Azərbaycan Prezidentinin müharibədən əvvəlki illərdə dəfələrlə səsləndirdiyi bəyanatlardan, Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etməyə hazır olması barədə çıxışlarından bixəbərdir. Göründüyü kimi, Oskanyanın çıxışları əsasən iki tezis üzərində qurulub: “Müharibə olacaq və mən daha yaxşı rəhbər ola bilərəm”.



Yaxşı, gəlin görək bu sərsəmləmələri səsləndirən Vardan Oskanyan kimdir? 1998-2008-ci illərdə Ermənistanın XİN başçısı olan bu şəxsin adı həm də qalmaqallı və kompromatlarla dolu siyasi xadim kimi tarix səhnəsinə düşüb. Hazırda ABŞ-də yaşayan və diaspora sığınan Vardanla bağlı ilk qalmaqal 2010-cu ildə üzə çıxıb. O vaxt “Huntsmann Building Products” tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətin səhmləri Tiqran Karapetyan tərəfindən Samvel Beqlaryana satılıb. Əldə edilən 1.427 milyon dollar Vardan Oskanyana “Sivilitas” fondu üçün verilib. Ermənistanın Baş Prokurorluğu isə bu pulun bir hissəsinin Oskanyan tərəfindən şəxsi məqsədlər üçün istifadə edildiyini iddia edib, cinayət işi açılıb. 2018-ci ildə Ermənistanı tərk etmək istəsə də, cinayət məsuliyyətinə cəlb edildiyi üçün sərhədi keçə bilməyib. Məlum olub ki, səbəb 2012-ci ildə haqqında çirkli pulların yuyulması ittihamı ilə cinayət işinin başlanılmasıdır. 2013-cü ildə Oskanyanla bağlı başqa bir qalmaqal olub. O dövrün baş naziri Tiqran Sarkisyan ofşor qalmaqalında Vardan Oskanyanın adını hallandırıb. Ermənistanın keçmiş XİN başçısı ilə bağlı qalmaqallar seriyası bununla da bitmir. Onun oğlu da atasının nüfuzundan istifadə edərək cinayət əməllərinə əl atıb. 2017-ci ildə Oskanyanın oğlu, 33 yaşlı Ara Oskanyan polis tərəfindən saxlanılıb.

Məlum olub ki, Ara qohumu Qrant Siradaryanla birlikdə Njde Berberyan adlı şəxsi zorla avtomobildə saxlayıblar, güc tətbiq edərək 1.5 milyon dram borcu qaytarmağı tələb ediblər. Ara Oskanyan 2013-cü ildə də davada iştirakına görə polis tərəfindən saxlanılıb. Ara 2023-cü ildə üzərinə həbs qoyulmuş əmlakın satışı ilə bağlı dələduzluqda şübhəli bilinib və barəsində cinayət işi açılıb. Yuxarıda sadalananlar Oskanyanın adı qarışan qalmaqalların sadəcə kiçik bir hissəsidir. Onun adı eyni zamanda, məlum 1 mart hadisələrində də hallanır. Yəqin ki, erməni cəmiyyəti Oskanyanın mənfur xislətindən, vəzifə imkanlarından sui-istifadəsindən xəbərdardır. Bu səbəbdən, adı kifayət qədər çirkli oyunlarda hallanan şəxsin yenidən hakimiyyət iddiasına düşməsi siyasi meyitin dirilmə cəhdindən başqa bir şey deyil. Amma yuxarıda da qeyd etdiyimiz kimi, Oskanyan ABŞ-də yaşayır. Bu ölkə erməni diasporunun güclü olduğu dövlətlərdən sayılır. Görünür, Oskanyan bu addımı ilə yeni “siyasi lider” kimi ortaya atılmaq niyyətindədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26