Interposta.Info

Nazirlərin Vaşinqton görüşü: Hansı məsələlər həll olunmalıdır?
 

Siyasət
 28-06-2023, 15:09     244

"Hazırda sülh sazişindən daha çox, ona maneə yaradan məsələlər var ki, indiki mərhələdə məhz bu əngəllər aradan qaldırılmalıdır”.

Bunu "İnterPosta"-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda başlayan görüşünü şərh edərkən deyib.

"Hər hansı bir sənəd qəbul edilməsə də, üz-üzə danışıqların keçirilməsi, bu və ya digər vasitəçinin iştirakı ilə keçirilən görüşlərdən daha yaxşıdır. Çünki bütün arqumentlər, baxışlar, problemlərin həlli yolları, səmimi şəkildə ifadə olunur. Eyni zamanda, qarşı tərəfin irəli sürdüyü arqumentlərə, onların sual və gözləntilərinə cavablar verilir. Düşünülür ki, hazırda sülh sazişindən daha çox, ona maneəçilik törədən məsələlər var. İndiki mərhələdə də məhz bu maneələr aradan qaldırılmalıdır. Bu da hər hansısa bir sazişlə həll edilməyən məsələlərdir. Məsələn, Ermənistanın öz silahlı dəstələrini Qarabağdan geri çəkməsi, separatçı rejimi maliyyələşdirməsini və beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı böhtan kampaniyasını dayandırması kimi məsələlər sülh sazişində əks olunmayıb, amma sülh prosesinə maneə törədir”, deyə Fərhad Məmmədov bildirib.

Həmsöhbətimizə görə, yaranmış vəziyyətdə siyasi qərarlar verilməlidir ki, sülh sazişinin mətni üzərində aparılan iş üçün normal şərait formalaşsın:

"Dünən axşam və bu gün səhər Qarabağ separatçıları tərəfindən həyata keçirilən təxribatlar bu maneələrin aradan qaldırılmasının nə qədər aktual oldığını ortaya qoyur”.

Qeyd edək ki, Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti danışıqlara start verilib. Danışıqların ikitərəfli formatda iyunun 29-dək davam edəcəyi bildirilir.\qanayinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26