Interposta.Info

Prezidentdən Tuğ kəndi ilə bağlı sərəncam
 

Siyasət / Manşet
 16-06-2023, 14:39     290

"Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.

Qoruğun yaradılması Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədi daşıyır.

Sənədə əsasən, Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi "Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib.

Nazirlər Kabineti iki ay müddətində Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq edəcək, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək, eləcə də Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görəcək.

Dövlət Turizm Agentliyi isə Qoruğun idarə olunmasını təmin edəcək və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycanın dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26