Şəki şəhərinin tarixi hissəsi qorunacaq -
Prezident İlham Əliyev oktyabrın 31-də “Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun çoxəsrlik tarixə malik abidələr və unikal mədəniyyət nümunələri ilə zəngin bir ərazi olduğu bildirilir. Qeyd olunur ki, son illərdə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində “Aşağı Karvansaray” Kompleksi, “Şəkixanovların evi”, M.F.Axundzadənin ev-muzeyi, qədim küçələrin bir hissəsi bərpa olunub, müəyyən abadlıq işləri görülüb.
Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil olunub.
Şəkinin turistlər üçün cəlbedici məkana çevrilməsi əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpası, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işlərinin sürətləndirilməsini şərtləndirir.
Sərəncama əsasən, Dövlət Turizm Agentliyinə üç ay müddətində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin etmək, Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı konsepsiyanın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26