Interposta.Info

İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurdu

Siyasət
 18-05-2023, 19:39     261

Parisdə fəaliyyət göstərən "ƏRK" Azərbaycan İnsan Haqları Cəmiyyəti İranın BMT-nin İnsan Haqları Sosial Forumunun rəhbər təyin olunması ilə əlaqədar bəyanat yayıb.

"Report” xəbər verir ki, sənəddə BMT İnsan Hüquqları Şurasının 2023-cü il üzrə rəhbəri üzv dövlətlərə məktub göndərdiyi bildirilib:

O, məktubunda noyabrın 2-3-də BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun Cenevrədəki mənzil-qərargahda keçiriləcəyini və tədbirə İranın BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsi, səfir Əli Bəhreynin rəhbərlik edəcəyini yazıb. İran nümayəndəsi BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun sədri təyin edilib. Bu tədbirdə postpandemiya dövrü də daxil olmaqla insan hüquqlarının qorunmasında texnologiyanın rolu araşdırılacaq. Bu məsələdə İslam Respublikası "rekord” vurub. İki gün əvvəl BMT İnsan Haqları Şurası İranda edam dalğasından dərin narahatlığını bildirib. Şuranın açıqlamasında bildirilir ki, bu il İran hökuməti orta hesabla hər həftə 10 nəfəri edam edib və bu rəqəmi "dəhşətli” adlandırıb. Şura İran hökumətindən dünyanın digər ölkələrində olduğu kimi, edamları dayandırmağı tələb edib”.

Bəyanatda vurğulanıb ki, İran dünyada öz xalqının insan haqlarını kobud və davamlı şəkildə pozmaqda ittiham olunan azsaylı ölkələrdəndir: "BMT İnsan Haqları Şurası bunun üçün xüsusi məruzəçi təyin edib. Bununla belə, İslam Respublikasının hakimiyyət orqanları xüsusi məruzəçinin İrana daxil olmasına icazə verməyiblər. "ƏRK” Azərbaycan İnsan Haqları Cəmiyyəti İran İslam Respublikası nümayəndəsinin BMT İnsan Haqları Şurasının Sosial Forumunun sədri vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı etirazını bəyan edir. Çünki İran bütün sahələrdə insan haqlarını, o cümlədən qeyri-fars millətlərin hüquqlarını pozur və Ümumdünya İnsan Haqları Xartiyasına əməl etmir. ƏRK cəmiyyəti digər hüquq müdafiəçiləri ilə birlikdə İranın İnsan Haqları Şurasının Sosial Forumuna sədrliyini ləğv etmək üçün bütün səylərini əsirgəməyəcək”.

"BMT-nin müxtəlif departamentlərinin rəhbərlərinin seçilməsi rotasiya ilə keçirilir, ona görə də bəzən seçimlər uyğun olmur. İran BMT-nin İnsan Haqları Şurasının sədrliyinə Asiyadan yeganə namizəd idi və başqa namizəd yox idi. Bu vəziyyət Rusiya ilə də bağlı baş verdi. Belə ki, ötən ay Rusiya bu təşkilatın ən mühüm orqanı olan Təhlükəsizlik Şurasının rəhbəri seçildiyindən BMT İnsan Haqları Şurasından çıxarılıb. BMT-nin "Human Rights Watch” təşkilatı bu təyinatın ləğvi üçün kampaniyaya başlayıb. İnsan haqları institutunun başına minlərlə günahsız insana vəhşicəsinə işgəncələr verən, onları edam edən bir rejimin təyin edilməsi qəbul edilə bilməz. İndi insan haqları müdafiəçilərinin 2023-cü ilin noyabrına qədər altı ay vaxtı var ki, İranı "Qadın Statusu Komitəsi”ndən çıxardıqları kimi, bu vəzifədən də uzaqlaşdırsınlar. Qeyd edək ki, insan hüquqları üzrə beynəlxalq ekspert, hüquq elmləri doktoru, yazıçı, "United Nations Watch” təşkilatının icraçı direktoru Hillel Noyer İranın BMT-nin İnsan Haqları Sosial Forumunun sədri təyin edilməsini "üzə vurulan sillə” adlandırıb: "Bizim petisiyamızı 50 mindən çox insan imzalayıb. 100 minə çatdıqda, noyabrda BMT İnsan Haqları Şurasının Forumunun açılışına qədər təyinatın ləğvi və İran İslam Respublikasının sədrlik vəzifəsindən uzaqlaşdırılması haqqında qətnaməni yayacağıq”, - sənəddə qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26