Interposta.Info

Mixail Qureviç: “İran Azərbaycanla hərbi toqquşmaya getməyəcək”

Siyasət
 28-02-2023, 11:58     205

“Siz yaxşı bilirsiniz ki, sizin regionda İran ənənəvi olaraq ermənipərəst, Ermənistan da iranpərəst mövqe tutur. Azərbaycan isə Türkiyə ilə müttəfiqdir, həmçinin İsraillə müdafiə sektoruna aid olan strateji əlaqələrə malikdir. Rusiya İranla əməkdaşlıq edir, bu əməkdaşlıq Rusiya-Ukrayna münaqişəsi çərçivəsində də davam etdirilir. Burada suallar yaranır. Bəs Rusiya Federasiyası İrandan aldığı yardımın qarşılığını necə ödəyəcək? Bəlkə, bu, təyyarələrin verilməsi olacaq? Çünki İranın keyfiyyətli hərbi hava qüvvələri yoxdur. Yoxsa bu, nüvə silahının hazırlanmasına yardım olacaq?”

Bu sözləri Oxu.Az-ın “Azərbaycan, Ukrayna və Türkiyə İsraildə şərti anti-İran koalisiyasının üzvləri hesab olunurlarmı?” sualına cavab verən israilli analitik və jurnalist Mixail Qureviç deyib.

İsrailli ekspert söyləyib ki, əgər Rusiya İrana hansısa nüvə layihəsində kömək etməklə yuxarıda qeyd etdiyimiz yardımların əvəzini ödəməyə başlasa, bu, Avropa İttifaqı və digər ölkələrin daxil olacağı geniş koalisiyanın yaranmasına gətirib çıxaracaq.

Mixail Qureviç xatırladıb ki, Aİ-nin son anti-Rusiya sanksiyalar paketinə bir neçə İran şirkəti də daxil edilib.

Siyasi şərhçi hesab edir ki, Ukraynanın indi görəsi işi, onsuz da, kifayət qədərdir və əlavə olaraq öz qüvvəsini “İran cəbhəsi”nə yönəldib orada mübarizə apara bilməz:

“Amma təbii ki, ötən ilin sonunda İranın “Şahed-136” yüngül pilotsuz uçan aparatlarının Ukrayna üçün problemlər yaratdığını nəzərə alsaq, Kiyev anti-İran koalisiyasını dəstəkləyəcək”.

Mixail Qureviç düşünür ki, Azərbaycan da anti-İran koalisiyasını dəstəkləyəcək:

“Sizin ölkənizin İranla həmsərhəd olduğunu nəzərə alsaq, hesab edirəm ki, hər şey kifayət qədər səliqəli ediləcək. Bununla belə, məncə, İran Azərbaycanla hərbi toqquşmaya getməyəcək”.

İsrailli politoloq Türkiyənin bu məsələdəki mövqeyini də təhlil edib:

“Türkiyə may ayına qədər (prezident və parlament seçkiləri keçiriləcək - red.) sırf daxili siyasi məsələlərlə məşğul olacaq. Bundan başqa, ölkə rəhbərliyi dəhşətli zəlzələdən zərər çəkmiş əyalətlərin bərpası ilə də məşğuldur. Rəcəb Tayyib Ərdoğan Türkiyənin, dünyanın olmasa da, heç olmasa, regional superdövlətə çevrilməsi üçün çox şey etdi. Türkiyə Cümhuriyyəti çətin vəziyyətdədir. Bir tərəfdən, son vaxtlar İsraillə münasibətləri yaxşılaşdırır, digər tərəfdən də İranla əlaqələrini saxlayır. Ona görə Türkiyə açıq şəkildə (anti-İran koalisiyasında - red.) bu prosesdə iştirak etməyəcək, amma Tehranın zəifləməsi onun maraqlarına cavab verəcək. Bundan əlavə, İranın hər hansı aqressiv hərəkəti olacağı təqdirdə Ankara həmişə Bakını dəstəkləyəcək. Amma dediyim kimi, İran, çətin ki, sizin ölkənizlə hərbi toqquşmaya getsin. Çünki Tehranda başa düşürlər ki, bu halda geniş koalisiya Azərbaycana dəstək verəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26