Interposta.Info

Parisin Azərbaycan düşmənçiliyi: Fransanı dosta necə çevirək?

 

Siyasət
 18-11-2022, 15:12     304

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qərar qərəzli olmaqla yanaşı, hüquqa və reallığa tamamilə ziddir. Bu mənada Senatın qəbul etdiyi qərar birmənalı olaraq qınanılmalıdır. Amma məsələnin digər tərəfi odur ki, Fransa və onun kimi addımlar atan ölkələrin Bakıya qarşı bu sayaq qərəzli fəaliyyətini neytrallaşdırmaq üçün Azərbaycan tərəfi də müəyyən qabaqlayıcı addımlar atmalıdır. Yəni, elə etməliyik ki, Fransa kimi dövlətlərin ölkəmizə neqativ münasibəti yaxşılığa doğru dəyişsin.

Bunun baş verməsi üçün görəsən hansı addımlara ehtiyac vardır?

Qaynarinfo-ya açıqlama verən QAFSAM sədrinin müavini Nazim Cəfərsoyun fikrincə, ciddi diaspora siyasəti həyata keçirilməlidir:

"Fransa da regionumuzda fəallıq nümayiş etdirməyə çalışır. Paris mövcud geosiyasi konyukturada bunu Ermənistan üzərindən etməyin daha faydalı olacağını düşünür. Bu yöndə Bakı Fransanı da müzakirələr prosesinə daxil edib. Makron Avropa İttifaqının vasitəçiliyilə Azərbaycanla Ermənistanı bir araya gətirib.

Fransa daxilində erməni lobbisinin oynadığı siyasi, iqtisadi və mədəni təsir imkanlarını ortadan qaldıra bilmərik, sadəcə məhdudlaşdıra bilərik. Azərbaycan Fransa və onun kimi düşünən digər dövlətlərin ölkəmizə münasibətdə qərəzli mövqeyinin dəyişməsinə nail olmaq üçün erməni diasporunun təsirlərini mümkün qədər zəiflətmək yolunda addımlar atmalıdır. Bu çərçivədə də spesifik olaraq Fransada, ümumiyyətlə isə dünyadakı Azərbaycan diasporunun yenidən səfərbər edilməsi yolunda bəzi addımlar atmalıyıq. Azərbaycan diasporası peşəkar şəkildə tamamən yenidən qurulmalıdır.

Digər tərəfdən, Azərbaycan və Türkiyə diasporunun ortaq fəaliyyətilə bağlı qısa, orta və uzun vadəli strateji planları olan struktur yaradılmalıdır. Bu proseslərə həmçinin Fransadakı müsəlman təşkilatları da daxil edilməlidir. Habelə, Fransa daxilindəki obyektiv davranan nüfuzlu təbəqələri də prosesə cəlb etməklə yeni bir diaspora yanaşmasının meydana gəlməsinə nail olmalıyıq. Həmçinin, Azərbaycana sərmayə yatırmaqda maraqlı olan Fransanın iqtisadi çevrələrini də həmin prosesə cəlb etməliyik. Təəssüf ki, mövcud vəziyyətdə sadaladığım istiqamətlər üzrə aparılan işlər arzuolunan səviyyədə deyil”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26