Interposta.Info

Ermənilər bölgədə ABŞ-la Rusiyanın toqquşmasına nail olmaq istəyir (ŞƏRH)

 

Siyasət
 6-09-2022, 18:55     290

Erməni politoloqu Qriqori Balasanyan Ermənistan müdafiə naziri Suren Papikyanın sentyabrın 5-də ABŞ-a olan səfərindən danışarkən bildirib ki, bu səfər ölkə üçün ciddi neqativ nəticələr yarada bilər. Balasanyan hesab edir ki, xarici siyasətin diversifikasiya vaxtı çoxdan keçib, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası ehtimalının olduğu və sərhəddə gərginliyin qaldığı bir zamanda komplementarizm yersizdir. Onun fikrincə, güc mərkəzləri arasında variasiya cəhdləri yalnız mənfi nəticələrə səbəb ola bilər.

"Müttəfiqimiz tərəfindən düzgün başa düşülməyəcəyi səbəbindən, ABŞ-a edilən bu səfər zamanının doğru seçildiyini düşünmürəm. Hansısa mərkəz və ya məmurların məsləhətilə edilən bu səfər ehtiyatsızlıq hərəkətidir”, deyə ekspert qeyd edib.

O, əmindir ki, Vaşinqtonla Moskva arasında gərginlik pik həddində olduğundan Papikyanın ABŞ görüşləri effektiv ola bilməz. Ona görə də bu səfərin heç bir önəmli nəticələri olmayacaq.

"Bu təhlükəli və əhəmiyyətsiz addım idi. Hakimiyyət Qərblə oyunun hansı neqativ nəticələr verəcəyini yaxşı bilir. Lakin buna getməklə onlar ya strateji müttəfiqin qətiyyətinə inanmır, ya da üçüncü bir tərəf onlara strateji müttəfiqinin reaksiyasının Ermənistan üçün ağrılı olmayacağına zəmanət verib”, deyə ekspert qeyd edib.


Balasanyanın fikrincə, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın Moskva səfərində Papikyanın səfəri əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Mirzoyan da sentyabrın 5-də Moskvaya səfər edib. Paşinyan isə sentyabrın 7-də Vladivostokda Şərq İqtisadi Forumunda iştirak edəcək. Əslində Balasanyanın Papikyanın ABŞ-a səfərini təhlükəli səfər kimi dəyərləndirməsi onun Moskvanın maraqlarından çıxış etdiyinə işarədir. Bununla göstərmək istəyib ki, Kreml həmin səfərə heç də yaxşı baxmır.

Ekspert həmin açıqlama ilə bir tərəfdən İrəvanı ehtiyatlı davranmağa səsləyirsə, digər tərəfdən də şimaldan əsən küləkdən qorxduğunu da büruzə verir. Digər tərəfdən, ola bilsin Balasanyan məhz Rusiyadan gələn göstəriş əsasında Papikyanın ABŞ səfəri barədə belə bir mülahizə yürütməklə həm səfərin əhəmiyyətini heçə endirmək, həm də daxildə Moskvanın razılığı olmadan belə səfərlərin Ermənistan üçün heç də yaxşı nəticələr verməyəcəyi obrazını formalaşdırmaq məqsədi güdüb.

Balasanyanın həmin fikirləri eyni zamanda, ABŞ-la Rusiya arasında hazırda dünyada gərgin olan münasibətlərin Ermənistanda da açıq şəkildə toqquşmaya gətirib çıxarmağa xidmət edən bir açıqlama da ola bilər. Bütün hallarda onun bu açıqlaması Moskvanın istəklərinə uyğundur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26