Interposta.Info

Ərdoğan və Putin görüşü: Tərəflər hansı məsələləri müzakirə edəcəklər? (ŞƏRH)

Siyasət
 27-07-2022, 19:32     237

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Ərdoğan avqustun 5-də Soçidə bu ölkənin prezidenti Vladimir Putinlə görüşəcək. Səfərin gündəliyinə Rusiya-Ukrayna müharibəsi və regiondakı digər proseslər mövzuları daxildir. Prezidentlərin "taxıl dəhlizi” ilə bağlı sazişin icrasını dəyərləndirəcəkləri gözlənilir.

Qaynarinfo-ya açıqlamasında səfəri dəyərləndirən politoloq Elşən Mirzəoğlunun fikrincə, Ərdoğanla Putin Suriya, Cənubi Qafqaz və Zəngəzur dəhlizi məsələlərini müzakirə edəcəklər:

"Ankara ilə Moskva arasında əməkdaşlığı zəruri edən məsələlər çoxsaylıdır. Bu, regional təhlükəsizlik problemlərilə yanaşı, Türkiyə ilə Rusiyanın Suriyada mövcud problemlərə münasibətdə fərqli baxışlarından irəli gəlir. Suriyanın şimalından gələn terror təhlükəsi Ankaranı bu ərazilərdə antiterror əməliyyatı keçirməyə sövq edir. Bu məsələni Ərdoğan Putinlə razılaşdırmalıdır. Putinin mövqeyi odur ki, Suriya müstəqil dövlətdir, ona görə də onun ərazisinə ancaq rəsmi Dəməşqin dəvətilə daxil olmaq olar. Ona görə də bu məsələdə razılığın əldə edilməsi Türkiyə üçün əhəmiyyət kəsb edən məsələdir”.

Ekspert düşünür ki, Ərdoğan Zəngəzur dəhlizi məsələsini də Putinlə razılaşdırmalıdır:

"Tehran görüşündə məlum oldu ki, İran Zəngəzur dəhlizinin qısa zamanda istifadəyə verilməsində maraqlı deyil. Yəni, İran öz sərhədi yaxınlığında, Türkiyənin qismində NATO faktorunun olmasını nəzərə alaraq, prosesin başlanmasına razılıq vermir. Rusiyanın da bu məsələdə mövqeyi Tehranın mövqeyilə üst-üstə düşür. Deməli, bu mənada, Ərdoğan Zəngəzur dəhlizi, onun gələcək müqəddəratı, rentabelliyi məsələlərini də bütün hallarda Putinlə razılaşdırmalıdır. Xüsusən o anlamda ki, həmin dəhlizə nəzarəti Rusiya sərhədçiləri həyata keçirəcəklər”.

Politoloq qeyd edir ki,Cənubi Qafqazda regional təhlükəsizlik məsələsi də Soçi görüşündə müzakirə edilən məslələr sırasında yer ala bilər:
"Ermənilərin tez-tez Azərbaycanla sərhəddə atəşkəsi pozması ilə bağlı Ərdoğan və Putinin müzakirə aparmasına ehtiyac var. Çünki bu, perspektivdə Bakı ilə İrəvan arasında münasibətlərə yaxşı heç nə vəd etmir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26