Interposta.Info

Zəngəzur dəhlizi: Tərəfləri kim tələsdirir?

Siyasət
 18-06-2022, 14:59     355

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forununda çıxışı zamanı Zəngəzur dəhlizinin açılması vacibliyini önə çəkdi.

"Biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular. Müharibə başa çatdıqdan sonra artıq hər kəs görə bilər ki, onlar işğal dövründə oraları necə viran qoyublar”.

Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir:"Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var”.

Belə görünür, sözügedən dəhlizin açılması üçün Azərbaycanı da tələsdirirlər. Xarici ölkələrdən kimə lazımdır həmin dəhlizin açılması?

Məsələ ilə bağlı "İnterPosta"-ya danışan politoloq Natiq Miri bildirir ki, xarici ölkələrdən Zəngəzur dəhlizinin açıqlmasında Çin və AB ölkələri maraqlıdır:"Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycana təzyiq edən xarici qüvvənin olduğunu düşünmürəm. Bu ilk növbədə Azərbaycan və Türkiyənin marağında olan layihədir. Belə bir beynəlxalq dəhlizin açılmasında ilk növbədə Çin kimi qlobal iqtisadiyyata malik ölkə maraqlıdır. Çünki Rusiyadan loqistik kommunikasiyaların keçməsi artıq problemlidir. Bu baxımdan Azərbaycan diqqəti daha çox cəllb edir. Onun nəticəsidir ki, Azərbaycandan Türkiyə və Avropaya gedən ticarət mallarının həcmi dəfələrlə artıb. İndiki vəziyyətdə həmin kommunikasiyanın açılmasında Avropa Birliyi də maraqlıdır. AB Ermənistanı blokadadan çıxarmaq istəyir. Ancaq İrəvan iki dünya gücü arasında var-gəl etməklə hələ də özünü təcrid vəziyyətinə salmaqda davam edir”. Ekspert bildirir ki, Rusiya isə indiki vəziyyətdə bu dəhlizin açılmasına elə də maraq göstərmir: "Zəngəzur dəhlizinə nəzarət funksiyası bilavasitə Rusiyanın sərhəd qoşunlarına verilib. Ancaq Rusiya üzərinə götürdüyü bu öhdəlikdən imtina edir”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26