Interposta.Info

Rusiyalı diplomatların qara günləri... Tofiq Zülfüqarovun dəyərləndirməsi

Siyasət
 6-04-2022, 17:26     424

Rusiya Ukraynada hərbi əməliyyatları davam etdirdikcə dünya güclərinin Moskvaya qarşı təzyiqləri də artan xətt üzrə inkişaf edir. Rusiya iqtisadi sanksiyalarla yanaşı diplomatik təcridlə də üzləşib. Müxtəlif ölkələrdə fəaliyyət göstərən rusiyalı diplomatlar "persona non-qrata” elan edilir. Polşa 45, Slovakiya 38, Belçika 21, Niderland 17, Litva 4, Estoniya 3, Bolqarıstan 12, Şimali Makedoniya isə 5 rus diplomatını ölkədən çıxarıb. Bundan başqa, Almaniya və Fransa kimi aparıcı ölkələr də oxşar addım atıblar. Trendə Rumınıya da qoşulub. Bu ölkə 10 rus diplomatını "persona non-qrata” elan edib.

Rusiyanın bu addımlara cavabı isə yalnız şifahi xarakter daşıyır. Siyasi ekspertlər hesab edir ki, proses davam edəcəyi təqdirdə Rusiya həmin ölkələrə cavab olaraq əməli addımlar ata bilər. Keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarlı mövzunu Qaynarinfo-ya şərh edərkən Rusiyanın da öz ölkəsindən xarici diplomatları çıxaracağını istisna etməyib:"Rus diplomatların arzuolunmaz şəxs edilməsi siyasi addımdır və məqsəd Rusiyaya onun siyasətini qəbul etmədiklərini göstərməkdir. Mümkündür ki, qarşı tərəf də eyni addımı atsın”.

Tofiq Zülfüqarov bildirib ki, baş verənlər Qərb-Rusiya qarşıdurmasının bir elementidir. Lakin politoloq bu qarşıdurmanın hərbi müstəviyə keçməsini az inandırıcı sayır. "Doğrudur, qarşıdurma müxtəlif sahələrdə baş verir və müşahidələr göstərir ki, getdikcə problem dərinləşir. Lakin bununla bağlı danışıqların olması, hansısa məsələlərin müzakirə edilməsi istisna deyil. Çünki heç kəs istəmir ki, müharibə davam etsin, yaxud da daha da dərinləşsin. Bu ağılsızlıq olardı”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26