Interposta.Info

Paşinyanın “Brüssel qorxusu”... Müxalifətin mitinqi baş naziri xilas edəcəkmi?

Siyasət
 6-04-2022, 17:20     337

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında bu gün Brüsseldə baş tutacaq görüş ərəfəsində Ermənistan müxalifəti etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Paşinyanın istefasını tələb ediblər.

Müşahidəçilər hesab edirlər ki, aksiyanın Brüssel görüşünə bir gün qalmış keçirilməsi erməni hiyləgərliyinin növbəti göstəricisidir. Ermənistan müxalifəti adətən etiraz aksiyalarını istirahət günlərinə təyin edirdi, bu dəfə isə Paşinyanın rəqibləri ənənələrini pozub və mitinqi çərşənbə axşamı təşkil ediblər.

Ehtimal etmək olar ki, Brüssel görüşündən bir gün əvvəl küçələrə axışan ermənilər Avropa Birliyinin təşəbbüsü ilə keçiriləcək görüşün təşkilatçılarına təzyiq etmək istəyiblər. Əslində bu qədər primitiv qurulan oyunun əsl təşkilatçısının elə Nikol Paşinyanın özü olduğu bəlli olur. Ermənistanın baş naziri anlayır ki, Brüsseldə ondan kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, habelə qanunsuz erməni silahlı dəstələrin Qarabağdan çıxarılması tələb ediləcək. Ölkəsində aksiyalar təşkil etməklə Paşinyan ictimai rəyin güzəştlərə qarşı olduğunu nümayiş etdirmək istəyir.

Digər tərəfdən, Brüsseldə uğurlu nəticə əldə edilərsə, Qərbin bölgədə nüfuzu güclənə bilər ki, bu da Rusiyanı heç cür qane etmir. Bu baxımdan, Brüssel görüşü öncəsi İrəvanda müxalifətin keçirdiyi mitinqin Moskvadan istiqamətləndiyini də ehtimal etmək olar. İstənilən halda, Paşinyan vaxt udmaq və görüşdə nəticənin əldə edilməməsinə nail olmaq istəyir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26