Interposta.Info

Prezident İlham Əliyev Paşinyanla görüşün şərtini açıqladı

 

Siyasət / Manşet
 28-09-2021, 20:50     6 365

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə etiraz etmədiyini bildirib.

Azərbaycan Prezidenti "France 24”ə müsahibəsində bəyan edib ki, müharibə bitib və bölgənin sabitliyə ehtiyacı var.

"Ötən həftə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü dialoqun bərpa oluna biləcəyinin və prosesin sülh yolu istiqamətində irəliləməsinin yaxşı göstəricisidir. Ümid edirəm ki, görüşlər Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin, Cənubi Qafqaz regionunda əməkdaşlığın başlanğıcı olacaq”, - deyə Prezident İlham Əliyev Fransanın "France 24” telekanalına müsahibəsində vurğulayıb.

Azərbaycan Prezidenti yanvar ayında Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə Ermənistanın Baş naziri ilə görüşmək imkanı əldə etdiyini xatırladıb.

"Bu görüş postkonflikt sonrakı əməkdaşlığa həsr olunmuşdu. Pandemiya və digər səbəblərə görə (Ermənistanın Baş naziri ilə - red.) görüşmək imkanımız olmadı. Azərbaycan heç vaxt yüksək səviyyədə dialoqdan imtina etməyib. Bu əlaqələr sualları aydınlaşdırmağa imkan verir. Bizim mövqeyimiz aydındır: münaqişə həll edilib, geriyə qayıtmağa ehtiyac yoxdur, gələcəyə baxmaq lazımdır ”, - deyə Azərbaycan lideri vurğulayıb.

Jurnalist ölkə başçısından Ermənistanın baş naziri ilə görüşməyə hazır olub-olmadığını soruşub. İlham Əliyev isə cavabında bəyan edib ki, ATƏT-in Minsk Qrupu belə bir görüş təşkil etmək təşəbbüsü ilə çıxış edərsə, buna etiraz etməyəcək./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26