Interposta.Info

Azərbaycan 10 noyabr razılaşmasından imtina etməlidir? – Politoloq

Siyasət
 13-08-2021, 10:11     582

"Azərbaycan üç ölkə arasında imzalanan 10 Noyabr sazişindən çıxmamalıdır. Əksinə, tərəfləri, xüsusən də burada daha çox məsuliyyət daşıyan Rusiyanı yola gətirməliyik ki, Moskva Ermənistana bəyannamənin şərtlərini yerinə yetirmək istiqamətində təsir və təzyiq etsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli imzalanmasından 9 ay ötməsinə baxmayaraq, 10 Noyabr razılaşmasının bir çox müddəalarının hələ də yerinə yetirilmədiyini əsas gətirməklə, Azərbaycanın razılaşmadan imtina etməsinin reallıq dərəcəsindən danışarkən deyib. Ekspert bildirib ki, indiki halda situasiya xeyli mürəkkəbdir:

"10 Noyabr razılaşması vəziyyətə aydınlıq gətirilməsi və bir sıra prosedurları önləmək baxımından çox əhəmiyyətli idi. Burada əsas məqam sazişin 4-cü bəndinin, yəni Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrinin ərazimizi tərk etməsi bəndinin, yerinə yetirilməməsiylə bağlıdır. Əksinə, rus sülhməramlılarının silahlı erməniləri gətirib Qarabağda yerləşdirmələrinin şahidi oluruq. Bununla bağlı Azərbaycan tərəfi xəbərdarlıq da edib. Rusiya sinəsini irəli verərək qoşunlarını Azərbaycana yeritdiyi kimi, zəhmət çəksin, indi də razılaşmanın şərtlərinin icrası istiqamətində addım atsın”.
Həmsöhbətimiz qeyd edib ki, Rusiya bunu etməsə, əlavə yardımçı sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi üçün BMT-yə müraciət etməliyik:
"Məsələyə emossiyasız, ayıq yanaşmalıyıq. Rusiyanın niyyətini bildiyimizdən addımlarımızı ciddi şəkildə ölçüb-biçməliyik. Amma lazım olan qətiyətli addımları da atmalıyıq”.

İrəvanın razılaşmanın 4-cü bəndinin Qarabağa deyil, Qarabağ ətrafına şamil olduğu barədə iddialarına gəldikdə, Q. Məhərrəmli düşmən ölkənin bu istiqamətdə söz oyunu oynadığı və buna ehtiyac olmadığını bildirib:

"Müharibədə vuruşan tərəflərdən biri Xankəndidə yerləşən və Ermənistanın himayə etdiyi qanunsuz erməni hərbi birləşmələridir. Bu mənada həmin silahlı birləşmələrin Qarabağı tərk etməsi istiqamətində İrəvanın söz oyununa heç bir ehtiyac yoxdur. Müharibədə iştirak edən silahlı qüvvələrin hamısı bir nəfər kimi Azərbaycan ərazisini tərk etməlidir. Bunu da təmin etmək sülhməramlı adı ilə gələnlərin əsas işidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26