Interposta.Info

Ermənistan sülh şərtlərini açıqladı - "Qarabağın statusu tanınmalıdır"

Siyasət / Paradoks
 2-07-2021, 15:58     2 645

Ermənistan son parlament seçkilərindən sonra Azərbaycanla bağlanılacaq sülh sazişi məsələsinə aydınlıq gətirməyə başlayıb.

"İnterPosta" Hit.az-a istinadən xəbər verir ki, seçkilərin qalibi olmuş “Mənim Addımım” fraksiyasının üzvü, deputat, habelə Baş nazir Nikol Paşinyanın ən etibarlı adamlarından biri olan Ruben Rubinyan ölkəsinin sazişlə bağlı fikirlərini açıqlayıb.

O deyib ki, İrəvan Azərbaycanın istədiyi və təzyiqi ilə hər hansı sülh sazişinə imza atmayacaq. Rubinyan qeyd edib ki, Ermənistan böyük məmnuniyyətlə Azərbaycanla sülh sazişi imzalamağa hazırdır, lakin bunun üçün şərtləri var: “Əsas şərt odur ki, rəsmi Bakı Qarabağ xalqının iradəsinə uyğun şəkildə Qarabağın statusunu tanımalıdır. İmzalayacağımız sazişin ssenarisi belədir ki, yalnız bundan sonra Azərbaycanın ərazi bütövlüyü tanınacaq”.

Onun sözlərinə görə, ötən il baş vermiş müharibədən sonra regionda yeni reallıq yaranıb: “Bu reallıq Azərbaycanın yenidən aqressiyaya əl atmasına imkan vermir. Bir başqa faktor isə odur ki, Qarabağda artıq rus sülhməramlıları var. Həmçinin, Qarabağın status məsələsinin açıq qalmasına dair beynəlxalq konsensus mövcuddur. Azərbaycan hər nə qədər “münaqişə bitib” desə də, problem həllini tapmayıb. Bunu Rusiya da, ATƏT-in Minsk Qrupunun üzvləri də qəbul edirlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26