Interposta.Info

Əgər Bayden “vicdanının səsi”lə hərəkət edirsə...

Siyasət
 26-04-2021, 16:07     310

Hüseynbala Səlimov

Ötən əsrin doxsanıncı illərində Türkiyə siyasətində yetərincə parlaq siyasi fiqur vardı – Məsud Yılmaz, hansı ki, kiçik fasilələrlə üç dəfə baş nazir olmuşdu. Etiraf edim ki, mən yalnız bir-iki il bundan əvvəl bildim ki, sən demə, Məsud Yılmaz milliyyətcə erməni imiş.

Güman ki, bizim tələskən-səbrsiz oxucumuz dərhal soruşacaq: biz niyə bu maraqlı detalın üstündə dayandıq?

Nə gizlədək, məsələ bundadır ki, ötən həftənin sonunda elə bir siyasi hadisə baş verdi ki, o, prinsipcə, irəlicədən ehtimal edilirdi, amma ən son ana qədər hamı düşünürdü ki, o, baş verə bilməz, çünki siyasi təhlilçilərin və politoloqların əksəriyyəti hesab edirdilər ki, özündən əvvəlki prezidentlər kimi Co Bayden də axımlı ifadələrlə kifayətlənəcək və "erməni soyqırımı” ifadəsini işlətməyəcək, çünki bunu ABŞ dövlətinin maraqları tələb edir – belə ki, Türkiyə təkcə bir NATO üzvü deyil, həm də ABŞ-ın bölgədə ən yaxın hərbi-siyasi müttəfiqlərindəndir.

Amma məsəl var ki, o şey ki, baş verməlidir, o, mütləq baş verəcək. Etiraf edirik ki, hər il ABŞ prezidentlərinin bəyanatlarına qulaq kəsilmək və "Deyəcək, ya deməyəcək?” kimi siyasi tapmacalar yormuşdu bizi.

Konqresdəki demokrat çoxluğunun son vaxtlardakı canfəşanlığı, xanım Nensi Pelosinin əldən-ayaqdan getməsi, Konqresin hələ Donald Tramp dövründə qəbul etdiyi qətnamə, Baydenin özünün vitse-prezident olarkən "erməni genosidi” ifadəsini işlətməsi böyük ümidlət üçün elə bir yer qoymurdu.
Hətta belə bir detal da kömək etmədi ki, Co Baydenin bəyanatından əvvəl BMT-nin təmsilçisi bəyan etmişdi ki, belə qərarları yalnız beynəlxalq məhkəmələr verə bilər və BMT-yə gəldikdə, o, bu məsələni şərh edə bilməz, çünki hipotetik erməni genosidinin baş verdiyi iddia olunan vaxtlarda BMT bir qurum kimi olmamışdı.

Maraqlıdır ki, Co Baydenin özü qərarından bir az əvvəl Türkiyə prezidentinə zəng etmiş və məramını ona çatdırmış, hətta NATO-nun yaxın sammitlərindən birində ikitərəfli görüş keçirməyi təklif etmişdi.

Bəs Türkiyə rəhbərliyi necə hərəkət edəcək? Bəzi politoloqlar fərz edirlər ki, Baydenin bəyanatı ABŞ-la Türkiyə arasında gərginliyə səbəb olacaq. Biz də bunu istisna etmirik, hətta güman edirik ki, Ankara ilə NATO ölkələri arasında da müəyyən soyuqluq yaranacaq. Amma burada bəzi məqamlar var.
Birincisi, Rusiya da erməni psevdo-genosidini tanıyıb, amma bu, Ankaraya Moskva ilə sıx əlaqələr qurmağa mane olmadı. İkincisi, ermənilər öz uydurmaları ilə Ankaranın siyasi və iqtisadi izolyasiyasına nail olmaq istəyirlər. Etiraf edək ki, biz erməni yalanlarının hansı nəticələrə gətirib çıxaracağını yetərincə təsəvvür edə bilmirik. Qeyd edək ki, yəhudi genosidinin (müqayisə çox qüsurlu olsa da!) tanınması Almaniyanın yenidən Avropanın ən qüdrətli dövlətlərindən biri olmasının qarşısını ala bilmədi. Əlbəttə, Türkiyəyə qarşı oynalınan bu məkrli və yalançı oyun adamı çox təsirləndirir, çünki Ankara dəfələrlə deyib ki, arxivlərini açmağa hazırdır, gəlin, araşdırın.

Amma təəssüf! O səbəbdən də Türkiyə yalançı erməni soyqırımı haqqındakı bəyanatlara bir siyasi cızma-qara kimi yanaşmalıdır, çünki onların heç bir hüquqi gücü yoxdur. Yəhudi soyqırımını Nürenberq məhkəməsi tanımışdı. Elə 21-ci əsrin digər soyqırımları ilə bağlı da qərarları müvafiq hərbi tribunallar vermişdi. Türkiyəyə qarşı qəbul edilən qərarlarınsa yalnız siyasi və geosiyasi məzmunu var. Əlbəttə, belə qərarların da qəbul olunmasına görə ancaq təəssüf etmək qalır – bəli, gəl bundan sonra inan ki, Dünyanı hüquq və prinsip idarə edir!

ABŞ-ın özünün üzərində bundan da real və böyük cinayətlər var. Ən əvvəl Amerikanın yerli əhalisinin – hinduların qırılmasını və qaradərili insanların üç əsr davam edən istismarını qeyd etmək lazımdır.

Amma bu da hələ hamısı deyil. ABŞ tarixçiləri, siyasətçiləri və diplomatları özləri də etiraf edirlər ki, İkinci dünya müharibəsində Yaponiya artıq məğlub olmuşdu və ona qarşı nüvə silahını tətbiq etməyə heç bir ehtiyac qalmamışdı. Elə o vaxtkı prezident Harri Trumen də etiraf etmişdi ki, Yaponiayaya qarşı nüvə hücumu Dünya siyasətində yeni bir eranın – ABŞ erasının başlandığını elan etmək üçün lazım idi. O səbəbdən də əgər Co Bayden geosiyasi və yaxud siyasi motivlərdən yox, guya vicdanının səsilə hərəkət edirsə, qoy, onda bunları da etiraf etsin...

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26