Interposta.Info

Azərbaycan nüvə dövləti ilə birgə hərbi təlimlər keçirəcək

Siyasət
 6-03-2021, 08:35     490

Emin Həsənli: “Pakistanın qüdrətli və döyüş görmüş ordusu var...”
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla birgə hərbi təlimlər keçirməyin vaxtı çatdığını söyləyib. Bunu o, martın 3-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edən zaman söyləyib. Hərbi ekspertlər hesab edirlər ki, iki qardaş ölkənin birgə hərbi təlimlərinin keçirilməsi reallaşacaq. Bəs dost və qardaş Pakistanla ortaq təlimlər Azərbaycana ordumuzun döyüş bacarığımızın artırılması baxımından nə verə bilər?

Hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, Pakistan Azərbaycana qardaş olan dövlətlərdən biridir. Bu ölkə hər zaman Azərbaycanın haqq işinə dəstək verib, Azərbaycanı birmənalı olaraq dəstəkləyib, bu gün də belədir: “Pakistan o ölkədir ki, Ermənistanı müstəqil dövlət kimi tanımayıb. Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Qardaş Pakistan dövləti bütün beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda Azərbaycanı müdafiə edib və edir. Qardaş Türkiyədən sonra Azərbaycana ən böyük dəstək verən ölkə Pakistandır. Bu ölkə Azərbaycanla münasibətlərində bütün sınaqlardan çıxıb, qardaşlıq münasibətlərimizi daim möhkəmlədib. 44 günlük Vətən müharibəsində Pakistan Azərbaycanın haqq işini birmənalı olaraq dəstəkləyib. Heç də təsadüfi deyil ki, Azərbaycanın şəhərlərində, rayonlarında, kəndlərində Azərbaycan, Türkiyə və Pakistanın bayraqları dalğalanırdı. Vətəndaşlar şəxsi avomobillərinə Pakistanın da bayrağını vururdu. Bu cür mənzərələrə indinin özündə də rast gəlirik.


Emin Həsənli

Yəni bütün bunlar Azərbaycanın, xalqımızın Pakistana, Pakistanın bizi müdafiə etməsinə münasibətinin göstəricisidir. Azərbaycan xalqında Pakistana çox böyük sevgi var. Bunun həm də çox böyük tarixi kökləri var, mənəvi baxımdan da əhəmiyyəti böyükdür. Azərbaycan da hər zaman dövlət olaraq Pakistanı dəstəkləyib, Pakistanın torpaq bütövlüyünü həmişə müdafiə edib, eyni zamanda qardaş ölkədə Azərbaycan dövləti tərəfindən bir sıra humanitar aksiyalar da həyata keçirilib".

Hərbi ekspert qeyd etdi ki, bizim Pakistanla iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Eyni zamanda Pakistanın hərbi sənayesi ilə Azərbaycan arsında əməkdaşlıq mövcuddur, hərbi əlaqələrimiz sürətlə inkişaf edir: “Azərbaycan gəncləri Pakistanın hərbi məktəblərində kurslar keçirblər, bu gün də belədir. Pakistanla bütün istiqamətlərdə, xüsusilə hərbi sahədə əməkdaşlığımız daha da dərinləşəcək. Pakistann Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Azərbaycana səfəri bu əlaqələrin daha da güclənməsi, şaxələndirilməsi üçün çox əhəmiyyətli səfər idi. Bu, çox ciddi hadisədir. Azərbaycan Prezidentinin cənab general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən birgə hərbi təlimlər barədə söylədiyi fikirlər Pakistanla hərbi əməkdaşlğımızın böyük perspektivinin olduğunun anonsudur. Mən şübhə etmirəm ki, Azərbaycan-Pakistan birgə hərbi təlimləri gerçəkləşəcək. Çünki ortada sıx əməkdaşlıq və iradə var”.

E.Həsənli vurğuladı ki, birgə hərbi təlimlərin keçirilməsinin çox böyük önəmi var: “Azərbaycan həm Türkiyə, həm Pakistanla birgə hərbi təlimlər keçirəcək. Bu cür hərbi təlimlər ordumuzun döyüş hazırlığını daha da yüksək səviyyəyə gətirir. Azərbaycan ordusu 44 günlük müharibədə çox böyük təcrübə əldə etdi. Bu təcrübədən də Pakistan ordusu birgə hərbi təlimlərdə şübhəsiz yararlanacaq. Yəni birgə təlimlərdə qarşılıqlı olaraq hər iki ölkənin ordusunun gücünə güc qatılacaq. Bizim ordunun müasir döyüş təcrübəsi var. Artıq bir sıra dövlətlərin hərbi dairələri bu təcrübə ilə maraqlanırlar, onu ordularında tətbiq etməyin vacibliyini bəyan edirlər. Azərbaycan dövləti və ordusu üçün müasir Pakistan ordusu ilə birgə hərbi təlim keçirməkdə maraqlıdır. Pakistanın çox böyük ordu ənənəsi var, qüdrətli və döyüş görmüş ordusu var. Bu cür ordusu və hərbi sənayesi olan ölkə ilə hərbi əlaqələrin birgə hərbi təlimlər keçirmək səviyyəsinə qədər yüksəldilməsi ordumuzun döyüş qabiliyyətini, peşəkarlığını, nüfuzunu daha da artıracaq. Bunun həm də mənəvi, ideoloji baxımdan da əhəmiyyəti olacaq.

Azərbaycan ordusu dünyanın aparıcı dövlətlərinin orduları ilə birgə təlimlər keçən ordu kimi dünyada nüfuzunu daha artıracaq. Azərbaycan silahlı qüvvələri NATO-nun da keçirdiyi bir sıra təlimlərdə zaman-zaman iştirak edib. Təsadüfi deyil ki, Azərbaycan ordusu dünyanın bir sıra bölgələrində sülhyaratma missiyalarında iştiraka cəlb edilib. Bu, bizim orduya beynəlxalq münasibətin göstəricisidir. Pakistan kimi hərbi qüdrətə malik dövlətin ordusu ilə birgə təlimlər ordumuza beynəlxalq səviyyədə diqqəti daha da artıracaq. Bu həm də Ermənistana əlavə xəbərdarlıq olacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26