Interposta.Info

YAP-ın qurultayı olmayacaq - Arzuolunmaz şəxslər isə hələ də partiyadadır...

Siyasət
 22-02-2021, 15:21     452

“Yeni Azərbaycan Partiyası qurultaya hazırlaşsaydı, bundan xəbərim olardı”.

Bu sözləri HİT.Az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev bildirib. O, partiyanın qurultay keçirəcəyi barədə yayılan məlumatın haradan qaynaqlandığından xəbərsiz olduğunu deyib.

“Bu məlumatı kimin niyə yaydığını bilmirəm. Onu bilirəm ki, YAP-ın qurultay keçirməsi üçün əvvəlcə rayon təşkilatlarının konfransları keçirilməli, qurultaya nümayəndələr seçilməlidir. Nizamnamə də bunu tələb edir. Amma hələ ki, heç bir rayon təşkilatında konfrans keçirilməyib”, - deyə Musa Musayev əlavə edib.

Siyasi Şuranın üzvü həmçinin pandemiya dövründə YAP-ın qurultayının keçirilməsinin mümkünsüzlüyünü diqqətə çatdırıb; “Koronavirus infeksiyasına görə ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Kütləvi tədbirlər qadağan edilib. Qurultay da kütləvi tədbirdir. Doğrudur, bu tədbir onlayn formada keçirilə bilər. Amma bu halda da Nizamnaməyə əməl olunmalıdır”.

YAP-ın qurultay keçirəcəyi barədə ötən il də məlumat yayılmışdı. Hakimiyyətin islahatlara başlaması hakim partiyada da yenilənməni zərurətə çevirdiyindən yaxın vaxtlarda qurultay keçiriləcəyi bildirilirdi. Lakin gözləntilər özünü doğrultmadı.

YAP hakim partiya olsa da, son illər fəaliyyəti faktiki olaraq hiss edilmir. Sanki hakim partiya iqtidardan kənar düşüb. Bu da səbəbsiz deyil. Vaxtilə YAP-ın qurulmasında müstəsna xidmətləri olan şəxslər bu və ya digər formada partiyadan uzaqlaşdırılıb. Qocaman YAP-çılar hesab edir ki, partiya bir qrup şəxs tərəfindən inhisara alınıb. Şəxsi maraqlar firqə maraqlarını üstələyib.

İslahatlar dalğası başlayanda YAP-a hökm etmək gücündə olan məmurların bir çoxu vəzifəsindən uzaqlaşdırıldı. Bu YAP-ın yaranmasında rolu olan, özlərini “Əliyevçi” adlandıran qrupun əl-qolunu açdı. Dərhal YAP-da da islahatların həyata keçirilməsi gündəmə gətirildi. Bu fikirdə olanlar hesab edir ki, xüsusilə partiyanın rəhbər qurumlarında islahatlara aparılması zərurətə çevrilib. Əslində, onların dediklərində həqiqət var. Çünki hazırda hakimiyyət üçün arzuolunmaz şəxslərin bir çoxu YAP-ın rəhbər strukturlarında təmsil olunur. Bu sırada Prezidentin keçmiş köməkçisi Əli Həsənovu, Baş nazirin keçmiş müavini Əli Həsənovu, BDU-nun keçmiş rektoru Abel Məhərrəmovu, deputat Siyavuş Novruzovu, Prezident Administrasiyasının (PA) keçmiş şöbə müdiri Fatma Abdullazadəni, keçmiş spiker Oqtay Əsədovu, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi və kürəkəni, keçmiş deputat İlham Əliyevin adını çəkmək olar.

Hazırda hətta hakimiyyətə yaxın mediada sərt tənqid olunan bu şəxslər YAP-ın İdarə Heyəti, Siyasi Şurası və Mərkəzi Nəzarət Təftiş Komissiyasında təmsil olunurlar.

Bir tərəfdən korrupsiyada, eybəcər idarəçilikdə, hətta dövlət çevrilişinə cəhddə ittiham edilən bu şəxslərin həm də hakim partiyanın rəhbərliyində təmsil olunmasının məntiqi, əlbəttə ki, başadüşülən deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26